Bizdə Qurban Qurbanov yoxdur… - Aydın Bağırov yazır

AYDIN BAĞIROV
3487 | 2022-03-31 12:54

… Heç son 11 ildə futboluna 133 milyon manat ayıran Dövlət Neft Şirkətimiz də yoxdur.

Amma Şimali Makedoniyada var. Və Şimali Makedoniya dövləti öz futboluna 11 ildə 133 milyon manat pul ayırıb deyə qrup ikincisi olurlar, gəlib futbol divi İtaliyanı da məğlub edib, DÇ-2022-də pley-offun finalına yüksəlirlər. Portuqaliyanı da udsalar, gedəcəklər Qətərə, final mərhələsinə.

Pulumuz olmadığı üçün onlara div rəqib olur, bizə isə cırtdan - yəni Malta. Yoxsa pul olsaydı, niyə bugünlər makedonlar kimi pley-offda deyil, yoxlama matçında oynayırdıq?

11 ildə 133 milyonumuz olsaydı, qrupda 1 xal yığardıqmı? Sistemli iş qurar, əsl mütəxəssisləri cəlb edib, uşaq fufbolunu dirçəldər, akademiyalar tikərdik. Amma 11 ildə dövlət sənə 133 milyon pul ayırmırsa, qalırsan çarəsiz. Ona görə də olmayan pulumuzla qulağımızın dibindəki Berlində yox, uzaq Lənkəranda, Gəncədə futbol məktəbi açırıq.

Makedoniyanın pulu çoxdur deyə oranın Tovuzu, Zaqatalası yüksək liqada oynayır. Bizimsə pulumuz yoxdur deyə, “Turan”ın, “Zaqatala”nın, “Kəpəz”in əziyyətini “Keşlə” klubu illərdir təkbaşına, minnətsiz öz üzərinə götürür. 

Belə yerdə deyirlər: sağ olsun, dostluq. Var olsun, təmənnasız sədaqət!

Bəli, bizim bu 11 ildə 133 milyonumuz olmadı. Amma əsas odur milli üçün, futbolumuz üçün gecəsini gündüzünə qatan fədakar eloğlularımız oldu. Foqts oldu, Yurçeviç oldu, Obradoviç oldu, de Byazi oldu. Və onların burdakı dayıları oldu…

… Burda olmayan isə Qurban Qurbanovdur. Daha doğrusu, burda olsa da, həmin o dayıların görmək istəmədiyi Qurban Qurbanov.  Çünki 133 milyon manat gözləri bağlayanda belə olur. Olurlar həm kor, həm də hissiyyatsız. Onda yaxınlığında olanları nə görə, nə də duya bilirlər.

Ən son Şimali Makedoniyanı görmədikləri kimi…

Aydın Bağırov
[email protected]

TƏQVİM / ARXİV