BiZ DƏ QAYIDACAğIQ, SAMiR QASIMOV DA

9908 | 2007-12-14 03:50
Yoldu dana, uzanıb gedir...
   
   Dərddi dana, uzanıb gedir... Amma bircə ona inanıram ki, hər bir yolun sonu olduğu kimi, hər bir dərdin də sonu var. "Tövbə" filmində belə bir söz var: "Bir yol ki məbədə getmir..." Bizim yolumuz da uzanıb gedir, dərdimiz də, amma bu yol və bu dərd gedib Şuşaya çatmayacaqsa yaşamağın elə bir mənası yoxdu. Və mən bu gün ona görə yaşayıram ki, bu yolun da, bu dərdin də Şuşaya gedib çıxacağına Allaha inandığım qədər inanıram.
   
   Son illərdə Böyük Vətən Müharibəsi ilə bağlı (söhbət Urus-Nemes müharibəsindən getmir, söhbət Azərbaycan-Ermənistan müharibəsindən gedir) bir neçə film çəkilib. İçində uğurlusu da var, uğursuzu da. Uğursuzunu da qiymətləndirirəm. Ən azı ona görə ki, həmin filmin rejissoru, həmin filmə pul buraxanlar mənasız seriallara baş qoşmayıblar, faciəmizi ekranlaşdırmaq istəyiblər. Elxan Qasımov, ən dəhşətlisi budur ki, insanların mənasız seriallara marağı həmin ən uğursuz filmə olan marağından, eləcə də ən uğurlu filmə olan marağından qat-qat çoxdur. Ona görə də hələ Şuşada deyilik ey!
   
   Adətən bir yaradıcı adam kimi hər hansı bir kitabı oxuyanda, hər hansı bir filmə baxanda fikirləşirəm ki, bu belə olsa daha yaxşı olardı. "Fəryad" filmi mənim üçün çox maraqlı filmdi, amma həmişə fikirləşirəm ki, bu film əslində Ceyhun Mirzəyevin erməniyə təpik vurmaq səhnəsində bitməliydi. Çox pis bir ənənə var Azərbaycan filmlərində, məsələn, "Nəsimi"də, "Babək"də, "Qaçaq Nəbi"də, "Qatır Məmməd"də, "Uzaq sahillər"də də və sair və ilaxır, hamısında əsərin qəhrəmanı axırda ölür. Yəni Nəsiminin o boyda həyatını, iki dünyaya sığışmayan ömrünü, Babəkin 22 illik mübarizəsini bizim rejissorlar saat yarıma, iki saat yarıma yığırlar və nəticədə çox şey uduzuruq.
   
   Məşhur aktyor və kinorejissor Mel Qibson Nəsiminin təkcə soyulma səhnəsini çox ağıllı şəkildə oğurlayıb və Həzrəti İsanın çarmıxa çəkilməsi ilə bağlı bir səhnəni dünyaya çıxara bilib. Və möhtəşəm bir film alınıb.
   
   Bütün bunlar başqa bir mövzudur, imkan olanda müraciət edəcəm.
   
   Söhbət məşhur aktyor və kinorejissor Elxan Qasımovun Natiq Rəsulzadənin ssenarisi əsasında ekranlaşdırdığı "Biz qayıdacağıq" filmindən gedir.
   
   Bu filmə baxanda çox həyəcanlandım, çox kövrəldim, hətta filmin bir yerində yanımda oturmuş dostum, ssenari müəllifi Natiq Rəsulzadənin sinəsinə hisslərimi cilovlaya bilməyib bir yumruq da vurdum. Yəqin o da məni başa düşdü.
   
   Mən Böyük Vətən Müharibəsi ilə bağlı yüzlərlə məqalə, dörd povest, iki roman yazmışam. Və mən bu müharibənin içində olmuşam, təkcə qələmimlə yox, əlimdə silahla da. Və müharibənin bütün dəhşətlərini, eləcə də vəhşətlərini gözümlə görmüşəm və iştirakçısı olmuşam.
   
   Bir dəfə bir televiziya filmi verirdilər, Xocalı faciəsi ilə bağlı. Az qaldı havalanam. Baş rolda Məleykə xanım oynayırdı. Əynində bahalı geyim, bərbərxanadan təzəcə çıxıb... Allah, sən saxla. Qardaşım, belə olmaz axı. Ya da bir film çəkiblər, adı "Sarı gəlin". Bir dəfə mən filmin rejissorunu televiziyada canlı bir verilişdə az qaldı döyüm, aləm bir-birinə qarışdı. Yazma, qardaşım, bilmədiyin yerə başını soxma. Milləti kiçiltmə, millətin böyüklüyünü ver. Millətin oğlunun böyüklüyünü ver, necə ki "Fəryad"da veriblər. Yəni nədi məsələ? Film uğursuz alına bilər, amma milləti cılızlaşdırmamalıdır, heysiyyatına toxunmamalıdır Çox təəssüf ki, xarici təşkilatların sponsorluğu ilə millətə bədbinlik aşılayan, milləti ruhdan salan, milləti təslimçi sülhə sürükləyən filmlər də çəkilir, əsərlər də yazılır. Və ən dəhşətlisi budur ki, millət də buna öz təpkisini göstərmir. Həmin filmin çəkilməyindən daha çox faciə millətin buna laqeyd yanaşmasıdır.
   
   Deyəsən yenə kənara çıxdım. İncimə ey, Elxan Qasımov: "DƏRDİ ÇOX, HƏMDƏRDİ YOX, DÜŞMƏN QƏVİ TALE ZƏBUN!"
   
   "Biz qayıdacağıq" filmində nə xoşuma gəlmədi, əvvəla onu deyim. Mən elə bildim ki, film başa çatanda ekranda "Filmin sonu" yox, "Film davam edir" yazılacaq. Çünki sən bunu vermisən, sən filmin davam edəcəyini göstərə bilmisən, bəs onda film niyə sona çatır?
   
   Qısaca, muğam festivalında qalib gəlmiş bir Xocalı çocuğu (adı Zakir Qasımovdur, əslində onun adı ya Samir Qasımov olmalı idi, ya da elə Pərvaz İbrahimli) həyatın bütün çətinliklərini görüb, müharibənin bütün ağrılarını yaşayır, əzizlərini müharibədə itirir, ailənin yaşaması üçün minbir əziyyətə qatlaşır və ən nəhayət, üzünə bir gün doğur, müsabiqənin qalibi olur. Artıq rahat bir ömrü var. Amma o, bunu qəbul etmir, qalib diplomunu almır və gedir Naxçıvanski adına hərbi məktəbə. Və bu çocuq çocuqluğu ilə başa düşür ki, Qarabağa gedən yol həmin hərbi məktəbdən keçir. Bunu o çocuq başa düşür, amma biz başa düşmürük. Filmdə bu o qədər inandırıcı, o qədər təbii verilib ki, yüz qəzet məqaləsi və ya nə bilim neçə povest, roman bunu verə bilməz. Niyə? Həmin povest və romanların zəifliyi baxımından deyil. Bir kitab indi ən uzağı 1000 tirajla çıxır, bir qəzet də lap çıxsın 10.000 tirajla. Amma filmə 8 milyonluq xalq tamaşa edir, özü də bir dəfə yox, bir neçə dəfə. Yəni kinonun təsiretmə dairəsi daha geniş və daha güclüdür.
   
   Ona görə də bu film məni çox sevindirdi. Sevindirdi ki, bu filmə baxan övladlarımızdan lap beş faizi olsun, başa düşəcək ki, o şoulardan, o festivallardan, o ulduz yarışmalarından daha çox bu xalqa, bu dövlətə, bu Vətənə "Biz qayıdacağıq" filminin qəhrəmanı kimi qulluq etmək lazımdır.
   
   Natiq Rəsulzadəyə niyə yumruq vurdum? Elxan Qasımov, bəlkə də sən yanımda olsaydın yumruq sənə dəyəcəkdi, amma Natiqə də halaldı. Filmdə bir yer var, anası uşağa deyir ki, sən məşhurlaşmısan, sənə kömək etmək istəyənlərdən ev istə. Uşaq da deyir ki, mən ev istəyə bilmərəm. Anası soruşur, niyə? Çünki mən onlara demişəm ki, evimiz var. Anası əsəbləşir, hanı evimiz? Uşaq cavab verir: "XOCALIDA".
   
   Bəli, bizim evimiz var - Şuşada, Laçında, Xankəndində, Xocalıda və sair və ilaxır. Amma az qala biz bunu unuduruq. Amma körpə unutmayıb - onun evi var, Xocalıdadı və o inanır və bizi inandırır ki, biz öz evimizə qayıdacağıq. Filmdə onlarla belə uğurlu detal var. Mən film haqqında geniş məlumat vermək istəmirəm. Zəhmət çəksinlər hansısa bir mənasız müğənninin konsertinə 50 dollar verib getdikləri kimi, beşcə dollar verib getsinlər bu filmə baxsınlar. Onda görəcəklər ki, 500 dollar da verib bu filmə baxsalar heç nə itirməzlər, əslində çox şey qazanarlar.
   
   Filmdə bir detal da var. Kosovada sülhməramlı qüvvələrin tərkibindəki Azərbaycan taqımının komandiri Samir Qasımovun vaxtilə Kosovadan televiziyalara verdiyi müsahibə. Bu təxminən 15 saniyə çəkir, 30 saniyə çəkir, bilmirəm. Amma filmi tamamlayır, filmi bağlayır.
   
   Mən Samir Qasımovu çox yaxşı tanıyıram. Tanıyırdım, yazmıram, çünki mənim üçün Samir Qasımov və samirqasımovlar ölmürlər, həmişə diridirlər.
   
   92-ci ilin cəbhədə ən ağır vaxtları idi. Elxan Qasımov, mənə telefon açdın ki, bu uşaq evdə özünü öldürür ki, Aqil əmi məni də müharibəyə aparsın. Bilmirəm 17 yaşı vardı, ya 18 yaşı vardı. Çox qəribədi ki, mən səninlə dostluqdan əvvəl Samirlə dostluq edirdim. 1981-ci il idi, mən idmana gedirdim, Samir də balaca uşaq idi, o da idmana gəlirdi. Karate ilə məşğul olurdu və çox gözəl idmançı idi. Bəzən oturub onun karate fəndlərini necə ustalıqla yerinə yetirməyinə tamaşa edirdim. Bu uşaqla dostlaşdıq və sonra bildim ki, sənin oğlundu.
   
   Sözünü yerə salmadım, Samiri görkəmli sənətkar Aşıq Kamandarın oğlu kinorejissor Cavanşirlə birlikdə götürüb apardım müharibəyə. Tərtərdə İsgəndər Həmidov Samiri döyüşə buraxmaq istəmədi, dedi gedər şəhid olar, Elxanın yanında pis olaram. Samir dedi ki, İsgəndər əmi, məni öldürsən də döyüşə gedəcəm, xəlvət gedəcəm, necə gedəcəm özüm bilərəm, amma döyüşə gedəcəm. Şəhid olsam sən atamın yanında pis olsan da, atam bu millətin qarşısında alnıaçıq gəzəcək.

TƏQVİM / ARXİV