20 Iyul 2024 10:04
120
ƏDƏBİYYAT

Böyük xəzinə!... - Əlisəfa Azayev yazır

Bəlkə də, heç on iki yaşım yox idi. Beşinci, ya altıncı sinifdə oxuyurdum. Bir yeniyetmə fəhmi ilə özüm üçün nəticə hasil elədim. İmkansız bir ailənin övladıyam. Atam kolxoz sürücüsü, anam evdar qadın. Mən gələcəyimi necə qura, bir tərəfə çıxa bilərəm?! Qərarım qəti oldu: “Ancaq kitabla dostluq hesabına!”

O vaxtlar atamın xalası qızı Şamma qonşu Ərəbxana kəndində kolxoz kitabxanasında işləyirdi. Hər dəfə ora işə gedib-gələndə, yaxşı, maraqlı kitablar gətirərdi oxumağa. Yadımda idi, bir dəfə bibim Maşura onun gətirdiyi Viktor Hüqonun qalın cildli “Səfillər” romanını birinə göstərib, oğlu Əlimusanı öyürdü: “Bax da, halaldı ona... Bu boyda, qalın, neçə səhifəsi olan kitabı tam oxuyub qurtarıb. Bəlkə, 1000 səhifəsi var”.

Bu sözlər, söhbət sanki onun da həyat idealına təsir elədi. Məqsədi bir oldu, kitab oxumaq, kitaba bağlanmaq! Atası Soltan savadsız bir adam olsa da, elmə, savada, kitaba hörmət edən birisi idi. Hələ kiçik yaşlarından atadan yetim qalmış, ana himayəsində böyümüşdü. Elat camaatından olub, qoyun, mal-qara saxlamışdılar. Onun bu sözləri heç vaxt yadından çıxmır: “Xoş bir yaz günü idi. Qanqal yığmağa getmişdik. Qayıdanda, yolda atamın ölüm xəbərini eşitdim... Dərhal bütün qanqalları tozlu yola töküb, ağlar, göz yaşları içində kəndə tərəf qaçmağa başladım...”

Atam bir gün ona böyük hind ədəbiyyatının ölməz yadigarı olan “Kəlilə və Dimnə” kitabını gətirərək dedi: “Bunu sən də oxu, maraqlı kitab olduğunu deyirlər”. Bəlkə də, ilk dəfə heyvanların, quşların dili ilə insani münasibətlərin şahidi oldu. Həyat nə qədər mürəkkəb, ziddiyyətli, düşündürücü imiş. Bu qara cildli kitab başqa aləm idi...

Sonra da bir gün atası ona oxşar cilddə çap olunmuş “Qabusnamə” kitabını gətirdi. Həmin kitabdan ona məlum oldu ki, müəllif Keykavus bizim gözəl Gəncə şəhərində yaşayıb-yaratmışdır. Bu xəzinə idi. Oğluna müəllifin vəsiyyəti, tövsiyəsi halında yazılmış bu kitab gözəl insani münasibətlərdən bəhs edirdi.

Taleyin qisməti ilə bu kitablar orta məktəb illərində onun əsl mənada ömür yollarını işıqlandıran sehrli çıraqlardan biri oldu. Səbəbsiz deyil ki, atası o vaxt onu Qara şəhərdəki sürücülük məktəbinə aparmaq istəsə də, getmədi. Hüquqşünas olmaq istəyirdi. Bir gün də yolda maşınına Köhünlü kəndində müəllim işləyən, əslan Şamaxıdan olan bir müəllim əyləşir. Yolda söhbət düşür, deyir ki, Şamaxı Pedaqoji məktəbində adamları var, oğlunu həmin məktəbə qəbul etdirə bilər.

Atası çox sərt, ciddi adam idi. Əsl mənada stalinçi... Bir söz dedi, qurtardı. Onu sözündən döndərmək çətin olardı. Onda da belə oldu. Əlacsız qalıb Şamaxı Pedaqoji məktəbinə gedəsi oldu.

Yadında idi, üç yüz nəfərə yaxın tələbə böyük zalda əyləşmişdilər. Məktəbin direktoru, tarix elmləri namizədi Əziz Kərimov çox hörmətli bir adam idi. Tələbələrin səviyyəsin bilmək üçün sorğu-suala başladı. Sualların üçünə də bir-bir o cavab verəndə səsləndi:

- Yenə sən...

- ...

- Yaxşı cavab ver...

- ...

- Yaxşı, əyləşmə, de görüm hansı rayondan gəlmisən?

- Kürdəmirdən...

- Hansı məktəbdə oxumusan?

- Mollakənd kənd orta məktəbində... Tarix müəllimim də İbrahimxəlil Hüseynov olub...

Bəli, onda müəllim soruşmasa da, müəllimini yada salmağı, adını çəkməyi özümə borc bildim. Böyük Vətən Müharibəsi iştirakçısı, əslən Türkədi kəndindən olan İbrahimxəlil müəllim buna layiq bir adam idi. Şagirdləri ələ almağı bacarır, sinfi əsl mənada 45 dəqiqə müddətində ayıq-sayıq, elmə-sənətə məhəbbət ruhunda saxlaya bilirdi. Hamı ona, keçdiyi dərsə valeh idi. O sanki adi bir müəllim yox, böyük bir sənətkar idi. Elə ustalıqla danışır, hərəkət edir, xəritə qarşısında dayanıb əlindəki iri çubuqla lazımi yerləri göstərdi ki, sivri, iri uclu bu çubuq da həmişə əlində olardı. Sanki o iti uclu bir ox idi. Hər an hara isə sancılmaq qorxusu vardı...

Kitablarla dostluq onu beləcə Şamaxı Pedaqoji məktəbinə gətirdi. Sonra da Azərbaycan Dövlət Universitetinə. İndiki Bakı Dövlət Universitetinə. Hüquq fakültəsinə... Daha sonra isə onun aspiranturasına...

Yadında idi, Şamaxı Pedaqoji məktəbin bütün tədbirlərinə aparıcılıq edərdi. O vaxtkı İttifaq Sovetinə deputat olan böyük bəstəkarımız Qara Qarayev Şamaxıya – seçiciləri ilə görüşə gəlmişdi. Rayon mərkəzindəki böyük “Şirvan” mədəniyyət mərkəzində keçirilən həmin görüşün də aparıcısı o idi...

Bir gün pedaqogika müəllimi Əli müəllim ona xitabən dedi: “Ə, qərdəşim, bura sənin yerin deyil axı... Bir il gec olaydı, çıxıb instituta gedə bilməzdinmi?” Əlbəttə, bu otuz nəfərlik tələbə içində müəllimin ona verdiyi böyük qiymət, dəyər idi.

Məktəbi yekunlaşdıranda ona fərqlənmə diplomu vermək istədilər. 200 manat pul ardırıldı. Qırx ilə yaxın məktəb direktoru işləmiş dayısı Məhəmməd müəllim dedi: “Əlisəfa, sənə belə fərqlənmə lazım deyil. Həqiqətən də, o vaxtdan qəti qərarı oldu ki, həyatda nə əldə etsə, öz zəhməti hesabına əldə edəcək. Belə də oldu.

Universitetə qəbul vaxtı yazıdan 5/4 almışdı. Şifahi imtahan vaxtı komissiya sədri yaşlı müəllim soruşdu: “Yazıdan nə yazmışdın, oğul?” “Sərbəst mövzu yazmışdım... Səadət insanın öz əlindədir”. Bu sözləri deyəndə həmin müəllim eynəyinə əl gəzdirərək, diqqətlə ona baxa-baxa gülümsər halda dedi: “Çox sağ ol, oğul!... Deməli, həmin mövzunu 90 nəfər abituriyent arasından yazan yeganə sən olmusan”.

Kitabla dostluq universitetdə oxuduğum illərdə də köməyimə gəldi. Partiya tarixindən imtahan verirdik. Professor Seyfəddin Qəniyev “4” dedi. Mən etiraz etdim: “Mən hazırlaşmışam axı, “5” niyə almayım? Müəllim ciddiləşən kimi oldu: “Onda bir bilet də çək, zəif cavab versən “3” qiymət yazacağam”. Bilet çəkib, danışdı. Heç bir problem olmadı. “5” qiymət yazdı.

“Burjua ölkələrinin dövlət və hüquq tarixi” fənnini tədris edən Böyük Vətən müharibəsi iştirakçısı Əli Əliyevlə də belə bir vəziyyət yaşandı. “5” qiymət aldı.

Aspiranturada oxuyanda, “Pedaqogika” fənnindən imtahan verəndə, kişi müəllim “4” dedi. Yanında əyləşən qadın müəllimə ona tərəf əyləşib: “Axı niyə “5” qiymət verməyək? soruşanda, o, sözünü dəyişərək: “Yaxşı, “5” dedi”.

Həyatda da hər şeyə öz zəhməti bahasına nail oldu. Necə ki, bir vaxtlar hərbi xidmətdən qayıdıb, universitetə qəbul olmaq üçün getmək istəyəndə evdə yol pulu tapılmadı. Əlli manat pulu Ağasəlim kirvəgildən alıb gətirdilər. Onun hesabına atlı il universitet, dörd il aspirantura illərini yola saldı, diplom aldı, mütəxəssis oldu.

Doxsanıncı il seçkilərinin Respublika Xalq Deputatlığa namizəd oldu... Bir sözlə, on ilədək müəllim işlədi... Ulu Öndərə yazdığı təbrik məktubu köməyinə gəldi... Siyasi Büroya üzv namizədi seçilməsi, Sosialist Əməyi Qəhrəmanı adı alması münasibətilə... “Bilik” cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi işinə gətirildi. Sonra da on beş il Kürdəmir rayon XDS İcraiyyə Komitəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işlədi.

Sonra da ədliyyə işi... Dövlət notariusu oldu Siyəzəndə... Həm də illərlə Xızı, Şabran notariuslarını əvəz elədi. 1996-cı ildə hakim tutulub həbs ediləndə bir ilədək də Siyəzəndə məhkəməyə sədrlik.

Respublikanın 200 notariusu arasında ilk dəfə ədliyyənin ən böyük mükafatına – Ədliyyə Döş nişanına layiq görüldü.

Bəlkə də, bu sətirləri yazmayacaqdı. İllər boyu aspirant yoldaşı bildiyi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat Fazil Mustafa ilə həmin görüş olmasaydı. Qəbulunda olanda ona yenicə çapdan çıxmış “Notariusun qeydləri”, “Notariat sirri” kitabların ona təqdim edəndə, fərəhli halda dedi: “Çox gözəl... Onda bir şəkil çəkdirək...”

Bax Fazil bəyin böyüklüyü budu! Halal olsun ona! Kaş bütün vəzifə sahiblərimiz kitabı, müəllifi belə qiymətləndirə, önəm verəydilər! Böyük ingilis dramaturqu Vilyam Şekspir nahaq yerə deməmişdir ki: “Kitab mənim üçün tacdan qiymətlidir”. Kitaba bu yanaşma ilə münasibət bəsləyənlər həmişə qazanıblar, uduzmayıblar!... Bəli, kitab böyük xəzinədir!... Onun qədrini bilək!... Gələcəyimiz inkişafımız, firavanlığımız üçün!... Yaxşı deyiblər ki, görünən dağa nə bələdçi?! Dünyanın ən inkişaf etmiş ölkələri bu dirçəliş, sıçrayışa, yalnız kitaba xoş münasibətlə nail olublar!...