07 May 2025 13:44
173
ƏDƏBİYYAT

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
 

Zərdab və Həsən bəy Zərdabi haqqında

            Rəvayətə görə Allah-təala Yer üzərindəki xalqlara torpaq bölürmüş, hamı gəlib öz payını alır. Bizim azərbaycanlılar həmin gün yox, səhərisi gəlirlər. Allah-təala soruşur ki, niyə gec gəldiniz? Ağsaqqallar deməyə söz tapmırlar. Tanrıya cavabı bir yaşlı, ixtiyar kişi verir: "Qonağımız gəlmişdi,- deyir. Hamı susur. Allah-təalanın üz-gözünə şadlıq qonur. "Özümə saxladığım yeri sizə verirəm,deyir...

           Azərbaycanın Şirvan bölgəsindən olan Elxanə Şəmil qızı Eminova 2010-cu ildə "Azəri yurdunun övladları"  adlı kitabında yazır:

                         "Zərdab" sözünə sarı su deyilsə də, Zərdabdan olan tədqiqatçı  jurnalist Zabit Cavadov artıq sübut etmişdir ki, “Zərdab” Zər Ab  sözündən əmələ gəlib və əslində “Qızıl su” deməkdir. Babalarmız Kür və Türyan çayının bir qolu olan Qara-su vadisində məskunlaşarkən elə suyun burada qızıl olduğunu nəzərə alıb  bu yerdə məskunlaşıblar. Bu yerlər tarixən çox gözəl yerlər, meşəliklər olmuşdur. Buna sübut olaraq Zərdabın bir neçə kəndinin adına diqqət yetirək: "Ağabağı", "İsahbağı", "Lələağacı", "Qoruqbağı", "Allahqulubulağı" və s. kənd adlarının sonu məhz "bağ" və ya "ağac" sonluğu ilə bitir. Bu da sübut edir ki, Zərdab meşəliklər, yaşılıqlar içində olmuşdur.

            Zərdab rayonun gözəl olduğu üçün qədim yaşayış məskənidir. Bu rayonun ərazisi tarixlərin şahidi olmuşdur. Belə ki, böyük fateh Qızıl Arslan  dahi Nizami Gəcəvi ilə bu rayonun Əlvənd kəndində görüşmüş,  "İsgəndərnamə"ni yazmaq fikir də onda burada formalaşıb.

             Həzrəti Əli (ə) qoşunları İslam dinini yaymaq üçün bu rayonun Bıçaqçı və Yuxarı Seyidlər kəndləri ərazisində olmuş və həmin döyüşdən bu gün də yeri bilinən  “Qanlı göl" və "Üveys-Əl Qəzani" (Veys Baba) məqamları yadigar qalmışdır. . Böyük peyğəmbərlərdən olan Musa peyğəmbər Baba ilə görüşüb namaz qılmaq üçün Baba dağına qalxarkən çox ehtimal ki bu torpaqlardan keçib.

             Əlvənd kəndindəki Beyləqanlı məhəlləsi də  bu torpağın qədimliyindən xəbər verir. Mongollar Beyləqana hücum edərkən onlar (beyləqanlılar) qaçıb Əlvəndə gəlmiş və burada məskunlaşdıqları yerə Beyləqanlı adı vermişlər.

              Yuxarı Seyidlər və Bıçaqlı kəndləri arasında mövcud olmuş Bərzənd və Sultan adlı orta əsrlər şəhəri də Zərdab torpağının qədimliyini göstərir. Bu hər iki şəhər vaxtı ilə Təbriz, Dərbənd, Beyləqan, Şamaxı, Quba, Naxçıvan, Bərdə kimi qədim tarixi şəhərlərlə bir cərgədə durur, hətta balıq ticarəti üçün dayağ nöqtəsi rolunu oynamışdır.

              Zərdab həmişə ziyalı, savadlı, ağıllı, vətənsevər övladlar ilə ad qazanmışdır. Elə arasında  Zərdabı dünyanın paytaxtı adlandırılması da bunu deməyə imkan verir. Xalqımızın peyğəmbər övladı Həsən bəy Zərdabinin məhz Zərdabda dünyaya gəlməsi çox şeydən xəbər verir. Bu insan təkcə yaşadığı zamanın deyil, bu günün də böyük aydınlarından, alim, tədqiqatçı, filosof, təbiətşünas kimi hər zamanın böyük övladıdır. Onun bilmədiyi bir şey yox idi. Bu dahi şəxsiyyətin həyat və fəaliyyəti onun nə qədər böyük insan olduğunu bir daha təsdiqləyir.

              Dünyada acınacaqlı hadisələrin törədildiyini H. Zərdabi hələ  F. Engelsdən 20 il əvvəl söyləmişdir. O, 1875-ci ildə yazırdı: "... Qədim zaman meşə çox olduğundan insan onların xeyirini bilməyib. Dövlətli adamın vəliəhdi pulun qədrini bilməyib tələf etdiyi kimi, onları tələf edibdir... Bizim Qafqazda  bıçaq sümüyə dayanıbdır, yəni biz də meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlla sədası və qışda təzək tüstüsü gəlir.”

               H. Zərdabi bundan bir il sonra "Əkinçi"nin səhifəsində yazırdı: "Bizim Qafqaz vilayətinin ab-havasının dəyişilməyi məlumdur. Keçmişdə yayımız  belə isti və qışımız soyuq olmayıb. Buna ümdə səbəb meşələrin azalmasıdır."

              Lakin planetimizin müxtəlif guşələrində insanlar H. Zərdabi kimi dahi şəxsiyyətin dəyərli tövsiyələrinə bu gün də əməl etmir,təbiətdə mövcud olan təbii tarazlığı pozurlar.

              Ayrı-ayrı təbiət komponentlərinin, bioloji halların bir çox ərazilərdə pozulmasına səbəb olan hadisələr törədirlər. Biz bu zaman ancaq mənfi hallarla rastlaşır, keşiyimizdə duran, hər bir nazımızla oynayan , var-yoxunu bizə sərf edən Ana təbiətin etibarız, naqis sakininə  çevrilirik. Biz təbiətə qarşı kobudcasına müdaxilə edib, ona qarşı zorakılıq göstərməsək, təbiət hər şeyi öz axarına salar,tarazlıq müvazinətini  təmin edər.

               Görkəmli maarifpərvər, ilk azərbaycan qəzeti olan "Əkinçi"nin əsasını qoyub, onu nəşr etmiş Həsən bəy Zərdabi (nənəsi kəbirlidir)  Kəbirli elinin  bir çox məsələlərinə toxunmuş, xüsusən qəzetin səhifələrində  və başqa mətbu orqanlarda Azərbaycan kəndinin vəziyyəti, XIX–XX əsrin əvvəllərində onun sosial-iqtisadi inkişaf səviyyəsi, kəndlilərin öz feodalları ilə qarşılıqlı münasibətləri, ümumiyyətlə mülkədar-rəiyyət məsələlərinə yaxından  nəzər yetirmişdir.

             Yeri gəlmişkən, 2013-cü ildə H. Zərdabinin həmyerlisi, zərdablı Eldəniz Həsənovun bu böyük insanın anadan olmasının 150 illiyinə həsr olunmuş "Həsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” kitabında onun səcərəsindən geniş və ətraflı bəhs etmişdir.

Bu kitabda verilən “İbad bəy Məlikov Səfəralı bəy oğlu” başlıqlı yazıdakı bəzi faktı dəqiqləşdirmək istərdik. H.Zərdabinin qardaşı Səfəralı bəyinin ikinci oğlu İbad bəyin 4 qızı olmuşdur. Yəni dördüncü qızı Zeynəb əslən lənbəranlı (Bərdənin Lənbəran kəndindən olan) Əbdüləli Məmmədovla ailə həyatı qurub və Ağcabədinin Salmanbəyli kəndində Kəbirli camaatı arasında ömür sürmüşdür. Bu cəfakeş ailənin 9 övladı dünyaya gəlib. Onlar Telman, Elman , Əhliman,Fərhad, Adilə, Diləzbər, Dilavər, Dilarə hazırda Ağcabədinin Salmanbəyli kəndində yaşayırlar.

             ...Zeynəb xala  çox ötkəm, zabitəli və eyni zamanda sadə,  duyğulu, qılıqlı  insan idi. Əsilzadə olduğu hər bir hərəkətində özünü aydın göstərirdi...