SONUNCU SIĞAL

(Şəhid Rəşad Quliyevin qızı İnci ilə görüşdən)
Vətən müharibəsinin bağladığı ilk gündən ölkəmizin bütün yollarında Azərbaycanın bayrağı dalğalanır. Bu bayraqların hər dalğasında neçə şəhidin nəfəsi yayılır torpağımıza. Torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin son nəfəsləri sayəsində bu gün Azərbaycanda “Anım günü ” keçirilir, zəfər bayraqları ucalır. Azərbaycan xalqı 30 ildir ki, torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizə aparırdı. Bu məqsədlə mübarizə aparanlardan biri də Rəşad Quliyev idi.
Əslən Quba rayonundan olan Rəşad Quliyev 23 sentyabr 1983-cü ildə Bakıda anadan olmuşdu. Atasını altı yaşında itirən Rəşad onun vəsiyyəti ilə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verir, yuksək nəticələrinə görə birbaşa ikinci kursa qəbul olunur, daha sonra Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsini alır. Rəşad Quliyev 2016-cı ildə Aprel döyüşləri vaxtı Lələtəpə yüksəkliyinin alınmasında da yaxından iştirak etmişdi. O, düşmənlər tərəfindən “canavar” ləqəbi ilə tanınırdı. 2020-ci ilin sentyabr ayında təqaüdə çıxmalı olsa da, müharibənin başlaması səbəbi ilə əks hücum əməliyyatlarında könüllü olaraq iştirak edir. Vətən müharibəsində torpaqlarımızın qayıtması uğrunda döyüşmək hələ tələbəlik illərindən Rəşadın arzusu olub. O, Cəbrayıla daxil olan ilk komandir idi. Təəssüf ki, sonuncu döyüşü elə Cəbrayıl rayonunda olan polkovnikin yanına mərmi düşür. Özündən sonrakı əsgərlərə dağılın əmri verən komandir göz görə-görə irəli gedir. Yanındakı əsgərləri yaralansa da, Rəşad Quliyev qəhrəmancasına şəhid olur. “Canavar” ləqəbli şəhidimizin ailəsinə son sözləri isə belə idi: “Hazırlaşın, ya qəhrəman kimi dönəcəyəm, ya da şəhid kimi”.
II Fəxri Xiyabanda dəfn olunan Rəşad Quliyev ölümündən sonra 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunur. Təxminən bir ildən sonra sentyabr ayının 23-də “Anım günü” ərəfəsində şəhidin yaşadığı binanın yaxınlığında xatirə lövhəsi açılır. Ailəsi, yaxınları və cəbhə yoldaşları iştirak edirdi. Tədbirin sonunda söz ailə üzvlərinə verilir. Qızı İnci atasına həsr etdiyi seirini dedi.
Diqqətimi çəkən məqam isə İncinin saçları idi. İncinin uzun qara saçları vardı. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayında atası müharibəyə gedərkən qızının saçını sığallamış, öpmüşdü. Atasının şəhid xəbərini eşidən İnci onu bir daha görməyəcəyini anladı və o gündən saçlarını kəsməyə qoymadı. Atasının sonuncu sığalını, əlinin izini qoruyan qızı saçlarının ucunu atasının əlləri kimi əzizləyərək, tez-tez oxşayıb öpürdü.
Şəhid qızı kimi böyümək – uşaqlığını itirib bir qəhrəman kimi yoluna davam etməkdir.
Fidan Abdurəhmanova
Digər Xəbərlər

Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi

“Qərarlar ədəbiyyat ictimaiyyəti və naşirlər ilə məsləhətləşməklə verilməlidir”

AZƏRBAYCAN – MƏMMƏD ARAZ!
