AZƏRBAYCANI SEVƏN, AQRAR KADR HAZIRLIĞINA TÖHFƏ VERMİŞ BÖYÜK ALİM...

Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının Ümummilli Lideri, o vaxtlar Azərbaycan KP MK-ya rəhbərlik edən Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə azərbaycanlı gənc daha keyfiyyətli ali təhsil almaq üçün respublikadan kənara oxumağa göndərilirdi. Heydər Əliyev Təhsil Siyasəti bir tərəfdən Azərbaycanın ucqar kəndlərindən olan gənclərin Sovetlər İttifaqının qabaqcıl ali təhsil müəssisələrində oxumaları, digər tərəfdən, bu gənclərin dünyaca məşhur sovet alimlərinin tələbələri,aspirantları olmaq imkanlarını yaradırdı.
Bu zaman gənclərimizin yiyələnəcək ixtisaslarının siyahısı respublika iqtisadiyyatının inkişafı üçün zəruri olan, amma o zamanlar bu sahələr üzrə Azərbaycanda mütəxəssis hazırlığı hələki mümkün olmayan ixtisaslardan tərtib edilirdi. O illərdə belə sahələrdən biri də Yerquruluşu sahəsi idi. Həmin dövrdə və ondan əvvəlki illərdə Azərbaycanda bu ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlanmırdı. Azərbaycan SSR-də bu ixtisas üzrə mütəxəssis hazırlığı Voronejdə, Moskvada təhsil almış mütəxəssislərin tədris işinə cəlb edilməsi hesabına sonralar ilkin olaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU-da) mümkün oldu...
1975-ci ildə yayı qızmar isti,qışı şaxtasız keçən Azərbaycan SSR-dən qışı sərt soyuqla müşaiyət olunan Rusiyanın Mərkəzi Qaratorpaq zonasına, Bakıdan təqribən 2000 km. məsafədə yerləşən Voronej şəhərinə oxumağa göndərildik. Gəlişimizin ilk vaxtlarında əksəriyyətimiz rus dilini akademik səviyyədə zəif bilməyimiz səbəbindən bu və ya digər problemlərlə üzləşirdik. Lakin rus millətindən olan tələbə yoldaşlarımızın isti münasibətləri, professor-müəllim heyətinin atalıq, analıq qayğıları Voroneji və orada yaşayıb işləyən insanları bizə sevdirdi, sonralar isə doğmalaşdırdı. Bu xeyirxah insanların önündə professor Zapletin V. Y. dururdu.
İkinci Dünya Müharibəsinin qanlı-qadalı günlərində belə cəbhə xəttində Azərbaycandan olan insanlara xüsusi rəğbət bəsləyən bu rus zabiti müharibədən keçən uzun müddətdən sonra da o hisslərə sadiq qalmışdı. Belə ki, Azərbaycana və azərbaycanlılara böyük hörmətlə yanaşan V.Y.Zapletin dövlətimizin kadr hazırlığı sahəsindəki bu siyasətinə diqqətlə yanaşır, gənclərimizin gələcəkdə bacarıqlı ixtisas sahibi, yüksək intelelktli ziyalı kimi formalaşması istiqamətində böyük səylər göstərirdi. Onun Azərbaycan ölkəsi üçün mühəndis-alim yerquruluşçularının hazırlan¬masında əməyini xüsusi qeyd etmək lazımdır. Professor V.Y. Zapletin yerquruluşu ixtisası üzrə dissertasiyalar müdafiə etmiş və alimlik dərəcəsi almış ilk azərbaycanlı alimlərin elmi işlərinin rəhbəri olmuşdur.
Professor V.Y.Zapletin kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə ərazilərinin kompleks təşkilinin nəzəri və metodiki əsaslarının işlənməsini, torpaq ehtiyatlarından səmərəli istifadəni və onların mühafizəsini təmin edən yerquruluşu və torpaq kadastrı işlərinin praktiki əsaslarının hazırlanmasında xüsusi xidməti olmuş sovet alimidir. Professor V.Y.Zapletinin elmi-tədqiqat işləri aqrar iqtisadiyyat elminə böyük yeniliklər gətirmişdir. Hələ keçən əsrin 70-80-ci illərindən başlayaraq sosialist yerquruluşunun modernləşdirilməsinin təşəbbüskarlarından olmuşdur. O, davamlı olaraq aqrar-sənaye komplekslərinin ərazilərinin təşkili nəzəriyyəsinin və praktikasının təkmilləşdirilməsinə dair tədqiqatlar aparır, kadr hazırlığını gələcəyin tələblərinə uyğunlaşdırırdı.Zəngin torpaq, iqlim potensialına malik olan Sovetlər İttİfaqında landşaft əsaslı ərazi planlaşdırmasının konseptual əsaslarına ilkin olaraq məhz onun elmi əsərlərində rast gəlinir.
Professor V.Y.Zapletinin müəllifi və həmmüəllifi olduğu dərsliklər, dərs vəsaitləri keçmiş SSRİ məkanında mühəndis -yerquruluşçularının hazırlığı ilə məşğul olan ali təhsil ocaqlarında istifadə edilirdi.
“Zapletin yerquruluşu məktəbi”nin azərbaycanlı müdavimləri sonradan müasir müstəqil respublikaımızda torpaq islahatının müvəffəqiyyətlə həyata keçirilməsində yaxından iştirak etdilər. Onlar Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ,Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunda yerquruluşu və torpaq kadastrı istiqaməti üzrə mütəxəssis hazırlığında, İqtisadiyyat Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində, keçmiş Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, digər dövlət orqanlarında ölkəmizin təbii sərvətlərindən, o cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə dair dövlət əhəmiyyətli proqramların hazırlanmasının və həyata keçirilməsinin bilavasitə iştirakçıları oldular. Bu gün həmin məzunlar arasında 1professor,2 elmlər doktoru, 3 elmlər namizədi,1 general vardır.
Ali təhsil illərini Voronej şəhərində keçirən bir azərbaycanlının təqribən yarım əsr sonra bu böyük şəxsiyyəti yad etməsi onu göstərir ki, böyük insanlar təkcə öz millətinə yox,bəşəriyyətə məxsusdurlar.Ona görə də, professor Zapletin V.Y. kimi insanlar ölmürlər,onlar əbədiyyata qovuşurlar, xeyirxah əməlləri ilə nəinki millətinin,hətta digər millətdən olan insanların qəlblərində öz heykəllərini ucaldırlar.
Yaxşı xatırlayıram, keçən əsrin 90-cı illərinin əvvəlində (ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv işğalı zamanı) professor V.Zapletin öz bəşəri borcuna sadiq qalaraq erməni tələbələrinin də iştirak etdiyi mühazirə auditoriyasında Ermənistanın işğalçı dövlət olduğunu demiş, Qarabağ torpaqlarının Azərbaycan Respublikasına aid olduğunu bəyan etmişdir. Doğrudur,erməni əsilli birisinin rəhbərlik etdiyi institut partiya komitəsində professor Zapletinin “məsələsinə baxıldı”,amma onun alim nüfuzu, çoxminlik kollektiv içərisində qazandığı haqlı insan imici erməni partkomun qarayaxmasını heçə çıxardı...
Bu gün müzəffər Ali Baş Komandan, cənab prezident İlham Heydər oğlu Əliyevin iradəsi,şəhidlərimizin canı-qanı, qazilərimizin sağlamlığı hesabına torpaqlarımız ağı düşməndən azad edilib, ölkəmizin sərhədləri daxilində dövlətimizin suverenliyi tam təmin edilib, yurdlarından didərgin düşmüş soydaşlarımız öz ata-baba ocaqlarına qayıdırlar. Millətindən asılı olmayaraq öz yurdlarında firavan yaşamağın insanlara tanrıdan verilən haqq olduqlarını anlayan hər bir kəs bu günü 30 ildən artıq müddət ərzində səbirsizliklə gözləyirdi. Və, nəhayət o gün gəldi.....Bu gün professor Zapletinin də ruhu bir bəşər övladı kimi şaddır.
Bu yazının müəllifi keçən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə respublikadan kənarda ali təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərdən biri, 1975-1980-ci illərdə o vaxtki Voronej Kənd Təsərrüfatı İnstitutunda (VKTİ) (indiki Voronej Dövlət Aqrar Universiteti ) yerquruluşu fakültəsinin tələbəsi olmuş, 1981-1984-cü illərdə orada məqsədli aspiranturada əyani təhsil almış, kənd təsərrüfatı elmləri doktoru, professordur.
Bir qrup azərbaycanlı gənc tədqiqatçının tələbəlik illərində və aspiranturada oxuduğu zaman yüksək qayğı göstərmiş, yazdığı dissertasiya işinə rəhbərlik etmiş, VKTİ-nin yerquruluşu və torpaq kadastrı kafedrasının uzun illər kafedra müdiri olmuş, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Zapletin Vladimir Yakovleviçin bu il anadan olmasının 100 illik yubileyidir. Azərbaycanda aqrar sahə üzrə bir qrur gənc alimlərin yetişməsində əvəzsiz xidməti olan Y.V.Zapletinin işıqlı siması onun yetirmələrinin qəlbində daim yaşayacaq.
Ramiz QULİYEV,
Kənd təsərrüfatı elmləri doktoru, professor
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
