adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Dekabr 2021 15:17
2285
LAYİHƏ

Davamlı sülh ümumibəşəri sosial-siyasi dəyərdir

Birgə yaşayışın əsas üsulu əməkdaşlıqdır

 

İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi?Bunun üçün, ilk növbədə, ermənilərin yerli mülki azərbaycanlılara Birinci və İkinci Qarabağ müharibələri zamanı davranışına diqqət edək. Həmin şəraitdə ermənilər qonşuları olmuş yerli azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlayıbmı?Ancaq I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyektləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər.Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı.

Ümumiyyətlə, Azərbaycan Ordusunun bölgədən qaçanlara hər an zərbə endirmək, onları PUA-larla vurmaq imkanı olsa da, bunu etməyib. Azərbaycanın bu cür humanist davranışı ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım edib.Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.

Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar.

Beləliklə, Azərbaycan vətəndaşı olan dinc ermənilərin geri qayıtması üçün şərait yaradır. Ancaq əsas məsələlərdən biri də dinc, silahlı və qonşusu olan ermənidən ziyan görən azərbaycanlı birgə yaşayışı qəbul edəcəkmi? Axı həmin ermənilər qonşusu olan azərbaycanlının evini dağıdıb, yurdunu talayıb.Çox çətin məsələdir. Ancaq mümkünsüz deyil. Fransız, alman və ingilis də bir-birinə qonşudurlar.

Tarixən onlar arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa İttifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb və unudulmur. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər. Törətdiyi soyqırımı cinayətlərindən də göründüyü kimi, ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan savayı çıxış yolu yoxdur. Əks halda bir zaman onları qorumaq üçün başqa bir dövlətin ordusu Azərbaycana, yaxud Cənub Qafqaza gəlməyə bilər. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır. Azərbaycanda yaşayan xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında hər zaman sülh və qarşılıqlı anlaşma olmuşdur. İşğaldan azad edilən torpaqlarda yaşayan ermənilər artıq yaxşı həyat sürəcəklər. Azərbaycan bunun üçün hər cür şərait yaradacaq.

Ermənistanın guya erməni əhalisinin Azərbaycan tərəfindən soyqırımına məruz qalacağı barədə iddiaları əsassız və yalandır. Elə olsa idi, bu gün Azərbaycanda minlərlə erməni sülh və əmin-amanlıq şəraitində yaşamazdı. Ermənistan hər zaman öz yalanlarını bu kimi iddialarla əsaslandırmağa çalışır. Ermənistanın artıq həqiqi imici ifşa olunub, dünya birliyi tərəfindən cinayətkar, uşaq qatili kimi tanınır. Bu gün Ermənistan əhalisinin 99%-ni ermənilər təşkil edir. Burada yaşayan digər xalqların və dinlərin nümayəndələri daim təzyiq altında saxlanılır. Ermənistanda azərbaycanlılara məxsus bütün abidələr, məscidlər, ziyarətgahlar, məzarlıqlar tamamilə dağıdılıb. Bu erməni vəhşiliyinin bariz nümunəsidir.

Təəssüflər olsun ki, bu günə kimi heç kim Ermənistanı bu cinayət əməllərinə görə qınamayıb.Dünya birliyi ikili standartlara son qoymağı Ermənistanın bu cinayət əməllərindən çəkindirməlidir. Ermənistanın bu cinayətləri törətməsinin əsas səbəbi bu günə kimi cəzasız qalmasıdır. Əgər zamanında Ermənistana sanksiyalar tətbiq edilsəydi, Ermənistan bu qədər cinayət törətməzdi və uzun illər Azərbaycan torpaqları işğal altında qalmazdı".Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərməyiblər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar (bu faktor da araşdırılmalıdır), döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük".

Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır.

Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək. Azərbaycan Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsilik Xidməti və başqa orqanlar hər kəs üzərində olduğu kimi, erməni əsilli azərbaycanlılar üzərində də nəzarəti aparacaqlar. Gələcəkdə kimsə qanuna əməl etməzsə, buna cavab verəcək. Ancaq bizim indi bu məsələni başqa şəkildə qoymağımız doğru olmazdı". Ermənilərin "böyük Ermənistan" xəyalları olmasaydı, bu gün həmin o birgə yaşayış davam edəcəkdi. Bütün olanlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz çərçivəsində Dağlıq Qarabağda ermənilərin yaşamağı mümkündür. Əgər istəyirlərsə, digər etnik qruplar kimi onlar da heç bir referendum keçirmədən Azərbaycanın tərkibində yaşaya bilərlər. Bundan başqa, məlumdur ki, bu gün Azərbaycanın müxtəlif şəhərlərində də ermənilər yaşamağa davam edir. Azərbaycan hər zaman tolerant, çoxmillətli və multikultural ölkə olaraq digər etnik qruplara qarşı dözümlü yanaşıb , eyni zamanda bu yoldan əsla dönməyi düşünmür.

Birmənalı şəkildə bilməliyik ki, hal-hazırki lokal və beynəlxalq hərbi siyasi reallıq Azərbaycanın suverənliyi təmin olunmaqla onun bayrağı, onun qanunları ilə birgəyaşayışı qaçılmaz edir. " Dəmir Yumruq " siyasətinin çoxilliklərə hesablanmış strateji planlarını həyata keçirmək üçün müvəqqəti taktiki addımlar bizi məqsədimizə aparan yeganə yoldur!

 

Kərim Novruzov,

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin tarix müəllimi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.