20 Dekabr 2024 15:43
78
ANALİZ

Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır - ŞƏRH

Ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də töhfə verir. Bu əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər mühüm əhəmiyyət kəsb edir.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlərin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğulayan deputat əlavə edib: “Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamənin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” isə iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır”.

Deputat xüsusilə qeyd edib ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Bu gün ölkəmiz Cənubi Qafqazda geopolitik söz sahibidir. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Rusiya da öz növbəsində rəsmi Bakının dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşdığından xəbərdardır və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaşdır. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.

Regional təhlükəsizlik məsələlərinin də dövlətlərarası münasibətlərin vacib aspektlərindən biri olduğunu vurğulayan Əminə Ağazadə əlavə edib: “Hazırda regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib və bu, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bu baxımdan, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır. İki ölkənin münasibətlərində həm də siyasi əməkdaşlıq istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Azərbaycan ilə Rusiya arasında siyasi dialoq daim aktivdir və bu, regional və beynəlxalq səviyyədə mövqelərin müəyyənləşdirilməsinə imkan yaradır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir və bu, beynəlxalq arenada qarşılıqlı maraqların qorunmasına xidmət edir. Xüsusilə, BMT, MDB və digər regional təşkilatlar çərçivəsində Azərbaycanın və Rusiyanın mövqelərinin uyğunlaşdırılması, regionda və beynəlxalq aləmdə sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir”.

Deputat əmin olduğunu bildirib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Bu kimi əməkdaşlıq fəaliyyətləri Azərbaycan və Rusiya arasındakı mövcud və gələcək əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır. Dövlətlərarası əməkdaşlığın gücləndirilməsi yalnız iqtisadiyyata deyil, həm də humanitar və təhlükəsizlik sahələrində regionda sabitliyin və rifahın təmin edilməsinə xidmət göstərir.