adalet.az header logo
  • Bakı -°C

BİR GÖRÜŞDƏN FRAQMENTLƏR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
105 | 2026-06-04 14:19
A- A+

Sözə və sevgiyə münasibət...
 
Həmin gün Bakıda hava qeyri-sabit idi. Əslində bu il Bakının havası demək olar ki, qeyri-sabit olub. Nə edəcəyimizi, nə geyinəcəyimizi də bəzən unutmuşuq, qarışıq salmışıq. Amma təkcə bizim üçün yox, yaşadığımız Yer kürəsi üçün cərəyan edən bu qeyri-sabitlik hardasa şükranlığımızı biraz artırıb. Daha doğrusu, əlimizi göyə açıb içimizdə “buna da şükür, yerin-göyün sahibi Özü nəyi necə etdiyini daha yaxşı bilir” deyib şükür etmişik. Bu yerdə adama deyərlər ki, guya başqa nə edə bilərdik ki?! Bir halda ki, mütəxəssislərin yağış sularına gücü çatmırsa, onu yalnız “normadan artıq” qiymətləndirməklə özlərinə təsəlli verirlərsə, ya da yaxalarını kənara çəkirlərsə burda yenə ümid qalır şükür etməyə. Və...

Gəncəyə gedirəm. Özü də qatarla. Çoxdandı qatarla səfərə çıxmamışdım. Səhər saat 8-də Biləcəri stansiyasında qatarı gözləyirdim. Və yol təəssüratımın da elə ilk xoş cizgiləri burdan başladı. Mən perrona daxil oldum. Qeydiyyatçı xanım onlayn aldığım bileti telefonun ekranında gözdən keçirib sonra üzümə baxdı. Məlum oldu ki, bu xanım sosial şəbəkə istifadəçisidir. Ədəbiyyat həvəskarıdır. Mənim imzama da orada rast gəlib. Onunla eyni növbədə olan oğlana yaxınlaşıb nəsə pıçıldadı. Və sonra hər ikisi əyləşdiyim skamyaya yaxınlaşıb çox böyük sayqı ilə özlərini təqdim etdilər. Məlum oldu ki, bu gənclər mütaliəni də sevirlər. Və mən böyük məmnuniyyətlə yol çantamdakı kitablarımdan onlara avtoqrafla bağışladım. Bəlkə də inanmazsınız həmin an növbəni dəyişməyə gələn bir neçə dəmiryolçu bəy və xanım da məndən kitab istədi. İndiki məqamda yazar üçün heç bir təbliğatsız, heç bir təqdimatsız kitabını oxucuya təqdim etmək zənnimcə ən xoş anlardan biridir. Mən də bu xoş anların içərisində stansiyaya yaxınlaşan qatara mindim. Hardasa içimdə bir güvən, bir rahatlıq və bir də böyük sözə sevgi ilə qatarda yerimi tutdum. O yeri, sıra nömrələrini göz önünə gətirsək heç vaxt unutmayacağım rəqəmlər idi. Birinci qatarda ikinci A yer. Bilmirəm təsadüfdü, yoxsa günün, səfərin xoş anlarının sıra ardıcıllığı. Bütün hallarda mən indi xəyalla, xatirələrlə deyil, iştirakçısı olacağım görüşün öncəgörməsi ilə baş-başa idim. Ona görə də fikirlərin necə misralandığını da bir anlıq unutdum. Misralar isə yaddaşıma yazılırdı. 

Bakıdan Gəncəyə gedən qatarın
Birinci vaqonu – 2 A yeri...
Xəyalım yararaq sükut qatların
Mənə pıçıldayır yazdığım şeiri.

Söykənib dizinə duyğularımın
Gözümün önündə tutmuşam səni.
Gerçəyə çevrilən yuxularımın
Mükafatı kimi udmuşam səni.

Gedir takkatakla vaqonlar sanki
Dözümün yoxlayır dəmir qolların.
Bilsəm gözləyirsən sənin qapına
Çəkib uzadardım dəmir yolların.

Bəli, yol boyu göstərilən xidmət, ümumiyyətlə, qatardakı şəraitin, mühitin özü adamda yorğunluğa, narahatçılığa imkan vermirdi. Bu gerçəkliyin içində mən bir daha əmin oldum ki, biz özümüz özümüzə diqqət yetirməyi bacarırıq. Sadəcə bəzən bunu bilərəkdən, ya da laqeydlikdən etmirik. Ona görə də özümüz də, ətrafımız da günahkara çevrilirik. Bunun səbəbini isə tapa bilmirəm. Nə isə...

Saat 11:45-də Gəncə Dəmiryol Vağzalında idim. Perronda məni Sərdar gözləyirdi. Azərbaycan Dövlət Universitetində tələbəliyimizi birlikdə keçirdiyimiz və bütün o illərin şirinli-acılı günlərini birlikdə yaşadığımız tələbə yoldaşım Sərdar. Elə buradaca əlavə edim ki, Sərdar Birinci Qarabağ müharibəsində könüllü olaraq silaha sarılmışdı. İndi də bədənində qəlpələr gəzdirir. O, bu torpağın qazi oğullarındandır. Hə, bir də onu əlavə edim ki, Sərdarın ömür-gün yoldaşı Şəhla xanım bizimlə birlikdə eyni fakültədə oxuyub. Uzun illərdir ki, yalnız internet vasitəsilə, arada da telefonla əlaqə saxladığım Sərdarı üzbəüz gördüm. İllərin dostluğa, diqqətə xələl gətirə bilmədiyi bir görüş gerçəkləşdi. Bir-birimizə sarıldıq, bir anlıq həmin o tələbəliyin ərki ilə nəfəs aldıq – tələbi nəfəsi...

Sərdarın təkidi ilə görüşdən öncə sakit bir guşədə oturub hal-əhval tutduq, çay içdik və bu görüşün məramını, məqsədini ona bildirdim. İndi sizə də açıqlayıram. May ayının 22-də Gəncə şəhərinin Mərkəzi Kitabxanasında AYB-nin Gəncə bölməsinin və bölmənin ən fəal təmsilçilərindən olan yazıçı-publisist Fazil Sənanın təşəbbüsü ilə Əbülfət Mədətoğlunun yerli ədəbi mühitin təmsilçiləri ilə görüşü keçirildi. Görüş bir qonaq kimi mənimçün son dərəcə təqdirəlayiq və hətta gözləmədiyim böyük diqqətlə hazırlanmışdı. Görüşün aparıcısı kitabxananın direktoru Aida Abdullayeva idi. O, ilk olaraq şəhidlərimizin ruhunu yad etmək üçün hər kəsi bir dəqiqəlik sükuta dəvət etdi. Sonra söz AYB-nin Gəncə bölməsinin sədri, yazıçı-dramaturq Xəzəngül Hüseynovaya verildi. Doğrusunu deyim ki, yaradıcılığına bələd olsam da özünü bu qədər yaxından ilk dəfə gördüyüm Xəzəngül xanımın yaddaşına, ədəbi mühitə olan münasibətinə heyran qaldım. Ömrün bu çağında Xəzəngül xanımın Azərbaycan ədəbiyyatına və onun ədəbiyyatda baş verənlərə yeni ədəbi cərəyanlara münasibəti o qədər səmimi və diqqətçəkən idi ki, mən onun mütaliəsinə heyran qaldım. Və barəmdə söylədiyi fikirlər, yaradıcılığıma verdiyi qiymət təvazökarlıqdan uzaq olsa da çox məmnunedici idi. Mən onun fikirlərinin qarşısında həqiqətən ədəbiyyatda nələrsə edə bildiyimə bir daha inandım və sevindim. 

Görüşdə iştirak edən tanınmış söz adamı Aləmzər Əlizadə, tanınmış yazıçı-publisist-dramaturq Nüşabə Əsəd Məmmədli, Gəncə Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nurlanə Həmzəyeva, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Maarif Quliyev, Gəncə şəhər MKS-nin direktoru vəzifəsini icra edən Tərifə Abbasova, qazi, yazar İmam Cəmilli, Milli Məclisin azportal xəbər saytının Gəncə bölməsinin direktoru Dəniz Əlizadə, Əməkdar müəllim İsgəndər Fərhadoğlu, yazıçı və şairlərdən Salman Qaralar, Zülfiyyə Yaqub, Səlbi Baxış, Fazil Sənan və digərləri öz çıxışlarında təkcə Əbülfət Mədətoğlu yaradıcılığından deyil, həm də “Ədalət” qəzetinin bölgə yazarlarına münasibətindın geniş bəhs etdilər. Onların hər biri ayrı-ayrılıqda “Ədalət”in ədəbiyyata, sözə, Azərbaycan dilinə böyük diqqətini xüsusi vurğuladılar. Görüşün aparıcısı Aida Abdullayeva özünün ətraflı çıxışında bugünkü görüşün önəminə bir daha toxunaraq qeyd etdi ki, Gəncə şəhər Mərkəzi Kitabxanasında keçirilən bu cür  görüşlər həm oxucularla canlı ünsiyyət baxımından, həm də kitaba, kitabxanaya oxucu marağının artması istiqamətində görülən və təqdir edilən işlərdən biridir. Məhz bu görüşlər Azərbaycan ədəbiyyatının öz oxucusuna çatdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, bu həm də dünya ədəbiyyatına olan marağın artmasına təkan verir. 

Görüşün iştirakçıları arasında olan gənclər öz sualları, bütövlükdə ədəbiyyat maraqları ilə mənimçün xoş bir təəssüratın nümunləri oldular. Onların sadə, amma içdən gələn istək və arzuları həqiqətən sevindirici idi. Burda tam səmimiyyətlə onu da qeyd edim ki, tədbirdə səsləndirilən şeirlər, eləcə də mənə ithaf olunmuş şeir nümunələri görüşün məzmununu daha da rövnəqləndirmişdi. 

Üç saatdan artıq davam edən görüşdə çıxış edən qələm dostlarımla, oxucularımla yanaşı, tələbə dostum, qazi Sərdarın da söz deməsi məni biraz kövrəltdi. Onun xatırlatdığı tələbəliyimiz, eləcə də Qarabağ müharibəsinin birinci mərhələsindəki səngər günlərimiz ötənləri bir daha gözlərimin önündə canlandırdı. Bu görüş mənim üçün həm mükafat idi, həm hesabat idi, həm dəyər idi, həm də sevgi. Mən Gəncədə bölgə yazarlarının və bir də ordakı oxucuların böyük sevgisinin şahidi oldum. Təmənnasız sevginin. Özü də Gəncəyə dayanmadan yağan yağışın yaratdığı çətinliklərə baxmayaraq görüşə gələnlərin doğmalığını, ölçüsünü, qiymətini bu günə qədər müəyyənləşdirə bilməmişəm. Bu elə bir sayqı, sevgi idi ki, onun ölçüsünü, dəyərini ancaq o anın iştirakçısı olanlar, o məqamı yaşayanlar dəqiq qiymətləndirə bilər. Mən orda hər kəsdən gördüyüm sevginin qarşısında orada da, elə bu təəssüratımı bölüşəndə də baş əyirəm. Qədim, ulu Şeyx Nizaminin ruhu yaşayan Gəncədə məni şərəfləndirən hər kəsə minnətdarlığımı bildirirəm...
Görüş xoş xatirələrlə, xoş təəssüratla başa çatdı. Çəkilən şəkillər və bir də yaddaşıma yazdığım içdən gələn sözlərin aurasında Sərdarla birlikdə yenə Dəmiryol Vağzalına gedirəm. İndi Gəncədən Bakıya qayıdacam. Bu dəfə də rəqəmlərin sırası maraqlıdı. 5-ci vaqonda 4 A yer. Və mən öz yerimdə əyləşib görüşün xoş anlarını təkrar-təkrar dəyərləndirməyə çalışıram. Özüm də bilmədən pıçıldayıram:

Günün yorğunluğun yadına salmır,
Biraz xəyal sayır, biraz da yuxu.
Qatar da məmnundu, daha fit çalmır,
Gerçəyin özüdür olanın çoxu!

Gəncədən Bakıya gedən qatarın
5-ci vaqonunun 4 A yerində.
Bir sərnişin xatirələrini
Aparır ürəyinin dərin yerində.

Hava qaralsa da içimdəki işıq yarır o qaranlığı. Və mən bu gün ərzində olanların hamısını sapa düzmək istəyirəm. Amma o qədər rəngarənglik var ki, itib batıram içərisində. Mənimlə üz-üzə əyləşmiş və artıq tanış olduğum gəncəli həkim kofe sifariş verir. Hardansa dolur ürəyimə indi oxuyacağınız misralar:

Düşünmüsənmi heç qatarda 
kofe sifariş vermək 
və tak-tak zümzüməsi ilə
yol getmək.
Bilirsən
nəyə bənzəyir?
Mənə görə 
bu mənzərə 
həsrətin yorduğu 
və intihara köklənmiş
dalğaların
özünü 
qayalara çırpacağı yerdə
sahilin dizinin dibində,
gözləri dənizdə,
özü fikirdə 
ayağının ucu ulə
qum ələyən o qız
heçnə demədən
susqun bir halda 
məni gözləyir.

Bu bir görüş idi. Lənkərandan, Sumqayıtdan sonrakı görüş. Hər birinin də özünə aid özəlliyi olsa da, hamısında mütləq hakim söz və oxucu sevgisi idi. Yaxşı ki, sözə və sevgiyə münasibət dəyişməz qalıb.

TƏQVİM / ARXİV