26 Sentyabr 2023 11:10
968
ƏDƏBİYYAT

Azər Turana ünvanlanan TƏBRİKLƏR

Sentyabrın 16-da  “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi, publisist Azər Turanın 60 yaşı tamam oldu.

 

 

Xalq yazıçısı Anar: Azər Turana mənim çox böyük hörmətim var. Həm yazıçı kimi, həm tədqiqatçı kimi, həm də “Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi Azər Turan çox faydalı işlərlə məşğuldur. Azərin atası rəhmətlik İmamverdi müəllim çox dəyərli ziyalımız idi, zəngin kitabxanası vardı, araşdırmalar aparırdı, bir sözlə ensiklopedik biliklərə sahib olan bir adam idi. Azər Turan da belə bir mühitdə yetişdiyi üçün geniş dünya görüşünə malik insandır.

 

Xalq yazıçısı Elçin: Azər Turanın Azərbaycan ədəbiyyatına türk ədəbiyyatı konteksində yanaşmasının böyük əhəmiyyət kəsb etdiyini düşünürəm. Azərin atası rəhmətlik İmamverdi müəllim görkəmli bir Azərbaycan ziyalısı idi, görkəmli qələm sahibi idi, tənqidçi, ədəbiyyatşünas idi.  Mənim yadıma gəlir Azər Turanın təxminən 20 yaşı olardı, ədəbiyyatla ciddi məşğul idi, mənim özümdə də onun gənc yaşlarında mənə yazdığı məktublar var, altımışıncıların yaradıcılığına məlhəm kimi baxırdı, yanaşırdı, fikir söyləyirdi. Azərin Turan təxəllüsünü götürmək iddiası onun imkanları ilə üst-üstə düşür. O, həqiqətən öz qələmi ilə təxəllüsünü doğrultdu. Hüseyn Cavidlə bağlı onun çox maraqlı tədqiqatları var. Müasir və klassik türk ədəbiyyatı Azər Turanın əsas tədqiq obyektlərindən biridir. Azərin yaradıcılığı da gözəldir. Bu yaxında onun pyesi əsasında hazırlanmış tamaşaya baxdım. Azər Turanın 60 yaşı mənim üçün gözlənilməz səslənir. Azərin qələmi onun 60 illik təcrübəsini doğruldur, bədii, estetik, nəzəri təcrübəsinin çəkisini, sanbalını doğruldur. Təbrik edirəm, uğurlar arzulayıram.

 

Xalq yazıçısı, akademik Kamal Abdulla: Azər Turan deyəndə ilk növbədə mənim yadıma Hüseyn Cavid düşür, onun zəngin ədəbi, mədəni irsinin yorulmaz və fədakar tədqiqatçısı düşür. Azər Turan deyəndə Azərbaycan ədəbiyyatının bu günkü mənzərəsini obyektiv, son dərəcə professional şəkildə təsvir edən bir naşir, bir münəqqid düşür. Və nəhayət, Azər Turan deyəndə mənim yadıma dostluqda fədakar, dostluqda sadiq, ləyaqətli bir insan, şəxsiyyət, vətən övladı düşür. Allah Azər Turana öz ürəyincə versin və bundan sonra da ədəbi uğurları ilə bizi sevindirsin.

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı: Azər Turan mənim üçün gənc, yaraşıqlı, ağıllı bir oğlandır, hələ Neftçala şəhərində orta məktəbdə oxuyur. Azərbaycanın tanınmış ziyalısı, görkəmli alimi İmamverdi Əbilovun evindərdir hələ, mən də o evə qonaq getmişəm, Azərlə orda tanış olmuşam. Onların zəngin kitabxanasına baxa-baxa tarixdən, gələcəkdən, millətimizin taleyindən söhbət eləmişik. Gənc olmasına baxmayaraq onunla söhbətimiz tutub, maraqlı alınıb. Bundan əlavə, o, Neftçalada, mən isə Bakıda yaşadığımız dönəmdə ondan xeyli məktublar almışam, o məktublar bu gün də məndə qalır, onlar gənc bir oğlanın yox, vətənpərvər bir ziyalının ağlı ilə yazılıb. Bu gün də Azər Turan o yolu davam elətdirir. Onun ən çox bəyəndiyim tərəflərindən biri bizim tariximizin çox nadir və parlaq şəxsiyyətlərindən biri ola Əli bəy Hüseynzadə yaradıcılığını öyrənməsi, nəşr etməsi, Hüseynzadə ilə bağlı bir çox açılmamış qapıların, sirlərin açılmasına kömək etməsi, o dövrdə yaşamış bir çox ziyalı haqqında, eləcə də  Hüseyn Cavidlə bağlı, repressiya dövrünün ziyalıları haqqında yazılar yazmasıdır. Eyni zamanda Azərin son dövrdə məni ən çox sevindirən işlərindən biri “Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi göstərdiyi fəaliyyətdir. 

 

Millət vəkili, yazıçı, jurnalist Aqil Abbas: Azər Turan çox gözəl bir ziyalıdır, gözəl bir qəzet buraxır, ciddi tədqiqatçıdır. Onun Hüseyn Cavid haqqında araşdırmaları, Cavidin ailəsi ilə münasibəti, bu istiqamətdə gördüyü işlər hər adamın işi deyil. Digər tərəfdən Azər Turan çox dəyərli bir kişinin, ölkənin böyük ziyalısı İmamverdi Əbilovun oğludur. Onun evi muzeydir, onun evində Azərbaycanın bütün görkəmli ziyalıları olub. Mən də dəfələrlə ailəmlə birlikdə İmamverdi müəllimin sağlığında da, sonrakı dövrdə də bu evin qonağı olmuşam, o muzeyi görmüşəm, ziyarət eləmişəm. Bu gün Azər Turan çox maraqlı bir qəzet buraxır, indiki zamanda belə qəzet buraxmaq çox çətindir. Mən Azər Turanı təbrik edirəm, uzun ömür və işlərində uğurlar arzulayıram.

 

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli:

Azər Turan Əli bəy Hüseynzadə irsini yaxşı bilən, yaxşı araşdıran bizim böyük alimlərdən, tədqiqatçılardan biridir. Təbiət etibari ilə olduqca təvazökar adamdır, sadə, səmimi adamdır. İnsanlarla davranışı çox gözəldir. Onun hazırda rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin səhifələrindən bizim ədəbiyyatın ümumi mənzərəsinin verilməsi, mövqeyindən, düşüncəsindən asılı olmayaraq fərqli müəllifləri çap eləməsi hesab edirəm ki, Azərin öz xarakteri ilə bağlıdır. Yəni tənqidə açıqdır, bu da çox ciddi məsələdir. Bizdə təssüf ki, müəyyən mövqeyi olan adamlar yalnız iki rənglə düşünə bilir, ağ və qara. Amma Azər Turanın düşüncəsi çox plüralistdir, tolerantdır və sözün həqiqi mənasında multikultural dəyərlərə söykənir. Mənim üçün o çox qiymətli adamdır. Atası rəhmətlik İmamverdi müəllimlə doğma  münasibətimiz var idi.  Azər Turan elə bir ocaqdan çıxıb ki, onun indiki görkəmi, ədəbiyyat bilicisi olması, publisist olaraq aktual məsələlərlə bağlı yazıları, araşdırmaları hər zaman məntiqəuyğun mövqeyi ilə maraq doğurur. Təbrik edirəm, hesab edirəm ki, keçən ömrünü havayı xərcləməyib, ortada böyük əsərləri var, araşdırmaları var və bu cür insanın “Ədəbiyyat qəzeti”nə rəhbərlik etməsini də yalnız alqışlamaq olar. 

 

AMEA-nın müxbir üzvü, millət vəkili, professor Musa Qasımlı: İlk növbədə dəyərli ədəbiyyatşünas alimimiz Azər Turanı anadan ölmasının 60 illik münasibəti ilə ürəkdən təbrik edirəm, ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Azər Turan dedikdə ilk növbədə rəhmətlik İmamverdi Əbilovu xatırlayıram. Azər müəllim İmamverdi müəllimin yadigarıdır. İmamverdi müəllimi Azərbaycanda tanımayan ziyalı yoxdur. Neftçalaya kimlər gedərdisə İmamverdi müəllimin evinə qonaq düşərdi. Çox sevindiricidir ki, bu gün Azər Turan İmamverdi Əbilovun adına layiq bir övladdır, o ənənəni davam etdirir. İkincisi, Azər Turan dedikdə gözümüzün önünə böyük Hüseyn Cavid araşdırıcısı gəlir. O, böyük turançı, türkçü şair Hüseyn Cavid yaradıcılığını təhlil etmiş, monoqrafiya yazmış və hətta Hüseyn Cavid yaradıcılığının Türkiyədə tanıdılmasında böyük işlər görmüşdür.  Nəhayət, Azər Turan dedikdə gözümüzün önünə “Ədəbiyyat qəzeti”nin baş redaktoru, onu yaşadan bir şəxs, gözəl bir ziyalı gəlir. Azər Turan çox səmimi, təvazökar, sadə bir şəxsdir. Haqqında çox danışmaq olar. Mən ona bir daha uğurlar, uzun ömür, can sağlığı arzulayıram.

 

Tahir Ələkbərli: Mənin 73 yaşım var, hələ gənc yaşlarımdan yüksək və məsuliyyətli vəzifələrdə çalışsam da həmişə ədəbiyyatı izləmişəm, ədəbiyyat adına çap olunan bütün qəzet və jurnalları alıb oxumuşam. Son illər “Ədəbiyyat qəzeti”nin  inkişafı bizə Azər Turanı daha yaxından tanıtdı. Hələ Məmməd İsmayılın “Gənclik” jurnalına, Nəcəf Nəcəfovun “Azərbaycan gəncləri” qəzetinə baş redaktorluq etdiyi dönəmdə bu mətbu orqanlar əl-əl gəzirdi, nəzərə alsaq ki, o dövr internet dönəmi deyildi, amma bu gün saysız-hesabsız saytlar, sosial şəbəkələr var. Buna baxmayaraq bu gün də “Əbədiyyat qəzeti” əl-əl gəzən ədəbi mətbu orqana çevrilib. Bunun da səbəbkarı məhz Azər müəllimdir. Azər Turan milli kimliyimizi, dəyərlərimizi qoruyan tikansız bir insandır. Onu təbrik edirəm, daha böyük uğurlar arzulayıram.

 

Salam Sarvan: Azər Turanı çoxdan tanıyıram. Zərərsiz insandır. Ədəbiyyat sahəsində kifayət qədər bilgili adamdır. Son illərdə “Ədəbiyyat qəzeti” məhz onun sayəsində oxunaqlı olub. Təbrik edirəm, can rahatlığı arzulayıram.

 

Aqşin Yenisey: Məndən soruşsalar ki, bu gün milli ziyalı modeli kimdir, tərəddüd etmədən deyərəm: Azər Turan.

 

BDU-nun Filologiya fakültəsinin dekan müavini, filologia üzrə fəlsəfə doktoru Anar Fərəcov: Azər Turan deyəndə H.Cavidin həyatı, fəaliyyəti və yaradıcılığını araşdıran ciddi bir tədqiqatçı yada düşür. Onun araşdırmalari görkəmli dramaturqun yaradıcılığınin ideolojisi əsaslarının öyrənilməsi üçün mühüm mənbədir. Düşünürəm ki, Azər Turan üzərinə Azərbaycan ədəbiyyatı üçün böyük missiya götürüb. 'Ədəbiyyat qəzeti"nə redaktor olandan qəzetin səhifələri kifayət qədər zənginləşdi. Həm yazarların tanıdılması, həm Azərbaycan ədəbiyyatı ilə bağlı maraqlı araşdırmaların yer alması qəzeti keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Bu mənada, Azər Turan böyük bir işin öhdəsindən şərəflə gəlir. Onu 60 illiyi münasibətilə təbrik edirəm və yeni yaradıcılıq uğurları arzulayıram.

 

Etibar Əbilov: Azər Turan dünyanın ən yaxşı qardaşıdır. Qəlbi təmiz, saf bir insandır. Türkçülüdür, turançıdır. Turançılıq onun məsləki, amalıdır. Azər Turan öz fikrində prinsipialdır. Onun üçün göydə allah, yerdə dəyərlərdir. Digər tərəfdən Azər elə-obaya bağlı bi insandır. Son dərəcə kövrək insandır... Mən həyatda çox çətin günlər görmüşəm, onunla söhbət edəndə çox təmizlənirəm, nikbin oluram. Bir dəfə ona sual vermişdilər ki, düşmənin var? Cavab vermişdi ki, dostlarım var. Yəni Azər işığı görən, işığa can atan insandır. Bir dəfə gecə saat ikidə mənə zəng edib ki, qulaq as, sənə şeir oxuyacam. Elşad Baratın şəhidlərə həsr etdiyi şeirini oxudu və ağladı. Yəni bu qədər həssas insandır Azər. Hansısa müəllifin yaxşı bir yazısını oxuyanda onu özü yazıbmış kimi sevinir.  Zəng vurub həmin mətnlə bağlı sevincini,  təəssüratını bölüşür. Mən qardaşımı 60 illik yubileyi münasibəti ilə təbrik edirəm, uzun və mənalı illər arzulayıram.

 

Elşad Barat: İkinci Qarabağ savaşından sonra şəhidlərimiz haqqında silsilə şeirlər yazmağa başladım. Bu şeirlər beş şəhid haqqında geniş məlumat ilə yanaşı hər buraxılışda “Ədəbiyyat qəzeti”ndə çap olundu. Elə bu dönəmdə Azər Turanı yaxından tanıdım. Onun sözə, sənətə, milli dəyərlərə necə bağlı olduğunu gördüm, türkçülük, turançılıq haqqında araşdırma yazılarını oxudum. Düşünürəm ki, Azər müəllim özünü turançılığa həsr etmiş, hər daim içində dəyərlər gəzdirən, qoruyan, milli kimliyimizin mahiyyətini daim uca tutan bir ziyalımızdır. Onun qardaşı Etibar Əbilovu və atası rəhmətlik İmamverdi müəllimi düşünəndə, bu üç insanın dünayaya baxışını və ümumi fəaliyyətlərini göz önünə gətirəndə deyə bilərəm ki, Azər Turanın muzeyə çevrilmiş ata evi bu gün Azərbaycan üçün ədəbi ocaq, ədəbi pirdir. Uşaqlığı, gəncliyi o ocaqda, pirdə keçmiş Azər Turan bu gün həmin dəyərlərlə qəzet çap edir. Son illər “Ədəbiyyat qəzeti”ndə dəyərli yazıların çoxalması, ümumi səviyyəsinin inkişafı da məhz Azər Turanın əziyyətinin, zəhmətinin bəhrəsidir. 60 illik yubileyində Azər müəllimə öz istədiyi qədər ömrü öz istədiyi kimi yaşamasını arzu edirəm.