adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 11:46
78
ƏDƏBİYYAT
A- A+

“Dünya İradə və Təsəvvür kimi” -  Firidun Ağazadə yazır

Bu günlərdə uzaqdayam, Almaniyada. Ürəyim Abşeronda, Şüvəlanda, Badamdarda...

Noyabr ayı bayramlar ayıdır, Noyabr bizim üçün keçmiş May ayını əvəz etməkdədir:

6 noyabr - Televiziya və Radio İşçiləri günü

6 noyabr - Bakı Metropoliteni İşçiləri Günü

8 noyabr - Zəfər Günü

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

9 noyabr – yazıçı-publisist, Əməkdar jurnalist İradə Tuncayın Doğum Günü

12 noyabr- Konstitusiya Günü

17 noyabr- Milli Dirçəliş Günü

21 Noyabr – Ədliyyə İşçiləri Günü

9 Noyabr “Məmməd Araz ocağının qızıl külçəsi” (fikir və ifadə Ayaz Arabaçınındır), hamımızın sevimlisi, istedadlı jurnalist, orijinal publisistikası ilə seçilən və sevilən İr.adə xanım Tuncayın doğum günüdür. İllərin o üzündən gələn Məmməd Araz sevgisilə, uzun illərin iftixar və ehtiramına “sabit qalmaq istəyilə” İr.adə xanımı təbrik edirəm, sağlam ömür arzu edirəm.

İradə Tuncay Azərbaycan jurnalistikasına onlarla gözəl portret yazları, yol-xatirə-səfər qeydləri, ən müxtəlif mövzularda bənzərsiz yazı mətnləri vermişdir. Onun mətnlərində tarix hissi çox güclüdür, tarixi ən müxtəlif rakurslardan təhlil edir, danışdırır.

İradə xanım redaktoru olduğu qəzetdə və saytda bir vaxt mənim də silsilə yazılarımı çap edib, təşəkkür edirəm. Amma bilməm niyə “Sarı odalar” kimi gözəl esselər kitabını yazmış, sonra onu da yazmış ki, “Sarı rəngdən qorxuram, sarı mistik rəngdir”... Amma mən sarı-qızılı rəngi sevirəm, Payızın rəngidir, möhtəşəm rəngdir. Bu ziddiyyətə rəğmən, biz İradə xanımı çox sevirik, çox istəyirik.

Hannoverdəyəm. Alman filosofu Artur Şopenhauerin məşhur fəlsəfi əsəri var: “Die Welt als Wille und Vorstellung” - “Dünya iradə və təsəvvür kimi” (“Мир как воля и представление”). Elə burda da “dünya İradə və Təsəvvür kimi”dir (“The World as Will and Representation”).

İradə Tuncay məni daha çox “Tərcüməçi” kimi tanıyır, “Cənab Tərcüməçi” deyə müraciət edirdi. Yeri gəlmişkən, telefonumda da İr.adə xanımın adı ingiliscə - “Will” kimi qeyd olunub. Günləri qabaqlayıb İradə xanımı indidən təbrik edirəm, heç nəyə baxmayaraq, elə bilirəm, hələ çox gözəl illərimiz də olacaq, dostlar çevrəsində xalqımızın böyük şairi Məmməd Arazı sevgili xatirələrlə yad edəcəyik. Çünki “Dünya gözəl, dünya gözəl dünyadı” , çünki elə Almaniyada da “dünya İradə və Təsəvvür kimi”dir”...

Qoy bu şeirim İradə xanımın Doğum Günü hədiyyəsi olsun.

Kimsə bayram günü anadan olub,

Ad günü ikiqat bayramdır, demək.

Kimsə Bayraq Günü anadan olub,

Adı Bayraq kimi ucalsın gərək.

Kimin doğum günü bayram günüdür? –

Ən isti sözlərlə tərif eləyək.

Kimin doğum günü Bayraq Günüdür? –

Əlini qaldırsın, təbrik eləyək.

Sevgilərlə,

Almaniya, Hannover, noyabr