Bayram Nurlu, Baboş kimilər niyə sevilir? – Eminquey yazır

EMİNQUEY AKİF
2128 | 2023-09-12 13:28

Bayram Nurlu, Baboş və digər bu kimi üzdən"iran"lar milyonlarla insanımız tərəfindən niyə sevilir?

Söyə-söyə!

Lazım gəlsə, döyə-döyə!

Ən aşağı, ən iyrənc və ən lazımsız hesab etdikləri halda belə sevirlər. Sevməklə kifayətlənmirlər, yedirib, içirib, doyurub bəsləyirlər, başlarından pul yağdırırlar.

İşin “açar-qıfıl” hissəsi də buradadır.

Nə üçün ziyalısına yaxın düşməyən milyonlarla adam heç bir ictimai, mədəni, siyasi və sairə faydası olmayan, işi-gücü oynamaq, gic-gic danışmaq, həyasızlıq etmək olan bu üzdəniranları izləyir, dəstəkləyir?

Bu, milyonların içində gözəgörünməyən bir ovuc insanı düşündürən sualdır.

Bəs yaxşı, niyə, nə üçün, hansı səbəbdən?

Otuz yaşa kimi cəmi-cümü bir həftə ölkədən, xalqdan kənarda qalan, ömrünün 99,9 faizini bu xalqın içində keçirən, müxtəlif təbəqələrlə ünsiyyəti olan biri kimi bu suala cavab tapmışam.

1. Qibtə, həsəd aparmaq hissi

Milyonlarla insan bu üzdəniranların vulqarlığına, kefinin hər zaman saz olmasına, komplekssizliyinə, bəlkə də bir yarısı içində yatıb qalmış “gey”liyin bu adamlarda təcəlla etməsinə həsəd aparır.

2. Söyə bilmək

Bu “fenomen”lər yola çıxanda bütün söyüşləri, təhqirləri gözə alıb çıxıblar. Onlar üçün yazılan söyüş nə qədər bol olsa, o qədər reytinqləri qalxır. Xalq söymək azadlığını, orqazmını yaşadırlar.

3. Xalqa qarşı çıxmamaq, ağıl öyrətməmək

Bəli, ən əsas və vacib məqam budur. Xalq özünə yaltaqlananları həmişə sevir, ağıl öyrətmək istəyənləri isə ac qoyur, sürgünə göndərir, öldürür. Tarix boyu ziyalılarımızın ağıl öyrətməyin ucbatından başına gələnlərin şahidiyik. Kim ki bu xalqa ağıl öyrətmək, yol göstərmək istəyib, ya ağlını itirib, ya yeməyə bir tikə əppək tapmayıb, ya da diqqətdən kənarda qalıb ömrünü başa vurub. Xalq ziyalısına sadəcə hörmət edə bilər, vəssalam. Bu baboşlar, bayramlar isə heç kimə ağıl öyrətmir, əksinə hamıya ağılsız olmağı təbliğ edir.

Aydın oldumu?

Yox, sizə Aydın olanda çatmır, sualı belə verim: Baboş oldumu?

Bayram oldumu?

TƏQVİM / ARXİV