10 Dekabr 2024 05:01
54
ANALİZ

Heydər Əliyevin parlaq ideyaları: Milli həmrəylik və dövlətçilik

Mahir Süleymanlı

​Milli Məclisin deputatı

12 dekabr, Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıyan bir gündür. Həmin gün xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir. Ümummilli Lider, Azərbaycanın inkişafında, milli dövlətçiliyin möhkəmləndirilməsində və xalqımızın rifahının təmin edilməsində müstəsna xidmətlər göstərmişdir. Heydər Əliyevin liderliyi Azərbaycanın hər iki tarixi mərhələsində – SSRİ dövründə və müstəqillik illərində misilsiz uğurların əldə edilməsinə şərait yaratmışdır.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi və bu, Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi altında Azərbaycanın tərəqqisinə böyük töhfə verildi. Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycan iqtisadiyyatı sürətli yüksəliş dövrünə qədəm qoydu.

Ulu Öndər Heydər Əliyev aqrar sektorda inqilabi islahatlar həyata keçirərək kənd təsərrüfatında istehsalın həcmini dəfələrlə artırdı. Sənayeləşmə prosesi sürətləndi, neft-kimya, maşınqayırma və yüngül sənaye sahələri inkişaf etdi. Azərbaycan həm SSRİ daxilində, həm də beynəlxalq arenada tanınmağa başladı. Təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət yetirilərək, Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif qabaqcıl ali məktəblərində təhsil alması təmin edildi. Bu dövrdə əldə edilən nailiyyətlər Azərbaycanın gələcək inkişafının möhkəm əsasını yaratdı.

1990-cı ildə Heydər Əliyev siyasi repressiyalara baxmayaraq, xalqın dəvəti ilə Naxçıvana qayıtdı. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildikdən sonra, blokada şəraitinin doğurduğu çətinliklərə baxmayaraq, muxtar respublikanın inkişafını və sabitliyini təmin etdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik uğrunda mübarizənin simvoluna çevrildi və Azərbaycanın milli maraqlarının qorunmasına xidmət etdi. Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda dalğalandırıldı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında” və “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olundu. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiqləndi.

1990-cı illərin əvvəllərində xalqımız çətin sınaqlarla üzləşmişdir. Ermənistanın təcavüzü, siyasi xaos, iqtisadi böhran ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdur. 1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi – Müsavat cütlüyünün hakimiyyəti dövründə dövlət idarəçiliyində təcrübəsizlik, daxili çəkişmələr və separatizm meyilləri ölkəni zəiflətmişdir. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və yenilməz iradəsi sayəsində Azərbaycan çətin vəziyyətdən çıxmağa nail olmuşdur. Beləliklə, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılmış, ölkəmiz hərtərəfli islahatlar yoluna qədəm qoymuşdur.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri isə Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edən, xalqın iradəsini ifadə edən tarixi mərhələ rolunu oynadı. Xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyev güclü dövlət quruculuğu siyasəti həyata keçirərək hüquqi, siyasi və iqtisadi islahatlara start verdi. 20 sentyabr 1994-cü il tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesində yeni bir mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəyə böyük həcmdə xarici sərmayə gətirdi və Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini gücləndirdi. Bundan əlavə, ordu quruculuğu, beynəlxalq münasibətlərdə balanslı siyasət, milli həmrəyliyin və daxili sabitliyin təmin edilməsi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas tərkib hissələrindən idi.

Müdrik siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan dövlətçiliyinin davamlı inkişafını təmin etmək üçün ölkənin gələcəyini güclü liderə əmanət etməyin vacibliyini hər zaman vurğulamışdır. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını yaxşı bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın möhkəm təməli, Heydər Əliyevin uzaqgörən və strateji siyasəti ilə formalaşdırılmışdır. Dahi liderin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişləndirilmişdir. Bu siyasət nəticəsində Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanın beynəlxalq nəqliyyat və enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmişdir. Ən əsası isə Heydər Əliyevin təməlini qoyduğu milli ordu quruculuğu siyasəti, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əsasını təşkil etmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü təmin edərək Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə həyata keçirdi. Heydər Əliyevin uzaqgörən siyasətinin əsas məqsədi Azərbaycanı güclü, müstəqil və inkişaf etmiş bir dövlətə çevirmək idi. Bu yolda cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda ən güclü dövlətə çevrildi, beynəlxalq aləmdə nüfuz qazanan və tarixi ədaləti bərpa edən bir ölkə oldu.

Ulu Öndər Heydər Əliyev, Azərbaycan dövlətçilik tarixində əbədi iz qoymuş dahi lider olaraq, uzaqgörən siyasəti və strateji qərarları ilə müasir dövlətimizin möhkəm təməllərini qurdu. Bu təməllər bu gün də ölkənin davamlı inkişafını və uğurlarını təmin edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi və siyasi gücü, qlobal miqyasda artan nüfuzu dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin bariz sübutudur. Xalqımız hər zaman Heydər Əliyevin əziz xatirəsini uca tutacaq və Onun parlaq ideyalarını gələcək nəsillərə ötürəcəkdir.