03 Iyul 2024 10:20
590
GÜNDƏM

Bir ildə 27 nəfərə məzar olan Bakı metrosu  - Yeraltı terrorun 30 ili 

Bu gün erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri faciədən 30  il ötür.


Adalet.az xəbər verir ki, 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may” və "Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərib.
Qeyd edək ki, bundan əvvəl isə Bakı metrosunun “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da saat 13.00 da terror aktı törədilib. Beləki, qatar stansiyada dayandığı zaman, birinci vaqonda kustar üsulla hazırlanmış və saat mexanizmi ilə təchiz edilmiş partlayıcı qurğu işə düşüb. Baş vermiş partlayış nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan respublikasının xalq artisti Rafiq Babayev da olub.

İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunub, istintaq zamanı məlum olub ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuş, onlardan ikisi barəsində məhkəmə güllələnmə hökmü çıxarmış, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunmuşdular.
Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

"Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Bu iki partlayışda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.


Yeri gəlmişkən, Bakı Metropolitenində ən böyük insan itkisi isə 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 adam həlak olub, 270 nəfər isə xəsarət alıb.

P.S. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu 2021-ci ildə əfv edilib. Beləki, Sərəncama əsasən, A.Aslanovun ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.


Əntiqə Rəşid