16 Dekabr 2024 09:55
386
MƏDƏNİYYƏT

Balaban ustası Kalvalı Əli Kərimovun 150 illik yubileyi keçirildi - FOTOLAR

14 dekabr 2024-ci il tarixində Ağsu rayon Mədəniyyət sarayında Ağsu rayon  İcra Hakimiyyətinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı, “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin dəstəyi ilə görkəmli zurna-balaban ustadı Əli Kərimovun 150 illik yubileyi münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndəsi, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəks havalarının müəllifi,  görkəmli el sənətkarlarından ibarət ifaçılar nəslinin ustadı Əli Zülfüqar oğlu Kərimovun- Kalvalı Əli dədənin həyat və yaradıcılığından danışaraq, onun ölkənin ən mötəbər tədbirlərinin, səhnələrinin bəzəyi olan sənətkar, el şənliklərinin, toy mağarlarının ən əziz, ən arzulanan qonağı sayılmasını,  keçirdiyi yığıncaqların söz-söhbətinin aylarla dillərdə dolaşmasını vurğuladı və ustadın sənətini ulu Şirvanı qədim Türk dünyası ilə birləşdirən ahəng körpüsü adlandırdı.   

Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirə təşrif gətirmiş qonaqları salamlayaraq Dövlətimizin milli sərvətlərimizə, mədəniyyətimizə yüksək dəyər verməsindən, Əli Kərimov dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yaratdığı bəstələrlə xalqın könlünü fəth edən, həm Dövlət, həm də xalq tərəfindən sevilən, qiymətləndirilən  sənətkar olmasından bəhs etdi. O, eyni zamanda qeyd etdi ki, el sənətinin, milli musiqilərimizin vurğunu olan hər kəs, xüsusilə orta və yaşlı nəsil Kalvalı Əli Dədəni gözəl tanıyır. Lakin yeniləşən dünyamızda yeni nəsil yetişir və məqsədimiz, arzumuz gənc nəslin milli-mental dəyərlərimizə, milli-mənəvi sərvətimizə hörmət və ehtiram hissi ilə böyüməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.  

Musiqi tədqiqatçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Rauf Bəhmənli  çıxış edərək bildirdi ki, Ə.Kərimov XIX əsrin sonu XX əsrin I yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri Q.Pirimov, C.Qaryağdıoğlu, S.Şuşinski, keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, Aşıq Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyov, Ə.Bakıxnov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. Əli Kərimov haqqında ilk tədqiqat əsərini musiqi araşdırmaçıları  Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə Moskvada "Əli Kərimov" adlı rus dilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir. Əli dədə "Çoban Yaylağı" və "Əli icadı", “Hicazi”, “Kəklik” peşrovlarının, rəqslərin (“Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Əfruzə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca”, “Turşəngi” və s.) müəllifidir. Onun “Azərbaycan dağları” melodiyası” bəstəkar Rauf Hacıyev tərəfindən xorla solo üçün işlənib. O, 7 hissəli “Çaharzən dəstgah" nı çalmışdır. O, zurna-balaban, tütək kimi nəfəs alətlərindən başqa saz, tar, kamança, nağara, qoşa nağara da çalıb. Tədqiqatçı alim çıxışında Əli dədənin 40-dan çox mahnı və rəkslərini araşdırıb nota köçürdüyünü də vurğuladı.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı filologiya üzrə Fəlsəfə doktoru Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədli  çıxışında  Əli Kərimovun zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarmasından, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirməsindən, ilk dəfə olaraq onun zil tembrli zurnanı peşəkar kamera alətinə çevirməsindən bəhs edərək, ustad sənətkarın “Şur”, “Humayun”, “Cahargah”, “Mahur”, “Bayatı Şiraz”, “Rahab”, “Zabul”, Rakki-Hindi” və s. muğamları məharətlə ifa etməsini, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olmasını vurğuladı.

Tədbirdə “Müəllif  hüquqları uğrunda” İctimai Birliyinin sədr müavini Zamiq Yunusov, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə Fəlsəfə doktoru  Elçin Qaliboğlu çıxışlarında  Azərbaycanın böyük musiqi biliciləri – Ü. Hacıbəyov, C.Qaryağdıoğlu, Bülbül, İ.Abdullayev və başqalarının tərəfindən Əli Kərimovun  sənətinə yüksək qiymət verilməsindən, balaban sənətindəki çalğılarına bərabəri olmayan ustadın “Koroğlu” havasının “Aşıq Koroğlu”,  “Yumma Koroğlu”, “Yekbə Koroğlu”, “Cığatay Koroğlu” havalarının ustalıqla ifa etməsindən bəhs etmişlər. Eyni zamanda, natiqlər Əli Kərimovun müharibədən sonra bütün Dövlət tədbirlərində yaxından iştirak etməsini, çıxışlarının müxtəlif təltif və mükafatlara layiq görülməsini, 1953-cü ildə Respublika olimpiadasında yaxından iştirak edərək I dərəcəli diploma layiq görülməsini, xalq sənətinin inkişafındakı xidmətlərinə görə Dövlət tərəfindən “Rəşadətli əməyə görə” medalı, “Şərəf nişanı” ordeni və çox sayda Fəxri Fərmanlarla təltif olunmasını vurğuladılar.

Tədbirdə “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sifarişi ilə çəkilmiş “Kalvalı Əli dədə” filmi nümayiş etdirildi. Eyni zamanda, Türkiyədə çap olunmuş professor İlqar Cemiloğlu, Ali İmamverdinin “Kalvalı Ali Dede-150” kitabı, və Əli Dədənin “qızıl Fond”da qorunan havalarından ibarət disk  tədbir iştirakçılarına təqdim edildi.                      

Məclisin sonunda Əli Kərimovun nəvəsi Xuraman İmaməliyeva babası haqında xatirələrini tamaşaçılarla bölüşdü. Nəticəsi Gündüz Əliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, qonaqlara ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirdi.  

Yubiley məclisinin bədii hissəsində məclisin musiqili qonaqlarından Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, Respublikanın Əməkdar artisti Şirzad Fətəliyev, Əməkdar Mədəniyyət İşçiləri Rasim Ələsgərov, Rəhman Rasimoğlu, VIII muğam müsabiqəsinin laureantı, “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsinin laureatı xanəndə  Daşqın Kürçaylı, tanınmış balaban ustaları Qənimət Qədirov, Abuzər Güləliyev, Rəfayıl Kazımov, Süleyman Əliyev, AşıqAmil Dadaşov,gənc balaban ifaçıları Orxan Qədirli, Fəqan Ələsgərov ustad sənətkarın  repertuarından xalq arasında sevilən havaları ifa etdilər.

Tədbir  ustad sənətkarın məşhur “Koroğlu nağarası” havacatının lent yazısı sədaları ilə  gurultulu alqışlarla başa çatdı.