Dünya Türk Qəhvəsi Gününü qeyd edin və Hər fincanda Türkiyəni kəşf edin
Səyahət edilən məkanın yerli təamlarını kəşf etmək onun mədəniyyətini, gündəlik həyat tərzini və ənənələrini daha yaxından tanımağa imkan yaradır. American Express-in 2026-cı il üzrə səyahət tendensiyalarına dair son hesabatına əsasən, respondentlərin 82 faizi yerli mədəniyyətlə yaxından tanış olmağa imkan verən praktiki təcrübələrin həmin mədəniyyətə marağı və rəğbəti artırdığını bildirir. Yerli mətbəx və dadlar da səyahət məkanını kəşf etməyin əsas yollarından biri kimi ön plana çıxır. Türkiyədə isə bir fincan türk qəhvəsi bütün bu təcrübələri özündə birləşdirir: zəngin kulinariya irsinin dadını təqdim edir, səmimi söhbətlərə şərait yaradır və əsrlərdir yaşadılan qonaqpərvərlik ənənəsini əks etdirir.
Özünəməxsus ətri, məxməri köpüyü və ənənəvi hazırlanma üsulu ilə seçilən türk qəhvəsi bu ortaq mədəni təcrübənin ayrılmaz hissəsidir. Onun zəngin tarixi irsi 2013-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına “Türk qəhvəsi mədəniyyəti və ənənəsi” adı ilə daxil edilməsi ilə beynəlxalq səviyyədə də tanınıb.
5 dekabr – Dünya Türk Qəhvəsi Günü Türkiyənin müxtəlif bölgələrində bu canlı ənənəni daha yaxından tanımaq üçün gözəl fürsətdir. Tarixi qəhvəxanalarda bir fincan qəhvə ətrafında söhbətə qoşulmaqdan tutmuş, bölgələrə xas qəhvə növlərini kəşf etməyə və ənənəvi hazırlanma üsullarını öyrənməyə qədər ziyarətçiləri zəngin qəhvə mədəniyyəti gözləyir. Bu mədəniyyətdə qəhvənin özü qədər, onun ətrafında yaranan söhbət və ünsiyyət də xüsusi yer tutur.
Türk qəhvəsi: Əsrlərə söykənən ənənə
Türkiyə çay mədəniyyəti ilə tanınsa da, türk qəhvəsi də gündəlik həyatda özünəməxsus və əvəzolunmaz yer tutur. XVI əsrdə Yəməndən İstanbula gətirilən qəhvə qısa müddət ərzində dünyada ilk qəhvəxanaların yaranmasına səbəb olub. İnsanların fikir mübadiləsi aparmaq, söhbət etmək və bir araya gəlmək üçün toplaşdığı bu məkanlar zamanla geniş yayılıb. Avropalı diplomatlar və tacirlər isə bu ənənənin Osmanlı paytaxtından kənara çıxaraq Avropada da tanınmasında mühüm rol oynayıblar.
Türk qəhvəsi özünəməxsus ətri və məxməri konsistensiyası ilə seçilir. Bəs onu bu qədər xüsusi edən nədir? Bunun sirri hazırlanma üsulundadır. İncə üyüdülmüş qəhvə dənələri “cezve” adlanan kiçik qabda su ilə birlikdə vam odda bişirilir. Məhz bu üsul qəhvəyə xarakterik köpüyünü və özünəməxsus dadını verir. Şəkərsiz və ya zövqə uyğun şəkər əlavə edilməklə hazırlanan türk qəhvəsi “fincan” adlanan kiçik fincanlarda, adətən, lokumla birlikdə təqdim olunur.
Gündəlik dost söhbətlərindən nişan mərasimlərinə qədər türk qəhvəsi insanları bir araya gətirir və qonaqpərvərliyin səmimi ifadəsi kimi yaşamaqda davam edir. Qəhvə süfrəsi ətrafında başlayan söhbətlər çox vaxt daha bir sevilən ənənə – fincanın dibində qalan çöküntüdən fal açılması ilə davam edir. Bütün bu adətlər səyahətçilərə gündəlik həyatın ritmini bir qədər yavaşıtmaq, xoş anları bölüşmək və yerli mədəniyyətlə daha yaxından tanış olmaq imkanı yaradır. Türkiyənin müxtəlif bölgələrində isə bu qəhvə ənənəsi fərqli dadlar və özünəməxsus çalarlarla zənginləşir.
Qəhvə qurmanları üçün Türkiyə üzrə kiçik qəhvə marşrutu
Türkiyədə türk qəhvəsinin izinə düşərək müxtəlif qəhvəxanaları gəzə, xüsusi ustad dərslərində iştirak edərək bu içkinin hazırlanma sənətinin incəliklərini öyrənə bilərsiniz. Lakin türk qəhvəsi mədəniyyətini daha dərindən tanımaq istəyirsinizsə, sizin üçün hazırladığımız bu qısa marşrut boyunca ölkənin müxtəlif bölgələrinə xas qəhvə növlərini kəşf edə bilərsiniz.
Səyahətiniz rəngarəng və dinamik İstanbuldan başlayır. Tarixi Yarımadanın Sultanahmet, Sirkeci və Eminönü kimi məhəllələri, eləcə də Karaköy, Qalata və Kadıköy kimi müasir bölgələri özünəməxsus ab-havası olan qəhvəxanalarla zəngindir. Təzə üyüdülmüş qəhvənin ətri ilə bu küçələrdə gəzişərək yolunuzu davam etdirin. Çox keçmədən isti qum üzərində və ya közün üzərində hazırlanan türk qəhvəsini dadmaq üçün rahat və özünəməxsus atmosferə malik bir məkan tapacaqsınız. Bu üsulla hazırlanan qəhvə daha dərin və dolğun dadı ilə seçilir.
Qəhvəxanaları gəzmək və fərqli qəhvə növlərini dadmaq təcrübəsini qəhvə mədəniyyəti ilə seçilən digər böyük şəhərlərdə, o cümlədən Ankara və İzmirdə də yaşaya bilərsiniz. Paytaxt Ankarada klassik türk qəhvəsinin dadına baxmaq üçün Tunalı Hilmi küçəsi və Çankaya kimi canlı məhəllələrdə yerli gənclərin sevimli məkanlarına çevrilmiş müasir qəhvəxanalara baş çəkə bilərsiniz.
İzmirdə isə Əlsancaqda İzmir körfəzinə açılan mənzərə qarşısında və ya bay pəncərələri ilə seçilən evlərin sıralandığı füsunkar ara küçələrdəki qəhvəxanalarda türk qəhvəsindən zövq ala bilərsiniz. Şəhərin “MICHELIN” ulduzlu restoranları ilə tanınan Urla bölgəsində, xüsusilə Sənət küçəsi boyunca yerləşən kiçik və rahat qəhvəxanalarda ənənəvi türk qəhvəsini dada bilərsiniz. Yaxınlıqdakı Alaçatıda isə saqqız ətirli türk qəhvəsini sınamağı unutmayın. Daş döşənmiş küçələr boyunca yerləşən qəhvəxanalardan birində bu xüsusi qəhvədən bir fincan içmək olduqca xoş təcrübədir.
Cənub-şərq istiqamətində yolunuzu davam etdirərək Qaziantepdə dayanmağa və 2024-cü ildə Avropa İttifaqının Qorunan Mənşə Adı (PDO) statusunu qazanan Qaziantep menengiç qəhvəsini dadmağa dəyər. Təbii olaraq kofein ehtiva etməyən menengiç qəhvəsi Pistacia terebinthus ağacının qovrulmuş meyvələrindən hazırlanır. Daha şərqdə, Şanlıurfa və Mardində isə kəskin acı dadı ilə tanınan mırra qəhvəsini sınaya bilərsiniz. Bu qəhvənin özünəməxsus tünd dadı dənələrin iki dəfə qovrulması ilə əldə edilir. Adıyamanda təqdim olunan karvansaray qəhvəsi isə qəhvə mədəniyyətinə müasir yanaşma gətirir. Qəhvə, şokolad, qaymaq, salep, keçibuynuzu, menengiç və saqqızın birləşməsindən hazırlanan bu içki zəngin və fərqli dadı ilə seçilir. Türkiyənin müxtəlif bölgələrində rast gəlinən digər sevilən növlərdən biri də dibek qəhvəsidir. Ənənəvi olaraq bu qəhvə dənələri adi dəyirmanda üyüdülmək əvəzinə, qovrulduqdan sonra daş həvəngdəstədə döyülərək hazırlanır. Müasir reseptlərdə isə ona müxtəlif ətirli inqrediyentlər əlavə edilərək fərqli dad çalarları yaradılır.
Türkiyə üzrə qəhvə səyahətiniz zamanı Osmanlı dövrünə aid autentik evləri ilə tanınan, UNESCO-nun Dünya İrsi Siyahısına və Cittaslow şəbəkəsinə daxil edilmiş Türkiyənin yeganə məkanı olan Safranboluda (Karabük) yerləşən Türk Qəhvəsi Muzeyini də ziyarət edə bilərsiniz. Türk qəhvəsi ənənəsini evində də yaşatmaq və ya yaxınları ilə bölüşmək istəyənlər üçün bu səyahətin ən gözəl xatirəsi isə xüsusi hədiyyə dəsti ola bilər. Dəstə cezve, bir paket incə üyüdülmüş türk qəhvəsi və iki ənənəvi çini fincan daxildir.
Digər Xəbərlər
18 Noyabr 2026 08:31
Marsda sirli buzlaqlar kəşf edildi
17 Noyabr 2026 16:47
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
17 Noyabr 2026 16:35
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
17 Noyabr 2026 12:20
“Su buxarı soyudularaq maye hala gətirilir və təmiz su əldə olunur”
17 Noyabr 2026 07:33
Açıq-saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb - Daha bir “bal tələsi” qalmaqalı
17 Noyabr 2026 07:32
Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
17 Noyabr 2026 07:30
Pasportları alüminium folyoya bükürlər
17 Noyabr 2026 07:18


Bakı -°C

