Bizim şairimiz İsmayıl İmanzadə - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
306 | 2025-02-09 12:58

Şair İsmayıl İmanzadənin imzasını Azərbaycanda söz adamları kimi oxucular da yaxşı tanıyır. Onun bir-birindən maraqlı, könül oxşayan, ruhu ovudan misraları bir oxucu olaraq mənim qan yaddaşıma həmişə təsir edib və etməkdədir də. Bunu ona görə xüsusi vurğulayıram ki, İsmayıl İmanzadə poeziyasında əsas çalar, yəni əsas cizgi onun sadəliyi və fikir tutumudur. Yəni İsmayıl müəllimin şeirlərini oxuyanda sadə, səmimi, axıcılıqla yanaşı, həm də bir düşündürmə gücüylə adama hakim olur. Oxuduğum misralar təkcə göründüyü kimi yox, həm də alt qatı ilə birlikdə sənə öz təsirini göstərir. Bu da şair dostumun sözə verdiyi dəyərin, sözə ayırdığı ömrün bəhrəsidi.

İmzasını tanıdığım gündən İsmayıl İmanzadə yaradıcılığında məhz söylədiyim həmin o cizgiləri, çalarları izləmişəm və onun necə püxtələşdiyini də oxucu olaraq hiss etmişəm. Elə son kitablarında da həmin o vurğuladığım məqamlar məni bu kitab barəsində danışmağa, daha doğrusu fikirlərimi bölüşməyə həvəsləndirdi. İsmayıl İmanzadənin «Ömür muncuq düzümüdür» kitabı «Qanun» Nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru Əli Rza Xələflidi. Kitabın anatasiyasında vurğulanır ki, «Uzun illərdən bəri çağdaş  Azərbaycan ədəbiyyatına bəxş etdiyi şeir və poemaları ilə insanlara nəcib hisslər aşılayan müəllif yeni şeirlər kitabında da özünəməxsus dəsti-xəttinə sadiq qalmışdır». Bax, anatasiyadan təqdim etdiyim bu bir cümlədə artıq oxucu kiminlə həmsöhbət olduğunu anlayır. Bilir ki, oxuyacağı bu kitabın müəllifi özünə, ruhuna və həm də sözünə sadiq olan bir yazardı. Onun üçün söz həm də yaşamın ifadəsidi. Bax elə bu təqdim etdiyim, daha doğrusu ifadə etdiyim sözə söykənərək mən kitabdakı ilk şeiri təkrar oxuyaram. Müəllif yazır ki:

 

Dua etdim, ulu Tanrım dadıma yetdi,

Ərən yurdum nər biləkli oğul böyütdü.

Yadda saxla, babalardan qalan öyüddü –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Dədəm Qorqud zəfərdədir şərəf-şan-dedi,

Şəhid ruhu yerdə qalmaz nahaq qan – dedi.

Xudafərin haray çəkdi, Savalan dedi –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Qarı düşmən, varlığımdır anam Qarabağ,

Gözünü aç, tariximə bir də yaxşı bax.

Eşitdinmi, öz ləhcəmdə söylədi hər dağ –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Kitab kimi varaqladım Kürlə Arazı,

Əsdadımın Qobustandan gəldi avazı.

Babək döyüş bayrağına qanıyla yazıb –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Vətən oğlu igid əsgər, sabahın xeyir,

Səhər mehi təbəssümlə qapını döyür.

Göyçə səndən nicat umur, Zəngəzur deyir –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Mən üç rəngli bayrağımla keçmişəm oddan,

Vətən sözü müqəddəsdir hər cürə addan.

Ata millət, ana millət, çıxarma yaddan –

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Şeiri oxuduqca təkcə tərənnümün şahidi olmursan. Yəni müəllif təkcə vətənimizi, yurdumuzu vəsf etmir, həm də onu təqdim edir, onu tanıdır və bu təqdimat, bu tanıtma o qədər sadə və sevgi ilə edilir ki, yaddaşa yazılır, qana hopur. O da sənə müəyyən mənada kimliyini, haralı olduğunu xatırladır. Bir azərbaycanlı kimi, bir vətən övladı kimi böyüklüyünü görürsən. Necə deyərlər, özünə qayıdırsan. Bu özünəqayıdış da vətən sevgisini, vətən əsgəri olmaq istəyini daha da alovlandırır. Təbii ki, bütün bunlar ürəklə, istedadla yazılmış şeirin təsiri, müəllifin xidmətidir.

Kitabdakı bütün şeirlər hardasa bir ürəyin pıçıltısı kimi səslənir. Ona görə də bu pıçıltıların mövzusu fərqli olsa da, onlar arasındakı səmimiyyət və düşündürmək bağları o qədər möhkəmdir ki, hər şeirin ovqatını nümayiş etdirməklə bərabər hər şeirin də bir-birinin içində özünün eyni qələmə, eyni ruha bağlılığını da gizlətmir. Yəni bir az da sadə şəkildə ifadə etsəm, şeirlər həm də öz müəllifini tanıdırlar. Oxucu bilir ki, bir-biri ilə doğma olan bu bağlantı İsmayıl İmanzadəyə aiddir. Ona görə də kitabdakı «Qələm başdaşım olsun» şeirini oxuyanda mənim gəldiyim qənaət bir daha təsdiqlənir:

 

Çiçək açsın hər yanım,

Baxım durulsun qanım.

Teştim, təhnəm, xırmanım –

Sünbülüm, dənim olsun.

 

Nə selə dönüb axım,

Nə şimşək kimi çaxım.

Dumanlı-çənli dağım –

Şehli çəmənim olsun.

 

Dərə keçim yal aşım,

Düşmənlə hey savaşım.

Ölsəm, qələm başdaşım,

Kağız kəfənim olsun!

 

Bir oxucu olaraq mən bu şeiri oxuyanda daxilən inandım ki, İsmayıl İmanzadə qələminə o qədər bağlıdı, o qədər sayqılıdı və onun halallığını o qədər dərindən bilib inanc göstərir ki, tərəddüd etmədən onu özünə başdaşı kimi qəbul edir. Zənnimcə, bu cəsarətli qərar, qətiyyətli fikir yalnız qələmə, daha doğrusu öz qələminə güvənən yazarın içindən gəlib keçəbilər! . Çünki başdaşı bir nişanədi, ünvanın göstəricisidi. Əgər müəllif həmin ünvanın qələmlə tanınmasına həm istəklidir, həm də bundan çəkinmir, deməli, söhbət sözə halal xidmət edən qələmdən gedir.

Mən kitabdakı şeirlərin demək olar ki, hamısı ilə həmsöhbət oldum və hər birini, xüsusilə «Şuşa etüdləri» (lirik poema) ilə təmasda   bir daha özüm üçün qətiləşdirdim ki, İsmayıl İmanzadənin bu kitabında da müəllifin oxucuya deməyə kifayət qədər sözü var. Və o da kitaba çevirdiyi sözlərin hər birinin altından imzasını ürəklə, həm də böyük hərflərlə yazıbdır. Üstəlik o həm də gözü, könlü tox, inanclı, şükürlü adam olduğunu da etiraf edib:

 

Bir vədələr boylandıqca bələkdən,

Pay umurdum neçə arzu-diləkdən.

Həyat məni keçiribdir ələkdən,

Pöhrəyəm, sünbüləm, dənəm, - min şükür!

 

Süddən çıxmış ağ qaşıq ki deyiləm,

Tikanlı kol, sarmaşıq ki deyiləm.

Zatı-kökü qarışıq ki deyiləm,

Xoş soraqla gələn günəm, - min şükur!

 

Yaddır mənə iftira da, yalan da,

Sızlamışam bircə gül də solanda.

Taleyimin umuduna qalanda,

Demədim haa…duman-çənəm, - min şükür!

 

Dinc adamam, mənlik deyil qan-qada,

Gəc baxmadım nə doğmaya, nə yada.

Paxıllarım, bədxahlarım olsa da,

Amalımdan çətin dönəm, - min şükür!

 

Sərt üzü var həm qarğışın, həm ahın,

Kölgəsinə sığınmadım günahın.

«Közlərinə» mil çəkmişəm tamahın,

Haqqım var ki bərkdən dinəm, - min şükür!

 

Gah ehtiyac qorxudubdu gözümü,

Gah bir nankor çırpışdırıb közünü…

Yurd həsrətim qatlasa da dizimi,

Kəsilməyən səsəm-ünəm, - min şükür!

 

Yanaşıdır dayaz-dərin, - bilirəm,

Hər kəlmənim – sözün yerin, - bilirəm.

Həm acıyam, həm də şirin, - bilirəm,

Yaxın gəlin, baxx, bu mənəm, - min şükür!

 

Bəli, bu şeirin ilk misrasından sonuna qədər biz  İsmayıl İmanzadənin kimliyini də, həyata, insanlara münasibətini də və ən vacibi nəfsini, münasibətini qurub qorumaq  bacarmağının da şahidi olduq. Bir oxucu olaraq bildik ki, bizim şairimiz kimdir. Məncə bu sualın cavabını artıq hər kəs – yəni şeiri sona kimi oxuyub bitirən hər bir oxucu artıq bilir. Bilməyənlərə isə mən xatırladıram:

- İsmayıl İmanzadə!

 

  • Fevral:
  • 7

TƏQVİM / ARXİV