Bəhram Fərmanzadə: İTHAF ŞEİRLƏRİ

Bəhram Fərmanzadə
Ümid yerisən
(Dostum, professor Tahir Baxşəliyevə)
Həyatda düzlüyü
Düz yolu seçdin
Həyatın dolanbac
Yollarından sən
Mətin addımladın
Şərəflə keçdin
Sən uzaq olmadın
Xeyirdən, şərdən,
Hər şeyi yerində
Götür-qoy etdin
Bəzən də narazı
Qaldın özündən
Bəzən də danlayıb
Qınadın bizi
Sənin danlağından
Sənin sözündən
İnciyib heç vədə
Küsmədik düzü
Qazandın nəyin var
Alın tərinlə
Mən də fəxr eyləyib
Öyündüyüm qardaş
Sənin hər qələbən
Hər Zəfərinlə.
Bəzən də həyatla
Barışmayanda
Bəzən də heç nəyə
Qarışmayanda
Sən elə düşünmə
Demə gerisən
Bir elin, obanın
Çətin günündə
A dostum həmişə
Ümid yerisən.
Ürəyi böyüklər
(Əziz dostum və qardaşım Əbülfət Mədətoğluna)
Dəryada fırtına qoynuna düşən
Ümmanlar qoynunda demə tərk olur
Talehin qəribə oynuna düşən
Ürəyi böyüklər dizi bərk olur.
Az işlər görmədin elin yolunda
Qiymətin obada, elində olsun.
Əlinin gücü var, qardaş qolunda
Nizami qələmi əlində olsun.
Qəlbində işıq var, gözlərində nur
Kişini yaşadan amal ürəkdi.
Qartallar həmişə zirvədən uçur
Qəlbi genişlərə meydan gərəkdi.
***
Əzizim Məmməd Araza
Söz tökülər,
Köz tökülər, iliyini sümürsən.
Demirəm ki, istilikdə «kömürsən»
Şeir üçün əriyən bir ömürsən,
Alışmağın, yanmağın da təhri var.
Söz başına fırfıra tək fırlanan,
Yorulmayıb, axıradək fırlanan.
Könlü eldən ilham alıb nurlanan
Hər misranın möcüzəsi, sehri var.
Dayanmadın qırağında dünyanın,
Piltə oldun çırağında dünyanın.
Nəğmə adlı varağında dünyanın
El bilir ki, Məmməd Araz möhrü var.
Oxuma bülbül, oxuma
(Əzizim və dostum Aqil Abbasa)
Bir röyadı, yuxudu,
O vaxt heç nə yoxuydu.
Qədir çələng toxudu
«Sona bülbüllər»i oxudu.
Oxuma bülbül, oxuma.
Qiymətini bilmədik,
Bilmədik heç bir nəyin.
Qiymətini bilmədik
Nə gülün, nə çiçəyin.
Oxuma bülbül, oxuma.
O iblisin, naqisin
Toruna naşı düşüb.
Bünövrəsin qoyduğum
Evimin daşı düşüb.
Çiçəklərin üstünə
Gözümün yaşı düşüb.
Şuşa girir yuxuma,
Oxuma bülbül, oxuma.
Saxlayır şəhid yasın
Eşit xeyir-duasın.
Dan yeritək ağarıb
Saçı Aqil Abbasın,
Oxuma bülbül, oxuma.
Əliyalın çıxmışıq
Yaraqlı atlı üstə.
Ruhu Eldar Baxışın
Gəzir Qubadlı üstə,
Oxuma bülbül, oxuma.
Araz əvvəlki Araz,
Kür əvvəlki Kür deyil.
Dörd yanımız yağıdı,
Dünya bilir, sirr deyil.
Necə ki, birləşməyib,
Bu millət ki, bir deyil,
Oxuma bülbül, oxuma.
Dünənin bugünün tarixin yaz
(Türk dünyasının görkəmli tarixçisi, şəxsiyyəti və istedadı önündə baş əydiyim, əzizim Süleyman Əliyara)
Məddahlar qarşında dura bilmədi,
Hücumlar çox oldu hədə-qorxuda.
Polad iradəni qıra bilmədi
Bir ömür həsr etdin Dədə Qorquda.
Bələdsən bu yurdun, yerin qatına
Çiynində millətin, yükün bilirsən.
Enib bu torpağın dərin qatına
Bu xalqın tarixi kökün bilirsən.
Borcludur ay ustad qanana qanmaz,
Dibim qızıldandır desə də qazan.
Dünənin, bu günün tarixini yaz,
Vaqif olmayıbdır hər yazı yazan!
Öpərsən
(Şuşa, Qarabağ üçün burnumun ucu göynəyir deyən dostum Ənvər Əhmədin əziz xatirəsinə)
Həyat mənə işgəncədi, zülümdü,
Bir kimsəm yox, gözləyənim ölümdü
Sənə qalan bircə ovuc külümdü,
Azad olan torpağıma səpərsən.
Xətainin qılıncını al görüm,
Gir döyüşə, sağa-sola çal görüm.
Düşmənimi pərən-pərən sal görüm,
Qolda qüvvət, ürəyimdə təpərsən.
Pərvazlanıb qartal göydə süzəndə,
Güzgülənib sona göldə üzəndə.
Şamxoruzu fərəsini gəzəndə,
Göndər mənə qaranquşdan xəbər sən.
Bu dünyanın üzü sevinc, kədərdi,
Demə qardaş, nə əkmişdim, nə dərdim.
Bu dünyada nə var gəldi-gedərdi,
Başım üstə qılınc, qalxan sipərsən.
Bir palıdam, şimşək vurdu laxladım,
Öz kökümü, budağımı saxladım.
Ənvər Əhməd yaxşı-pisi yoxladım,
Qarabağın torpağını öpərsən.
Burda bir el yurd salıb
(Kəndimin Şahsevən kəndində məskunlaşan müəllimim və dostum Fərman Kərimzadənin ruhuna)
Burda bir el yurd salıb,
Yönü Vətənə sarı.
Becərib zəmi salıb
Dəni Vətənə sarı.
Qızmaz yeri, yatağı,
Deyər bayatı, ağı,
Yola salar sübh çağı,
Günü Vətənə sarı.
Vətən dini, imanı,
Var ümidi, gümanı.
Uçar tüstü-dumanı,
Çəni Vətənə sarı...
Barıymış
(Müəllimim və dostum Fərman Kərimzadənin ruhuna)
Cəbrayıla onunla birlikdə gedib, hər sübh çağı, qürub vaxtı Araz çayına, Xudafərin körpüsünə baxardıq. Belə qərara gəldik ki, onun mənsur «Qızıl ağacdan asılmış beşik» əsərinin adını dəyişib «Xudafərin körpüsü» qoyaq. Çünki Xudafərin körpüsündən böyük el, tarixi şəxsiyyətlər keçmişdir.
Qara bulud yağış olub selləndi,
Çopur daşlar dağ döşündən helləndi
Çeşmələrin zümrüd gözü lilləndi
Bu çayların bulanmağı varıymış.
Çinar töküb susuzluqdan yarpağın
Canıdır su, qanıdır su torpağın
İki yerə bölünən bu torpağın
Göz yaşıyla sulanmağı varıymış.
Bu qalanın mamır basıb hörgüsün
Keçə bilmədik Xudafərin körpüsün.
İtirmişik beldə kəmər körpüsün
Baba yurdun talanmağı varıymış.
Həsrətinin Araz olan qolunun
Lələkləyən Bakı, Təbriz yolunun
Aralıqda bitən tikan kolunun
Boynumuza dolanmağı varıymış.
İnciyir
(Dostum və qardaşım Ağa Laçınlıya)
Natəvan mülkünü ediblər talan,
Gözüm baxa-baxa yağıda qalan
Qatır dırqaq töküb, quş qanad salan
Əskəran adlı qallam inciyir.
Sinəm Dəli dağdı, başım Murovdu,
Qapqara saçlarım indi qırovdu.
Qardaşım itkindi, bacım girovdu,
Gözümə baxanda balam inciyir.
Güllü yaylaqlara köçüm köçməyir,
Baxmaqdan kor olub, gözüm seçməyir.
Nadanın yanında sözüm keçməyir,
Sinəmi yandıran kəlam inciyir.
Tənhayam, arxam yox, nə də öndərim,
Fələyin çarxını necə döndərim.
Kimə namə yazım, kimə göndərim,
Etdiyim o haqqı-salam inciyir.
Çölümdə sar gəzir, gölümdə bağa,
Soltan bəy yurduna sahibdir dığa.
İçimdə tağ atıb dərdim, ay ağa,
Axmazım inciyir, çalam inciyir.
Bu dünyanın qara daşı göyərər
«Bu dünyanın qara daşı göyərməz» şeirinin müəllifi Musa Yaquba
Hər kəs yükün öz çiyninə götürsə
Kəndirbazlar kəndirini itirsə.
Buyruqçular bircə ağac bitirsə
Bu dünyanın qara daşı göyərər.
Saxtakarlar sol əliylə yazmasa,
Paxıl qonşu ayaq altı qazmasa.
Harınlaşıb heç kim yolun azmasa
Bu dünyanın qara daşı göyərər.
Yalançılar söz deyəndə tərləsə,
Böhtançılar dərdə düşüb çərləsə.
Tənbəl övlad öz başını hərləsə
Bu dünyanın qara daşı göyərər.
Ürəyimiz təmizlikdə aynasa,
Qurd quzuyla bir çəməndə oynasa.
Xörəyimiz bir qazanda qaynasa,
Bu dünyanın qara daşı göyərər.
Laçının yollarında
(Əziz dostum Malik Fərruxun xatirəsinə)
Duman zirvəni alar
Dağlar xəyala dalar.
Əlik balasın yalar
Laçının yollarında.
Lalə yandı közərdi,
Qoxlamasam küsərdi.
Təbiət xalı sərdi
Laçının yollarında.
Könlümdə min bir həvəs,
Kölgədə dərdim nəfəs.
Çətirləndi tut, vələs,
Laçının yollarında.
Necə deyim yoruldum
Saflaşdım, duruldum.
Gözəlliyə vuruldum
Laçının yollarında.
Bir şair varıydı bu Yer üzündə
(Eldar Baxışın əziz xatirəsinə)
Bir şair varıydı bu Yer üzündə
Elə bil sinəsi söz yuvasıydı.
Bir şair varıydı bu Yer üzündə
Çörəyi, suyuydu söz, havasıydı.
Sözü ilmə edib söz toxuyardı,
Üzündən-gözündən söz oxuyardı.
Üstündən-başından söz qoxuyardı,
Bir şair varıydı bu Yer üzündə.
Dərdi gizlədərdi, dözün deyərdi,
Min kişi içində sözün deyərdi.
Şeir istəsəydik yüzün deyərdi,
Bir şair varıydı bu Yer üzündə.
Bir şair varıydı bu Yer üzündə,
Qədrini çiçəyin, gülün bilirdi.
Dəryada balığın, səmada quşun,
Bir şair varıydı dilin bilirdi.
Küləyə yatımlı teli varıydı,
Ürəyə yatımlı dili varıydı.
Qələmə yatımlı əli varıydı,
Bir şair varıydı bu Yer üzündə.
Olmadı
(Bəhramı qürurunda bəy sözündə şair kimi tanıyıram deyən gözəl ədəbiyyatşünas tənqidçi, dostum Vidadi Məmmədovun əziz xatirəsinə)
Zəhərləyib aşını da
Açırdılar başını da
İçdilər göz yaşını da
Doyan olmadı, olmadı.
Bir göründü üçdə, beşdə
Qan töküldü qızıl teşdə.
Tapılmadı cəfakeşdə
Həyan olmadı, olmadı.
Tapdalayıb çörəyini
Oxladılar kürəyini.
Onun təmiz ürəyini
Duyan olmadı, olmadı.
Dağlar
(Şuşalı dostum, yazıçı-jurnalist Vasif Quliyevə)
Özüntək sevirəm sizin dağları,
Güllü yamacları, buz bulaqları.
Mehmanı olacam bahar çağları,
Qəbul edəcəkmi qonağı dağlar.
Oldum gözəlliyin əsri, valehi,
Əsdikcə rüzgarın, əsdikcə mehi.
Qarışar çəmənə çiçəyin şehi
Allanar yalların yanağı dağlar.
Bəhramam, sinəmdə şirin duyğular
Qatıbdır başımı vaxtsız qayğılar.
Gəlməsəm oxuyar dərdimi quşlar
Oxuyar bayatı son ağı dağlar.
Canlı heykəl
(Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anası Gülarə nənəmə)
Bura gəlib gedənin
Yaddaşında, yadında,
Bir əfsanə yaranır,
Canlı heykəl adında.
Yığışdırır oğlunun
Çarpayısın, yatağın.
Səliqəyə salır hər gür,
Ana oğul otağın.
Gündə onları bir-bir,
Azı üç yol yoxlayır.
Ana əskər məktubun
Gözü üstə saxlayır.
Onu boğsa da, qəhər
Ruhunu şad eyləyir,
Ana durub hər səhər –
Oğlunu yad eyləyir.
Hərbin qanlı davası
Qırx ildir ki, sovuşub
Ana doxsan yaşında –
Öz oğluna qovuşub.
Ana dönüb məşələ,
Gecə-gündüz hey yanır.
Daş heykəlin yanında
Canlı heykəl dayanır.