07 Oktyabr 2024 13:06
1454
ƏDƏBİYYAT

Azərbaycan mədəniyyətində quyu qaza bilmədinsə... - Aqşin Yenisey yazır

Nizami, Füzuli, Nəsimi, aşıq Ələsgər filan artıq Azərbaycan xalqının təhtəlşüurudur.

Onların yazdıqları artıq yeni nəsillərə irsən keçir. Füzuli atandan oğula ötürüləndə bundan heç bir xeyir-şər universitetimizin, akademik ağsaqqallığımızın xəbəri olmur.

Klassiklərin kütləvi oxucu üçün maraqsız olmasının səbəbi də budur: müasir azərbaycanlı klassik informasiyanı ana bətnindən özüylə gətirir. Heç bir Azərbaycanlı Nizamini sonradan öyrənmir, sadəcə, təhsil ona özündəki Nizamini təkrar-təkrar oxutdurur.

Mədəniyyətin yeni ideya və formalarını isə şüur yaradır. Biz bütün sərmayəmizi təhtəlşüurumuza yatırdığımız üçün yeni mədəniyyət yarada bilmirik. Çünki şüura düşmənik.

Ümumiyyətlə, azərbaycanlı sərvətin aşağıda, altda olduğuna inanır. Neft yerin altındadırsa və onu çıxarmaq bizi xoşbəxt edirsə, mədəniyyət də şüuraltındadır, xoşbəxt olmaq üçün keçmişimizə buruq qazmaq lazımdır.

Nizami, Füzuli, Nəsimi, aşıq Ələsgər filan bizim mədəni buruqlarımızdır. Təhtəlşüurumuza qazdığımız neft quyularıdır.

Yerin altını yerin üstündən, ölüləri dirilərdən çox sevməyimizin səbəbi də budur.

Azərbaycanda mədəniyyətlə məşğul olmaq quyu qazmaq deməkdir. Hər bir akademikimizin, professorumuzun keçmişə qazıb üstündə oturduğu bir quyusu var.

Azərbaycan mədəniyyətində quyu qaza bilmədinsə, acından öləcəksən!

Şüur bizim üçün qeyri-neft sektoru kimi bir şeydir. Qeyri-neft sektorumuz nə gündədirsə, şüurumuz da o gündədir.

Biz şüurlu cəmiyyət deyilik, uzaqbaşı, gerçəkliklə yuxunun qarışığından yaranan sürreal cəmiyyət ola bilirik.

Problem milli təhtəlşüurda yox, milli şüurdadır; mövcud ola bilmədiyimiz, olmaq istəmədiyimiz yerdə.