23 Noyabr 2023 11:51
1211
ƏDƏBİYYAT

Bir şeirin təəssüratı - Allahverdi Eminov yazır

Mən belə düşünürəm ki, məhəbbət haqqında hər şey deyilmişdir, bu məfhu­mu yalnız xatirələrdə xatırlamaq olar. Çünki məhəbbət Cana Ruhdan keçir və orqa­niz­mə sirayət edir. Eşqə çevrilənə qədər yaşayır. İllər keçir, İnsan qocalır, məhəb­bət isə yaddaşda sevənin keşiyini çəkir. Bədii ədəbiyyatda, xüsusilə poeziyada əbə­di­ləşir, ən əzablı və kədərli simvola çevrilir. Hətta yazıçılar və şairlər əsərini bir də oxu­yur, nə yazdıqlarını təkrar oxuyandan sonra hər şeyi anlayır və göz yaşını sax­la­ya bilmir. Mən A.Kuprinin “Nar bilərzik” hekayəsini oxuyanda müəllifin əlyaz­ma­sı üzərində ağladığına bir daha inandım. Göz yaşları elə-belə vərəqlərə düşmə­miş­dir: Bu fenomenal hissin oyatdığı iztirabdan, faciədən və qəhqəhədən gəlir.

“Nar bilərzik” incə və gözəl əsərdir, məhəbbəti yüksəltmişdir, torpağa, ağac­la­ra, çiçəklərə, nəhayət insanlara xeyir–dua diləmişdir. Hekayənin gücü ondadır ki, mə­həb­bət gözlənilməz hədiyyə kimi meydana çıxmış, həyatın canlılığı və durğun­lu­ğunda parlaq işıq saçmışdır. Məhəbbət payız fəslində insan sinirlərinə güclü təsir gös­tərir, sarı rəngə bələnmiş bağça – bağlar, qurumuş otlar – yarpızlar, bülbülünü itir­miş güllər – çiçəklər... insana kədər gətirir və nəhayət xatirəyə dönür.

Mən bu təəssüratı şair Adil Cəmilin “Qala qapıısında ağlayan qarı” (“Ədə­biy­yat qəzeti”, 02.09.2023) şeirini oxuyandan sonra yaşadım. Adil Cəmil poeziya­mız­da öz yeri olan şairdir və onun haqqında “Sözün Adil Cəmili” monoqra­fi­yasını qələmə almışam ( “Elm və təhsil” nəşriyyatı, 2014, 290 səhifə). Əsərin ya­zıl­ışından sonra elə düşündüm “hər şeyi” demişəm, hətta xeyli yüngülləşdim də. Am­ma onu da bilirdim şairin ilhamı sakitliyi, durğunluğu sevmir, məqamında mis­ra­lar doğulur, şeirə şevrilir. Yanılmamışam. “Qala qapısında ağlayan qarı” şeirinin pred­metinin seçilməsi təsadüfi deyil, İçərişəhər, onun giriş qapısı çox–çox tarixdən xə­bər verir. Çar generalı Pavel Sisiyanov 1806-cı ilin 08 fevralında Bakıda, Qoşa­qapı (Qalaqapısı) yaxınlığında öldürülmüşdür. İçərişəhərin daşlarında ayaq izləri ya­şayır, qızların nakam sevgilərinin intizarlı baxışları donub qalmışdır. Adil Cəmi­lin «ağlayan qarı» məhəbbətini haçansa itirmişdir, keçmişini həsrətlə xatırlayır.

 

Qala qapısında ağlayan qarı,

Bəlkə ağlayırsan öz keçmişinə,

Bəlkə ağlayırsan qız keçmişinə?

Yadına düşübdür qız yaşın sənin,

O yaşdan yol gəlir göz yaşın sənin?

 

Bu mənzərə şairi suallar qarşısında qoyur: bu qoca, cavanlığını keçmiş il­lə­rinə yadigar qoyan qarı bəlkə sevdiyinin ruhunu axtarır, bəlkə tapacağına inamını itir­məmişdir?

 

Qala qapısında ağlayan qarı,

Bəlkə sevdiyinin ruhu burdadır?

Bəlkə hey gördüyün yuxu burdadır?

…Bilmirəm, bilmirəm, ay qarı nənə,

Kimə ağlayırsan, nəyə yanırsan?

Yanığın yoxdursa niyə yanırsan?

 

Bu qarı nənə dinib–danışmır, susub qala divarına qısılıb, bəlkə bu divarlar­dan cavab gözləyir: Hanı mənim nakam məhəbbətim, sən ki, bunun şahidisən. İndi o cavan sevgilimin ruhu harada dolaşır, bəlkə elə mənim həndəvərimdədir? Bu mən­zərə şairdə əminlik yaradır, sanki heç nə olmamışdır.

 

Qısılıb qalanın divarına sən

Özün boğulursan öz “yağışında”.

Ay kövrək, ay ipək, a çiçək nənə,

Uzaqdan elə bil qara kölgəsən,

Ay qara çadrada ağbirçək nənə.

 

Bu misralar məni çox uzaqlara çəkdi. Aspirant vaxtı (ötən əsrin 70-ci illəri) İçə­rişəhərdə kirayənişin kimi yaşamışam. Küçələrdə, dalanlarda “qarı nənə”lərlə qar­şı­laşmışam. Bir dəfə onların birindən soruşdum ki, ay nənə, hər gün səni burada be­li bükülü, qara çarşabda görürəm. Kimi gözləyirsən? O, üzünü açdı və mə­nə baxdı,  dedi ki, ay oğul, elə sənin yaşında buradan müharibəyə oğul yola sal­mışam, gümanımı üzməmişəm, oğlum elə bu yolla qayıdacaq. Mən bu nənənin qarşısında baş əyib onu bağrıma sıxdım və:

– Nənə, ümidini üzmə, oğlun qayıdacaq – dedim.

 

Ağlama, ağlama, bir də ağlama

İçərişəhərin içindən keçən

Gənclik illərinin uzaqlığına.

Sevgi günlərinin yazıqlığına...

 

Qoca qarının keçmişdə qalan taleyinə səbəbkar kim olub? Oxucu intizarını müəl­lif açıqlamalı olur: bu qarı bica yerə qala  qapısına xatirələrini oyatmaq üçün gəl­mə­mişdir, ata inadkarlığının qurbanı olmuşdur:

 

Ağlama, elçisi atangillərdən

Səni “qoparmayan” oğlan üçün sən

Ağlama bu manşır qala dibindən

Səni aparmayan oğlan üçün sən...

 

Şair, necə ağlamasın o qarı, sevdiyi o oğlanın həsrətini yaşayan qarı. Bu, müm­künmü? Bir bayatıda deyildiyi kimi:

 

...İnsafmı ömrün boyu

Gözlərin yaşlı qala.

 

Adil Cəmilin bu unikal şeiri hər bir oxucunu keçmişinə qaytarmaya bilər­mi?!

 

11.09.2023