AZƏRBAYCAN – ÇİÇƏKLƏR İÇİNDƏ QAYA…
Azərbaycan elə bir məmləkət, elə bir ölkədir ki, onun daşı da, qayası da, torpağı da, gülü də, çiçəyi də qızıldır. Böyük Məmməd Araz Azərbaycanı vəsf edərkən yazır:
Azərbaycan – çiçəklər içində qaya,
Azərbaycan – qayalar içində çiçək.
Mənim ruhum bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya…
Bayaq dedik axı, Azərbaycanın hər qarışı, hər yeri bir gülüstana bənzəyir. Və bu gülüstanda da həmişə digər ölkələrin gözü qalıb. Düşünüblər ki, nəyin bahasına olursa-olsun bizim məmləkətdən, bizim ölkədən bir şey qoparıb aparsınlar. Axı onlarda heç də bizim ölkədə olan yerüstü və yeraltı sərvətlər yoxdur. Elə məhz buna görə də həmişə Azərbaycana böyük dövlətlər və o cümlədən inkişaf etməkdə olan dövlətlər yağlı tikə kimi baxıblar. Amma Azərbaycan zaman-zaman öz müstəqilliyini, ərazi bütövlüyünü və eyni zamanda məmləkətini qorumağı bacarıb.
Bizim ölkəyə kim gəlirsə, hara baş çəkirsə, hara gedirsə istər-istəməz onun gözəlliyinə, qeyri-adi füsunkarlığına və təbiətinə heyran qalır. Çünki bu ölkənin həm də çox zəngin tarixi, mədəniyyəti və zəngin keçmişi vardır. Bir avropalı deyir ki, dünyada ən çox sevdiyim millət azərbaycanlılardır. Çünki mən dəfələrlə Azərbaycanda, onun paytaxtı Bakıda, Gəncədə, Şəkidə, Lənkəranda olmuşam. Hətta Naxçıvana qədər gedə bilmişəm. Bakıdakı Qız qalasına, Şəkidəki Xan sarayına, Naxçıvandakı Əlincə qalasına, Gəncədəki qədim abidələrə heyran qalmışam. Və eyni zamanda həmin abidələrə tamaşa edəndə mütəxəssislər bizi tarixin bütün incəliyi ilə tanış ediblər. Və biz tanış olandan sonra görmüşük ki, doğrudan da Azərbaycan ən qədim tarixə və mədəniyyətə malikdir.
Biz avropalılar da öz elimizi-obamızı sevirik. Bu təbiidir, ancaq başqa ölkələri gəzməklə, öyrənməklə və seyr etməklə həm də yeni bir dünyanı kəşf edirik. Mənim Azərbaycanda yaxşı dostlarım var. Onlar Azərbaycanın istehsal etdiyi və dünya şöhrətli məhsullarını mənə hədiyyə ediblər. Sizin bir «İstisu» var ey, dünyada onun analoqu yoxdur. Eşitmişik ki, həmin yerləri ermənilər işğal eləmişdilər, amma sonradan sizin İkinci Qarabağ savaşında, daha doğrusu, 44 günlük müharibədə həmin yerlər və o cümlədən işğal altında olan bütün ərazilər azad olundu. O millət böyük və gözəl xalqdır ki, onlar başqa xalqları da sevməyi bacarır, onların tarixinə, mədəniyyətinə, incəsənətinə, dininə və dilinə hörmətlə yanaşırlar. Bax, mən sizdə çox millətdə olmayan bu nadir dəyərləri, keyfiyyətləri görmüşəm. Ona görə də Azərbaycançılığa və Azərbaycana məndə böyük sevgi və hörmət var. Düşünürəm ki, bu tək məndə deyil, Azərbaycana gəlib buraları görənlər, insanları tanıyanlar hamısı sizin xalqa hörmətlə yanaşacaq. Ən azından ona görə ki, siz də bütün xalqlarla hörmətlə və məhəbbətlə yanaşırlar.
Hər millət özünün gözəl, bəşəri və dünya tərəfindən sevilən cəhətlərini bir daha dünyaya bəyan edir. Bizim millətin ən gözəl keyfiyyətlərindən və əxlaqi dəyərlərindən biri də odur ki, bizim xalq hətta düşməninə belə mərhəmətlə yanaşır, ona ağır gündə kömək edir, hətta çörək və su verir. Heç uzağa getməyək, 2023-cü il sentyabrın 19-da Qarabağda aparılan antiterror əməliyyatı zamanı Azərbaycan əsgərlərinin və ordusunun humanist addımı bütün dünyaya bir daha insanpərvərlik mesajı oldu. Çünki həmin anlarda Ermənistana axın edən erməniləri, onların qocalarının, uşaqlarının Azərbaycan əsgəri təhlükəsizliyini təmin edir, çətin vəziyyətdə olan insanlara çörək, su paylayırdı. Bu hadisələr elə erməni sakinləri tərəfindən lentə alınır və sosial şəbəkədə paylaşılırdı. Hətta bir erməni qadını deyirdi ki, biz türkləri baş kəsən, qan tökən bir millət kimi tanıyırdıq, amma Xankəndini, Xocavəndi, Əsgəranı və digər yerləri tərk edib Ermənistana gedəndə gördük ki, türklər baş kəsən, qan tökən deyil, çörək verən, hətta düşməninə belə rəhm edən bir xalqdır.
Nə yaxşı ki bu böyük bəşəri dəyərləri və insanlıq keyfiyyətləri hələ vicdanını itirməmiş bir çox ermənilər etiraf edirlər. Aydındır ki, bizim düşmən dünyada analoqu və oxşarı olmayan bir millətdir. Çünki onlar ömrü boyu azərbaycanlılardan sevgi, məhəbbət, diqqət görmüşdülər. Amma bunun müqabilində ermənilər görün bizim başımıza hansı oyunu açmadılar. İşğal etdikləri rayonlarda, qəsəbələrdə, kəndlərdə qadınları, uşaqları, qocaları qanına qəltan elədilər. Hətta vəhşilik o dərəcəyə çatdı ki, bizim əsgərləri əsir götürərkən ağaca bağlayıb üstünə benzin tökərək yandırdılar. Evlərimizi, eşiklərimizi külə döndərdilər, amma onların bu vəhşiliyindən sonra Azərbaycan ordusu, Azərbaycan əsgəri onlara mərhəmət göstərdi, yaralı, mülki əhalini xəstəxanaya apardı, müalicə elətdirdi və bundan sonra Ermənistana yola saldılar.
Bax, buna görə də bütün dünya Azərbaycanı bəşəri dəyərlərə sadiq olduğunu qəbul edir və xalqımızla razılaşırlar. Daha doğrusu, dünya görür ki, vəhşi kimdir, humanist kim. Çünki ermənilər işğal etdikləri ərazilərimizin daşını daş üstə qoymamışdılar. Amma Azərbaycan ordusu işğaldan azad etdiyi Xankəndini, Xocavəndi, Əsgəranı, Xocalını və digər yaşayış məntəqələrini elə müdafiə etdilər ki, orda bir evə, bir mənzilə belə zərər toxunmadı. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, Azərbaycançılıq ideyası min illər bundan qabaq da olub və min il bundan sonra da olacaq. Bizim xalqın əsas missiyası humanistlik, bəşəri dəyərlərə hörmət, dinlərə fərq qoymamaq, irqi ayrı-seçkilik salmamaqdır. Bax, buna görə də dünyada Azərbaycan xalqı və ölkəmiz həmişə seviləcək!
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.