adalet.az header logo
  • Bakı 16°C
27 Yanvar 2022 11:22
1223
MÜSAHİBƏ

BİR CƏNUB ŞƏHƏRİNDƏ VİDEO SÖHBƏT

Yaxın günlərdə özünün yubileyini qeyd etməyə hazırlaşan yazıçı Qafar Cəfərli ilə görüşüb ,həm əvvəlcədən onu təbrik etdim, həm də ayaqüstü ondan bəzi suallarıma cavab aldım.İndi həmin söhbəti sizə təqdim edirəm:

 

- -Qafar müəllim, yubileyiniz ərəfəsində ayaqüstü bir söhbət edək. Siz artıq ikinci ildir ki, AYB Lənkəran Bölməsinə rəhbərlik edirsiniz. Bu rəhbərliyə gələnə qədər Qafar Cəfərli kim olub?

 

-Müdriklərdən kimsə deyib: "Ən böyük imtahan insanın özü özünə verdiyi imtahandır”. Bu imtahanda bir sual var: Sən kimsən? Cəmi bir sadə sual, amma sadə olduğu qədər də çətin və mürəkkəb bir sual. Fikrimcə, hər kəs ömrünün hansı məqamındasa belə bir sualla üz-üzə dayanmalıdır. Və budur növbə mənimdir.Altmış beş illik ömrün qurtaracağında özümdən soruşuram:- Qafar Cəfərli, sən kimsən?

Azərbaycanın füsunkar diyarında, Talış dağları ilə Xəzər dənizi arasında yerləşən, Sovetlər dönəmində ölkənin ən böyük rus şairlərindən hesab olunan Nikolay Tixonovun "cənub mirvarisi” adlandırdığı Xan Lənkəranda doğulub boya- başa çatan bir kənd uşağı olmuşam. Məktəbə altı yaşında gedən, səkkiz sinfi doğma Viyən kəndində bitirən, tam orta təhsili isə Lənkəran şəhərindəki 1 saylı məktəbdə alan, ilk beş-altı sinfi zəif oxusa da məktəbi 4 və əsasən 5 qiymətlərlə bitirmişəm. Uşaqlıqda baxdığı hind filmlərinin təsiri altında aktyor olmaq arzusunda olan, sonralar ədəbiyyata yaranan sevgisindən jurnalist-yazıçı olmaq istəyi ilə yaşayan, hələ 7- 8-si siniflərdə oxuyanda bədii və publisistik yazıları rayon və respublika mətbuatında çap olunan, yerli qəzet və radionun ştatdankənar müxbiri adını daşıyan istedadlı hesab olunan şagird olmuşam. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə imtahan versə də müsabiqədən keçə bilməyən bəxtsiz cavan, bir ildən sonra həmin Universitetin filologiya fakültəsinə qiyabi qəbul olunan xoşbəxt tələbə hesab etmişəm. Komsomol işində çalışan, indi dünyanın narahat bölgəsindən hesab olunan Ukraynanın Donetsk şəhərində hərbi xidmətdə olan, xidmətinin son bir ilini Donetsk şəhər hərbi prokurorluğunda əsgər-köməkçi kimi xidmət edən və bu səbəbdən də hüquqşünas olmaq arzusuna düşən bir əsgər həyatı yaşamışam. Iki illik təhsildən sonra filologiya fakültəsindən sənədlərini alıb peşə məktəbinə verən və oranı fərqlənmə diplomu ilə bitirən, ölkənin ən məşhur, sayılıb-seçilən, minlərlə gəncin həsrətində olduğu ADU-nun hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunan, tələbəlik illərində savadı, bacarığı və çalışqanlığı ilə fərqlənən, bədii yazıları ilə tələbə yoldaşları arasında tanınan inadkar bir gənc olmuşam. Mütəxəssis kimi 30 ilə yaxın ömrünü hüquq-mühafizə orqanlarında namusla, vicdanla çalışan, çoxlu sayda təltiflərə, o cümlədən mükafat qaydasında rütbəyə sahib olan, cinayətkarlığa qarşı barışmaz mabarizə aparan, dəfələrlə ölümlə üz-üzə gələn, əqidəsini, zabit şərəfini göz bəbəyi kimi qoruyan peşəkar hüquqşünas, əməliyyatçı və istintaqçı olmuşam. Vətən torpaqlarının üstünü qara kölgələr örtəndə , ölkədə nizami ordunun olmadığı həmin günlərdə əlinə silah götürüb düşmənə qarşı vuruşan, 1-ci Qarabağ savaşında bir neçə döyüşdə iştirak edib sinəsini Vətən torpağına sipər edən igid bir Vətən əsgərinə, vətənpərvər bir insana dönmüşəm. Bütün bu otuz il ərzində ədəbiyyatdan bir an belə ayrılmayan, mərkəzi və rayon qəzetlərdə bədii və publisistik yazılarla çıxış edən, məhz bu səbəbdən də böyük qisim insanların arzusuinda olduğu yüksək xidməti vəzifəmdən, xidmətimin başa çatmağına beş il qalmış şəxsi raportumla təqaüdə çıxmağı üstün bilən, yazıb-yaratmaq eşqi ilə alışıb-yanan bir ədəbiyyat sevdalısı olmuşam. İki il o vaxtkı "Region” TV-nin, indiki ARB televiziya kanalının "Cənub” televiziya şirkətinin işləyən, bu müddətdə yazdığı əsərlərin motivləri əsasında çəkilən filmlərin əsas məsləhətçisi və baş rolun ifaçısı, həmçinin regionda ilk çəkilən və böyük reytinq qazanan "Günəşim ol” serialında əsas rollardan birinin ifaçısı,dörd kitab müəllifi və bununla da uşaqlıqda əlçatmaz olan aktyor və yazıçı olmaq arzularına qovuşan xoşbəxt bir insan olmuşam. Nəhayət, daha iki kitab və aylarla boş qalan vəzifəyə -AYB Lənkəran Zona Bölməsinə sədr təyin olunan Qafar Cəfərli mənəm. Yəni fikirlərimi bir cümlə ilə belə ifadə etmək olar.

 

-Mən bir oxucu kimi sizi zaman-zaman izləmişəm, yaradıcılığınızdan xəbərim var. Barənizdə ortaq dostlarımız Ağacəfər Həsənlidən, Balayar Sadiqdən, xüsusilə Musa Xanbabazadədən çox eşitmişəm. Lakin etiraf edim ki, sizi mənə Şuşa sevdirdi. Mən sizi Şuşada kəşf etdim. Bu sizi təəccübləndirmir ki? Ümumiyyətl, Şuşa sizin üçün hansı anlamı kəsb edir?

-Maraqlı sualdır. Ortaq dostlarımızdan barəmdə xoş sözlər eşitdiyinə əminəm və güman ki, belə olmasaydı bu günkü xoş münasibətimiz də olmazdı. Bəli, göstərdiyin şəxslərin hər biri mənim üçün əziz insanlardır. Aramızdakı Şuşa sevgisi isə bir alayı məsələdir. Belə bir məsəl var, soruşurlar ki, qardaşın necə adamdır, deyir bilmirəm, yol yoldaşı olmamışam. Doğrudan da yol yoldaşı olmaq böyük məsuliyyət və ciddi sınaqdır. İnsanların gizlin qalan çox əməlləri bu zaman faş olur, yaxşı və pis hərəkətləri, xarakterik xüsusiyyətləri ortaya çıxır. Şuşa səfəri sizinlə ilk yol yoldaşlığımız idi və sevinirəm ki, bu sınaqdan alnıaçıq, üzüağ çıxa bilmişəm. Bu səbəbdən də Şuşada "kəşf olunmağımı” təbii sayır, buna təəccüblənmirəm.

2021-ci ilin avqust ayında Vaqif Poeziya günlərinin keçirilməsi ilə əlaqədar Şuşaya təşkil olunan bu səfər həyatımın ən unudulmaz, ömür kitabıma qızıl hərflərlə yazılan bir səfər idi. Səfəri mənim üçün möhtəşəm və unudulmaz edən səbəblərdən biri də qiyabi tanıdığım sizi və çoxlu sayda digər dəyərli söz adamları ilə bir arada olmağım, üç gün ərzindəki görüşlərim, çoxsaylı maraqlı söhbətlər və bu günə kimi unuda bilmədiyim mənəvi həzzdir. Bütün bunlar bardə "Şuşalı günlərim” adlı xatirə-oçerkdə geniş bəhs etmişəm.

Şuşanın mənim üçün hansı anlamı kəsb etməsi ilə bağlı sualınız isə uzun illər mürgü vuran, son bir il iki ayda isə daima ayaq üstdə olan, varlığını hər an xatırladan qəmli-qüssəli xatirələrimə bir daha işıq salır.

Birinci sualına cavab verərkən ötəri də olsa 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğumu qeyd etmişəm. Müzəffər Ordumuzun 2-ci Qarabağ müharibəsində- Vətən müvaribəsində işğaldan azad etdiyi rayonların (Hadrutu çıxmaq şərti ilə) hamısında, o cümlədən Şuşada torpaqlarımızın müdafiəsində iştirak edib, döyüşlərdə olmuşam. Şuşa ilə bağlı xatirələrimi 15-17 fevral 2017-ci ildə "Şəhid qala” adlı sənədli hekayəmdə ətraflı qələmə almışam. Hekayə bu sətirlərlə bitirdi: ”Şuşa ilə ilk və bu günə son görüşüm belə keçdi. Şuşa yaddaşımda qarlı,şaxtalı,bumbuz halı ilə,qəmli,qüssəli, incik, narazı baxışları ilə qaldı”. Bu həqiqət idi. Qoruya bilmədiyimiz, işğalına, düşmən tapdağı altına düşməyinə təxminən üç aya yaxın bir vaxt qalmış Şuşanın özgə halı da ola bilməzdi.

Bu hekayə yazılanda heç xəyal belə etməzdim ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimiz üç il doqquz aydan sonra bu müqəddəs məkanı, şəhərlər gözəli Şuşanı bizə əbədən qaytaracaqlar. Və şükürlər olsun ki, bu belə də oldu. Düz 27 il, 7 ay, 7 gündən sonra təkrar Şuşada oldum. Burda rəqəmlərin bir mistikası da özünü göstərməkdədir. Vaxtilə olduğum, döyüşdüyüm yerlərin bəzilərini ziyarət etdim.

Şuşa ilə ikimci görüşümlə bağlı yazdığım "Şuşalı günlərim” adlı xatirə oçerkim bu sözlərdə bitirdi:

-"Şuşa ilə ikinci görüşüm bax beləcə başa çatdı. Bütün doğmalar kimi danışdıq, dərdlərimizi bölüşdük, arada mübahisə etdik, küsdük, barışdıq. Ümü-küsüdə Şuşanın daha çox haqq etdiyinin də fərqində oldum. Amma Şuşanın sevincə, təbəssümə qərq olmuş simasından anladım ki, ayrılığın hökm sürdüyü sonu görünməyən otuz ilə yaxın bir müddətdə çəkdiyimiz əzablara, məhrumiyyətlərə, yuxusuz gecələrimizə, mənəvi sarsıntılarımıza görə O bizləri bağışlamışdır.Şuşa ilə bağlı qeydlərimi burda bitirirəm. Əmin olun ki, bütün yazdıqlarımı heç bir ritorikaya, pafosa, mübaliğəyə yol vermədən gördüklərim, eşitdiklərim və düşündüklərim əsasında qələmə almışam. Nə dərəcədə alındığını isə,əlbəttə, dəyərli oxucular deyəcək.

Şuşaya növbəti gəlişimin nə vaxt ola biləcəyini və ümumiyyətlə olacağını bilmirəm. Bu, bir Allah qismətidir. Amma Şuşanın bu görüşdəki halından məmnun ayrıldığım üçün artıq dillər əzbəri olmuş sözləri bir daha fəxrlə demək istəyirəm: - Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, sən bizimsən!”Bəli, Şuşa nəinki Vətənimin bir dilbər guşəsi, üzüyün brilyant qaşıdır, Şuşa həm də mənim ömür kitabımın acılı-şirinli xatirə şəhəridir.

 

- Son zamanlarda " Tanrının göz yşları” romanını oxuculara təqdim etmisiniz. Bu roman yaraları yenicə sağalmağa başlayan Vətən müharibəmizdən bəhs edir. Mən oxucu kimi o romanın içində sizi də gördüm. Yanılmıram ki?

-Məşhur fransız sərkərdəsi Napoleon Bonapartın belə bir fikri var: ”Həmişə sülh tərəfdarı ol, lakin müharibəyə də hazır ol” Bu o deməkdir ki, bəzən iradəndən asılı olmayaraq savaşa getməli olduğundan ehtiyat tədbirlərini mütləq görməlisən. Şeyx Şamil deyir ki, "İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar.” Doğrudan da, 30 il ərzində beynəlxalq güclərin işğal olunmuş torpaqlarımızı sülh yolla geri qaytarmaq təşəbbüsləri fiaskoya uğrayandan sonra biz məhz savaş yolunu seçdik. 2-ci Qarabağ müharibəsində Müzəffər Ordumuzun tarix yazması heç kimdə şübhə doğurmadı.Bu müharibə xalqımızın qəhrəmanlıq dastanıdır. Bütün bunlara rəğmən müharibə bir faciədir, insan ölümüdür, dağıntıdır, fəlakətdir. Bu müharibədə xalqımızın üç minə yaxın qəhrəman övladı şəhid oldu, həyatlarını Vətən torpaqlarının azad olunmasına fəda etdilər.

2-ci Qarabağ müharibəsində yaşadığım Lənkəran rayonu üzrə 66 nəfər gənc əsgər və zabit şəhid oldu. Həmin şəhidlərdən 63 nəfəri doğulduqları Lənkəran torpağında əbədiyyətə qovuşdular. Müharibə bitər-bitməz mən və qələm yoldaşım şairə-publisist Xatirə Xatunla Lənkəran şəhidləri barədə kitab yazmağı qərara aldıq. Bir neçə ay ərzində kitab yazıldı və yüksək poliqrafik nəşrlə oxuculara təqdim olundu. Şəhid ailələrinin və rayon rəhbərliyinin iştirakları ilə kitabın rayon üzrə yüksək səviyyədə təqdimat mərasimi keçirildi.

Həmin kitabı işləyərkən hər bir şəhid ailəsində olub şəhidin ailə üzvləri, dostları, sinif və tələbə yoldaşları, döyüş yoldaşları ilə söhbət etdik. Kitab nəşr olunduqdan sonra da eşitdiyim dəhşətli və faciəli anlar, müharibənin insanlara bəxş etdiyi ağrı-acılar beynimdə ilişib qalmışdı. Heç cür bu ağrılardan qurtula bilmirdim. Və elə buna görə də keçən ilin iyun ayından başlayaraq "Tanrının göz yaşları” adlı romanı yazmağa başladım və altı ay ərzində bitirdim. Romanda 1-ci Qarabağ müharibəsində Müzəffər Ordumuzun 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı şanlı mübarizədən, müharibə dövründə arxa cəbhədəki insanların misilsiz fədakarlığından, onların Vətənə, torpağa olan sevgisindən, bir şəhid ailəsinin qan donduran acı taleyindən, müharibəyə qədər və sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi vəziyyətdən, həyatımızda rast gəlinən müxtəlif eybəcərliklərin ifşasından bəhs edilir.

Çoxsaylı şəhid ailələri ilə olan görüşlər səbəbindən, həmçinin müharibə dəhşətlərini gözü ilə görən biri kimi ”Tanrının göz yaşları” romanında müəllif olaraq mənim də fikir və düşüncələrim, arzularım müəyyən məqamlarda özünü göstərir. Bu mənada yazılan əsərdə müəllifin "görünməsi”ni təbii sayıram.

 

- Bu gün AYB Lənkəran Bölməsi necə yaşayır, nə ilə məşğul olur? Bakı ilə Lənkəran arasında münasibət necədir?

-AYB Lənkəran Bölməsi 16 oktyabr 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsi kimi fəaliyyətə başlamış və 43 ildən artıq bir dövrdə cənub zonasında ədəbi mühitin formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır. Bölmənin şinelindən çıxmış çox saylı şair və yazıçılar artıq ölkə miqyasında və kənarda tanınmaqdadırlar.

Mənə qədər sədr vəzifəsində yazıçı Məmmədhüseyn Əliyev, şairlər Şəkər Aslan və İltifat Saleh olmuşlar. 2020-ci ilin sentyabr ayının 3-də mən sədr kimi kollektivə təqdim olunmuşam. Qısa bir dövr ərzində Bölmədə təmir işləri aparılmış, əməkdaşlara normal iş şəraiti yaradılmış, lazımı texniki avadanlıqlarla təmin edilmişlər. Uzun illər fəaliyyəti dayandırılmnış Bölmənin ədəbi-bədii orqanı olan "Şəfəq” jurnalının və "Söz” ədəbi məclisinin fəaliyyəti bərpa edilmişdir. Təkcə 2021-ci ioldə Bölmədə "Şəfəq” jurnalın təqdimatı ilə bağlı iki tədbir; tarixi günlər və bayram münasibəti ilə bağlı doqquz tədbir; Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə bağlı üç tədbir;Mikayıl Müşfiqin və Şəkər Aslanın anım günləri; beş yubiley tədbiri; kitab təqdimatları, imza günləri ilə bağlı doqquz tədbir; illik tədbirlər planına əsasən Bölmənin əhatə etdiyi altı rayonda "Ədəbi mühitin dünəni və bu günü " mövzusuinda müvafiq rayonların yazarlarının iştirakı ilə müzakirələrin keçirilməsi ilə bağlı altı tədbir keçirilmişdir. Ümumən təkcə keçən il ərzində Bölmədə otuz altı tədbir olmuşdur ki, bu da bir aya üç tədbir deməkdir. Təvazökarlıqdan uzaq olsa da bu AYB-nin Bölmə və filiallarında ən yüksək göstəricidir. Keçən il biz son illərdə unudulan bir ilkə da imza atdıq. Belə ki, bölgədə yaşayan, lakin respublikanın mərkəzi ədəbiyyat dərgilərində çap olunmayan yazarların, xüsusən gənc yazarların əsərlərinin çap olunması layihəsinə start verdik. Artıq ilk olaraq Lənkəran yazarlarınının nəsr və poeziya nümunələri AYB Lənkəran Bölməsinin təqdimat məktubu əsasında 20 noyabr 2021-ci il tarixdə "Ədəbiyyat qəzeti”nin səhifələrində işıq üzü gördü. Layihə çərçivəsində digər rayon yazarlarının da əsərlərinin bu qəzetdə və digər ədəbi orqanlarda çap olunması nəzərdə tutulmuşdur.

Bu il üçün də tədbirlər planına əsasən müvafiq tədbirlərə start vermişik. Artıq şair Tofiq Həsənlinin yenicə çapdan çıəxmış şeir kitabının təqdimat mərasimini keçirtmişik. Tədbirlərimiz mütəmadi olaraq davam edəcəkdir. Bakı ilə Lənkəran arasındakı münasibətə gəlincə vəziyyət normaldır. AYB-nin rəhbərliyi bizə imkan olan bütün dəstəyi göstərir. Şəxsən AYB-nin sədri, xalq yazıçısı Anar və katiblik ortaya çıxan problemlərimizin həllinə hər cür kömək göstərirlər ki, buna görə onlara minnətdarlıq etməyi özümə borc bilirəm.

 

- Adətən yubiley ərəfəsində təmtəraqlı sözlər çoxalir. Siz də o təmtəraqlı sözləri gözləyirsiz, yoxsa səmuimi duyğuların ifadəsini?

-İnsanın doğum günü, xüsusən yubiley tarixi yaxınlaşdıqca müəyyən hisslərin keçirilməsi təbiidir. Bəli, adam əzizlərindən, dostlarından və rəğbət bəslədiyin insanlardan təbrik gözləyir, hətta yeri varsa tərif də. Bilirsiniz, əslində tərif, sizin ifadənizlə desəm təmtəraqlı sözlər deyilməsində heç bir qəbahət görmürəm. Bu sözlər insanı daxilən sevindirir, ona yaşamağa, yazıb-yaratmağa stimul verir. Amma burda bir şərt var ki, hər şey normasında olmalıdır, nə az, nə də ki, çox olmaz. Qədim yunan filosofu Platon deyib ki, "Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır”. Bu fikirdə böyük həqiqət payının olmasını heç kim inkar edə bilməz. Həyatda çoxlu sayda bu cür hadisələrin şahidi olmuşuq, Qədim hind filosofu Beydəbanın fikrinə görə "Tərifin ən yaxşısı yaxşı insanların söylədikləri tərifdir.” Cəmiyyətdə nüfuzu olan, şəxsiyyəti və sənəti sevilən, ləyaqətli, təmənnasız insanların dilindən çıxan sözlər çox dəyərlidir. Xoşbəxtəm ki, mənim də ətrafımda bu cür insanlar var. Onlardan yubiley təbriki olub-olmayacağını isə qabaqcadan deməyə çətinlik çəkirəm.

Əslində, kiminsə boğazdan yuxarı dediyi tərifin, təmtəraqlı sözlərin arxasında konkret məqsəd dayandığını hiss etməmək mümkün deyildir. Nə vaxtsa oxuduğum, beynimdə ilişib qalan bir fikri xatırladım. Deyilir ki, "Bizi nə qədər tərifləsələr də özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar”. Bu mənada istər tərif, istərsə də tənqid mövqeyindən ifadə edilən səmimi fikirlər mənim üçün daha dəyərli, daha əzizdir.

 

-Bir yazıçı, bir Bölmə rəhbəri və nəhayət, Qafar Cəfərli olaraq 70-dən o tərəfi necə görürsüz?

-Bir yazıçı olaraq yetmişə qədər və yetmişdən sonrasını yeni-yeni əsərlər yazacağımı, yeni kitablar nəşr edəcəyimi, ədəbi mühitdə daha fəal olacağımı, ölkədə və kənarda yaradıcılıq əlaqələrimi gücləndirəcəyimi, dramaturgiya sahəsində qələmimi bir daha sınayacağımı, film ssenariləri yazacağımı və imkan daxilində rolda çəkiləcəyimi (ən çoxda dünya görmüş, başı daşdan-daşa dəymiş ağsaqal kişi obrazında) düşünürəm.

Bölmə sədri kimi isə bu təyinat zamanı ürəyimdə and içdiyim və bəzən aşkarda ifadə etdiyim arzum uğrunda mübarizəmi davam etdirmək istərdim. Arzum Cənub ədəbi mühitini daha da canlandırmaq, nəinki əvvəlki səviyyəsinə, hətta ondan da üstün bir hala çatdırmaq, bölgə yazarlarının fəaliyyətini gücləndirmək, xüsusən gənclərin ədəbiyyata gəlməsinə dəstək olmaq, onlara imkan daxilində lazımı köməkliklər göstərmək, bölgə yazarlarının layiqli əsərlərini respublika səviyyəsinə və ölkə hüdudlarından kənara çıxartmağa çalışmaqdır. Təbii ki, ömür vəfa qılsa və AYB rəhbərlyi fəaliyyətimi bəyənib bu işdə qalmağımı məsləhət bilərsə arzularımın arxasınca yürüşümü davam etdirəcəyəm. Əslində mənim bütün bu arzuladıqlarımın həyata keçməsi elə Azxərbaycan Yazıçılar Birliyinin də fəaliyyətinin güclənməsinə, nüfuzunun artmasına xidmət etmiş olacaqdır.

Qafar Cəfərli olaraq mən də qeyriləri kimi 70 il və daha artıq yaşamaq istərdim ki, bu da normal qarşılanmalıdır. İnsanı yaşadan, onu gündən-günə, aydan-aya, ildən-ilə aparan arzu və istəkləridir. Bu mənada insan arzuları tükənməzdir. Mənim də ailəmlə, uşaqlarımla, nəvələrimlə, gələcəkdə nəticələrimlə bağlı arzu və istəklərim çoxdur. Yaşı səksəni keçmiş bir qohum kişi var idi. Üç yaşlı nəticəsinə dua edib deyirdi ki, "Ay Allah, bu balanın toyunu mənə qismət elə”. İndi onun sözü olmasın, mən də deyəsən yüz yaşın arzusundayam. Əslində, yaşamaq istəyi təbii bir hissdir. Amma bütün arzularıma rəğmən ortada özünün həyat prinsipləri olan, dövlətini, Vətənini, torpağını, elini-obasını, onun füsunkar təbiətini bütün varlığı ilə sevən, ürəyi həyat eşqi ilə dolu olan, insanlara qarşı böyük sevgi bəsləyən və ədəbiyyatı, yazıb-yaratmağı özünün həyat kredosu bilən bir Qafar Cəfərli var. Hər şeyi bilən isə uca Tanrıdır, yaşayarıq görərik.

- Qafar müəllim, zənnimcə söhbətimiz atüstü olsa da , amma maraqlı alındı. Bu səmimiyyətə görə Sizə təşəkkür edirəm! Və bir daha yubileyiniz münasibəti ilə Sizə ən xoş arzularımı çatdırıram, Var olun,uğurlarınız tükənməsin!

 

- -Əbulfət müəllim, suallarınız çox maraqlı oldu. Suallarınız ürəyimdəki bəzi fikirləri sizinlə bölüşməyə imkan verdi. Və bir az rahatlndım. Sağ olun, təşəkkür edirəm.

 

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU