adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Sentyabr 2022 11:10
845
ƏDƏBİYYAT

 “BU  AXŞAM, ÖZÜMDƏ  YOXAM  BU AXŞAM...” - Vaqif TANRIVERDİYEV yazır

Kitab rəfini qaydaya salarkən  şəhər qəzetində işlədiyim illərdə  mətbəədə  linotipçiyə   xahiş  edərək  çuğundan tökdürdüyüm   “T.Vaqifin şəxsi kitabxanası” avtoqraflı   kitabları böyük maraqla yenidən vərəqlədim. Bu kitablar arasında  böyük şair Məmməd Arazın 1969-cu ildə  “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış    “İllərdən biri...” şerlər toplusu  diqqətimi cəlb etdi.     Tələbəlik illərində əlimizdən düşməyən bu kiçik  kitabçadan  ayrıla  bilmədim, təkrar oxudum.   O illərin  sevincləri,  ilk  sevginin  qanadlandırdığı  məqamlar xoş duyğular oyatdı, ötən günlərə əlçatmazlığın  xiffət hissini yaşatdı...  
  

 “İllərdən biri...” (o vaxtlar şair  Məmməd İbrahim imzası ilə nəşr olunurdu) kitabında    “Bir axşamın balladası”nı  xüsusi coşqu və etirasla oxuyardıq.  Bədii nümunələr insanın  düçar olduğu yaşam  faciəsindən  xilas ola  bilməməsinin möhtəşəm  poetik  ifadəsi, obrazlı bədii təcəssümüdür...

Ballada başlayır...

“...Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər...
Qanım bir hərarət alsın qanından,
Çıxım  bu fikirlər burulğanından...”     

Və bitir...
 
“...İlahi,  qəlbimə bir sevgi göndər,
 İlahi, yazıqdır, məni  sevənlər...” 

Və ya...

Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən sənə dəydi...
 
“Məndən ötdü, qardaşıma dəydi...”   şeirinin sonluğudur. Bu  şerdə ifadə olunan fəlsəfi mahiyyət qalın-qalın  romanlara  mövzu  ola bilər...  
 “İllərdən biri...”  kitabı  əsl şer çələngidir, xüsusilə məhəbbət şerləri əvəzsizdir. Həm də ona görə daha  gözəl idi ki, bizim sevən vaxtlarımız idi.  İllər keçib, il-il  böyüyüb, il-il yaşa dolmuşuq... Şerdə,  yaşadığımız o köhnə cəmiyyətdə  insanın  arzu və istəklərinin  “təntənəsi”,  icazəli cəsarətlə  ölçülən  azadlıq   hissi və bütün bu əllaməliklərin həyat həqiqəti kimi  poetik ifadəsi  indi  dərk  olunandır   və  şairin  “özümdə dəfn olunmuşam”  deyimi  əslində  hamımızın o vaxtkı yaşamımızın bir az gənclik ab-havalı, bir az  tale yazılı və  bir az da  cəmiyyət  sıxıntılı  acı həqiqətlərin poetik ifadəsidir.  

Kitabdakı   “Bir axşamın balladası”   şerii  yəqin yadınızdadır... Qeyd etdiyim kimi, yuxarıda gətirdiyim bəndlər də  həmin  balladadandır. Elə bu  qeydlər də  onda yaranmışdı.  İlk dəfə  şairin 1969-cu ildə  nəşr  olunmuş “İllərdən biri...” kitabında nəşr olunub. O kitabı  mənə, 1974-cü ildə  tələbə yoldaşımız Səməd Məlikov (İndi Səməd Məlikzadə imzası ilə yazır) bağışlayıb. Kitaba  ərklə ürək sözləri də yazıb:  “Böyük poeziyanın ən yaxın dostu,  tələbə yoldaşım Vaqifə  xatirə,   qoy  ürəyi  “sənsiz”ləyəndə oxusun”               

Aradan 48  il keçib. O kitabı saxlayıram, təkcə saxlamıram,  hərdən  oxuyuram, “hərdən”    sözü  bilmirəm yerinə düşürmü, daha  dəqiq  desəm, özümdə olmayanda, özümə qapananda  oxuyuram...

Şerlərdə  fəlsəfi mahiyyət,  fikir və düşüncələr   çox yığcam,  yüksək  bədii-poetik  dillə,   obrazlı duyum və  ilahi deyimlə  ifadə olunur.
Kitabda toplanmış məhəbbət şerləri o vaxtkı gəncliyin  dillər əzbəri idi:
 
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda...

(Sən məni sevsəydin)

Və ya...
 
Adın - demədinmi – dodaqlarımda,
Özün – demədinmi – gözlərimdəsən...
Adımı batırıb  qulaqlarında,
Özümü neylədin gözlərində sən?...
 
Məni gözlərində güllələdilər,
gözlərində dəfn elədilər...

(Gözlərin)

İttifaq  dövründə  nəşr edilən kitablarda ictimai mövzuda şeirlərin olması qəti  tələb idi. İndi “İllərdən biri...”  kitabını vərəqləyərkən  ictimai şeirlərdə ifadə olunan sətiraltı eyhamlar, sərt sovet  senzurasının da duya  bilmədiyi   azadlıq çağrısı  əsl vətəndaş mövqeyi  ilə ifadə olunmuşdur. “Məndən ötdü, qardaşıma dəydi”,  “Araz üstə çinar gördüm”, “Arazın işıqları”, “Ağlayan qayalar”  və bir sıra digər şeirlər müstəqil yaşamaq ehtirasının yüksək ustalıqla ifadə olunmuş bədii  nümunələridir. Gəncliyimizdə   ictimai mövzularda  yazılmış  şeirlər   bizim üçün maraqlı deyildi...”Ağ geyin sevgilim, olsan harda sən...”  ab-havası ilə qanadlanan vaxtlarımız idi.     

Nə isə, o vaxtlar kitabda toplanmış sevgi şeirlərini oxuyarkən aldığım  təəssüratları  vərəqə köçürürdüm,  həmin təəssüratlardır, gec də olsa sizinlə bölüşmək istədim. Məhəbbət şeirlərinə belə bağlılıq  gəncliyimizin sevgi ilə  dolub-daşan   dəli-dolu  məqamlarının,  xəyallarımızın qanadlı  vaxtlarında  umduğumuz  təsəllinin  ifadəsidir.                     

Şeir insana daha nə versin...    

Vaqif TANRIVERDİYEV
Gəncə