Cəmiyyətdən qaragüruha: Cahillər "hörmətli", ziyalılar, mütəxəssislər hədəf - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3855 | 2024-02-23 14:41

Cəmiyyətimizdə qəribə tendensiya yaranıb.Qəribəliyi bir yana həm də tendensiya gülünc bir aura yaradıb.

Kim ki, abituriyent kimi həvəslə ali məktəbə hazırlaşmayıb, tələbə kimi auditoriya görməyib, ali təhsil almayıb, akademiklərin, professorların, elm adamlarının mühazirələrini dinləməyib, onların əlaçı tələbəyə hörmət və ehtiramını sezməyib, oturuşunu, duruşunu, danışığını ləyaqətli müəllimlərinə və tələbə yoldaşlarına uyğunlaşdırmağa çalışmayıbsa,  ümumilikdə , mədəni və elmi sferada şəxsiyyətini tənzimləməyə çalışmayıbsa, cild-cild kitablar oxumayıbsa, imtahan, “zaçot”, "kurs işi", "dövlət imtahanı" həyəcanı keçirməyibsə, bütün bu prosesləri yaşayanlara yuxarıdan aşağı baxır. Ən pisi də odur ki, belələri – ali təhsili, eyni zamanda davranışı, danışığı, hərəkəti “kəm” olanlar şəxsiyyət kimi yetişmək, cəmiyyət, xalq, dövlət üçün faydalı olmaq üçün 4 il, 5 il öz üzərində işləyənləri, oxuyanları hədəf alırlar, onları lağa qoyurlar.

Cəmiyyəti qaragüruha çevirən, orta məktəbdən başqa sinif otağı tanımayan və öz üzərində işləməyən  cahil insanlara tez- tez raştlaşırıq  Məsələn, uzaq başı, peşə məktəbini bitirmiş bir şagird  Akif Rüstəmov, Cahangir Məmmədli, Zeynal Məmmədli və s. jurnalistikanın AS-larından mühazirə və dərslərindən əla qiymət almış, ali təhsilli, peşəkar jurnalistə “səndən jurnalist olmaz, ən yaxşı jurnalist elə mənəm “ deyirsə, deməli fəlakət artıq cəmiyyətimizə problem kimi daxil olub.


Keçək əsas məsələyə

Bu gün sosial şəbəkədə təsadüfən müğənni Ayan Babakişiyevanın paylaşımı haqqında xəbər oxudum. (Publika.az) Deməli, tərcümeyi-halında heç bir ali təhsil almadığı göstərilən müğənni hesabında yazıb: " Oxumaqla, savadla deyil. İnsanın içi gözəl olmalıdır ki, zibillikdə belə parlayan nəsə tapasan. Səviyyə söhbəti var, əzizim. Həyatınız məndən ibarət olub, bir az oyanın bu Ayan yuxusundan"..
Müğənninin “İnsanın içi gözəl olmalıdır” fikrini bəyənsəm də “Oxumaqla, savadla deyil” hissəsini heç bəyənmədim. Əslində zaman o qədər dəyişib ki, ali təhsil almadan nə yaşamaq mümkündür, nə də müəyyən bir çevrələrdə fikir yürütmək,  nə də ətrafında hörmət qazanmaq…Ağızdan çıxacaq sözü cilalamadan ağızdan çıxartmaq ən yüngül halda cahillikdir, deyərdim.


Düşünürəm ki, hətta üzdə olan peşə adamları, jurnalistlər, müğənnilər, aparıcılar mütləq ali təhsilli olmalıdır. Ali təhsil sözümü xahiş edirəm “diplom “ anlamı kimi qəbul etməyin, bu sırf danışıq, davranış, hərəkət, həyatını tənzimləmə qaydası kimi qəbul edilsin.
Baxın, oxumuş, ali təhsilli Faiq Ağayevin efirdə danışıq, oturuş, geyim tərzinə, bir də Aygün Kazımovanın, Röya Ayxanın tərzinə. Fərqi xırdalamağa dəyərmi?


İndi keçək, ali təhsili kəm olan Ayan Babakişiyevanın həyat yoluna. Əvvəlcə qeyd edim ki, Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub.

Uşaq yaşlarından fortepianoda ifa etməyi bacardığından, fortepiano üzrə orta musiqi təhsili almaq üçün musiqi məktəbində dərs alıb. Gəncədə M.Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. Hələ məktəbdə oxuduğu vaxtlarda həm orta məktəbin xorunun, həm də musiqi məktəbindəki uşaq xorunun solisti olub. Məktəblərarası musiqi yarışmalarında iştirak edib.

Professional səhnəyə Elçin İmanovun Sənin xatirinə mahnısı ilə gəlmişdir. "V&V company"nin dəstəyi və Aqil M. Quliyevin rejissorluğu ilə mahnıya klip çəkilmiş və rotasiyaya buraxılıb.


Əgər, bax, elə o dönəmlərdə ali təhsil arxasınca düşsəydi, sevdiyi sənəti aliləşdirməyə çalışsaydı, başına bəzi problemlər açmazdı. Bilirsiniz, Ayan hələ çox gənckən özündən 27 yaş böyük olan ailəli eyni zamanda məşhur idmançı ilə qeyri-qanuni yaxınlıq etdi. Hətta bilə-biləki, polkovnikin qızı, oğlu və nəvəsi var, ondan övlad dünyaya gətirdi. Biabırçılığın ən pik həddi isə polkovnikin Ayanı həyatının səhvi olduğunu deməsi oldu. O, “Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir” – deyə vurğuladıını da, əminəm,  unutmadınız.
 

Ayan xanımın sosial şəbəkədə yazdığı “Həyatınız məndən ibarət olub, bir az oyanın bu Ayan yuxusundan” atmacası da adamı düşündürməyə bilməz. Gör, hələ şou-biznesdə nə müğənnilər var ki, A.Babakişiyevaya köks ötürür. Onun səviyyəsinə qibtə edir.Ayanın yerində olmağı yuxusunda görür...Vay-vay...


Yəni, cəmiyyət bu qədərmi çürüyüb ki, artıq savadlı, ziyalı, elmli, intellektli şəxslər orta məktəb səviyyəsində biliyi, dünya görüşü, düşüncə, davranış , danışıq tərzi olanların hədəfinə, istehza və gülünc obyektinə çevrilib?


P.S. Yeri gəlmişkən, tanıdıqlarım arasında ali təhsili olmayanlar var, xeylidir. Amma onlar elə ailələrdən çıxıblar ki, elə tərbiyə alıblar ki, hətta ali məktəb bitirdiyini düşünürsən, müdrikliyinə və uzaqgörənliyinə şahid olursan, davranışına, danışıq, geyim, oturuş-duruşuna da heyran qalırsan. Vay o gündən ki, insan nə ailəsindən yaxşı şey əxz edir, nə özündəki əskikləri doldurmaq marağında olur. Ona görə də belə bir iyrənc mənzərə qarşımıza çıxır.


Əntiqə Rəşid

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV