17 Mart 2023 13:08
736
MƏDƏNİYYƏT

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşanın Varşava Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində ölkənin Varşava Universitetinin rektoru Aloyzi Novak ilə görüşüb. Görüşdə həmçinin, Universitetin Əməkdaşlıq və kadr məsələləri üzrə prorektoru Sambor Qruça, Şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa, Türkologiya və Mərkəzi Asiya xalqları Departamentinin əməkdaşı Şəhla Kazımova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Azərbaycanın Polşadakı Səfirliyin əməkdaşları iştirak edib.

Görüşdə Fond ilə Varşava Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri müzakirə olunub. Bu istiqamətdə birgə konfrans, seminar, sərgilərin keçirilməsi, universitetin türk dünyası ilə bağlı tədqiqat işləri aparan tələbələri üçün təqaüd proqramlarının ayrılması qeyd olunub.

Universitetdə Fondun himayəsi ilə Türk dünyasının elmi tədqiqat və araşdırmaları Mərkəzinin yaradılması ətrafında fikir mübadiləsi edilib.

Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Varşava Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Fondun prezidenti Universitetin müəllim heyəti və Türkologiya fakültəsinin tələbələri ilə görüş keçirib.

Günay Əfəndiyeva Fondun qədim köklərə malik türk xalqlarının zəngin dəyərlərinin qorunması, yayılması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətindən söz açıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Universitet ilə imzaladığı Memorandumun əsas məqsədlərindən, eləcə də səmərəli iş birliyi və gələcək birgə layihələr üçün yaratdığı imkanlardan bəhs edib.

Tədbirdə Universitetin Türkologiya fakültəsində təhsil alan, türk dövlətlərini təmsil edən tələbələr tərəfindən kiçik konsert proqramı göstərilib.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.