30 Sentyabr 2025 13:28
102
ƏDƏBİYYAT

Dəyanət Osmanlının yeni kitabları nəşr olunub

Müasir Azərbaycan ədəbiyyatında yenilikçi imzasıyla tanınan, şair-publisist Dəyanət Osmanlının “Seçilmiş şeirlər”inin (iki cilddə) I cildi çapdan çıxıb.

Adalet.az xəbər verir ki, kitabda müxtəlif illərin seçilmiş şeirləri və 1915-ci il Bakının erməni daşnak işğalından qurtuluşuna həsr olunan, 2015-ci ildə siyasi lirika kimi ədəbi aləmin diqqətini çəkən məşhur “İt nəfsi” və “Çörək ağacı” poema-pritçaları verilib.

Bu şeirlərdə əsas leytmotiv vətənçilik, türkçülük mücadiləsi duyğuları, keçmişə sayğı, gələcəyə inam olmaqla, həyat və talenin sürprizlərində, gerçək dərslərində yetişən insan obrazları özünəməxsus modern üslubla əks olunub. Nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru şair-publisist Rəşid Faxralıdır.

Eyni zamanda, həmin nəşriyyatda Dəyanət Osmanlının 60 illiyinə həsr olunmuş “Günbatana salam” adlı toplu nəşr edilib. Kitabda tanınmış elm, mədəniyyət xadimlərinin, yazar və tənqidçilərin şairin poeziya yaradıcılığı yolundan, ədəbi-mədəni, ictimai sferada xidmətlərindən bəhs edən məqalələrindən seçmələr və müsahibələr yer alıb. Nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, tərtibçi-redaktor filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır.

Qeyd edək ki, Dəyanət Osmanlı xeyli sayda əsərlərin müəllifidir, ədəbiyyata ötən əsrin 90-cı illərində gəlib, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür, TÜRKSOY-un bir sıra təltiflərinə, 2008-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.