Turizmdə tərəqqi varsa, niyə Azərbaycan 71-ci, Ermənistan isə 26-cı yerdədir?
Dövlət Turizm Agentliyi bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən turistlərin sayını açıqlayıb. Bildirib ki, 1 milyon 963 min 361 xarici vətəndaş ölkəmizə gəlib.
Agentlik onu da bildirib ki, ötən ay Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb:” Bu dövrdə İrandan 17,7 min, Gürcüstandan 10,8 min, Pakistandan 7,8 min, Qazaxıstandan 7,3 min, Səudiyyə Ərəbistanından 6,9 min, Çindən 6,1 min, Birləşmiş Ərəb Əmirliklərindən 4,3 min, Özbəkistandan 4,2 min, İsraildən 3,4 min, Ukraynadan 3,4 min, Türkmənistandan 3 min, ABŞ-dən 2,6 min turist gəlib”.
Agentliyin açıqlamasında maraqlı bir məqam diqqətimi çəkdi. Deyilir ki, təkcə sentyabrda ölkəyə 235 329 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 22% çoxdur.
Maraqlı ona görə deyirəm ki, ötən gün Ermənistan rəsmi orqanları da ölkəyə gələn turistlərin sayını açıqlamışdı və orada bildirilirdi ki, 2023-cü ilin sentyabr ayında Ermənistana 260,618. turist səfər edib sentyabrda: 2024-cü ildə turist sayı 236 561 nəfərə düşüb. Yəni, 2024-cü ilin sentyabrında Ermənistana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24 057 nəfər azalıb. Sizə də o “maraqlı” məqam aydın oldumu? Deməli ermənilər təkcə sentyabr ayında ölkəyə gələn 236 561 turisti az hesab etdiyi halda , Azərbaycana sentyabrda gələn 235 329 nəfərturistin gəlişi çoxluq hesab olunur.
Yeri gəlmişkən, 2023-cü ilin 9 ayında Ermənistana 1 milyon 850 min turist səfər etmişdi. “Pasport İndeksi”nin ötən ilin martındakı reytinq cədvəlinə əsasən, Ermənistan Avropanın ən qonaqpərvər və turistik ölkəsidir, burada 135 ölkədən turistlər viza almaq üçün ən asan qaydalardan yararlanırlar.
Dünyanın ev sahibliyi edən ölkələrin ümumi siyahısında Ermənistan 26-cı yerdədir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, (2023-cü ilin yekununa görə) isə ölkəmiz turizm sektorunun inkişafına görə dünyanın 136 ölkəsi arasında 71-ci yerdədir.
P.S. İnşallah, türklər demiş, qara yollarımız açılsaydı, turizm sahəsində süni qiymət artımına son, keyfiyyətli xidmətə dəyər verilsəydi, biz də 136 ölkə arasında 71-ci yerdə qalmarıq, çıxarıq ən azında 30-cu yerə…
Əntiqə Rəşid