adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 08:31
48
MARAQLI
A- A+

Marsda sirli buzlaqlar kəşf edildi

Beynəlxalq tədqiqatçılar “qırmızı” planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər.

Adalet.az xəbər verir ki, “Earth and Planetary Science Letters” jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədir və Marsın keçmiş iqlim dövrlərinə işıq salmaqla yanaşı, gələcək insan missiyaları üçün mühüm su ehtiyatlarına işarə edir.

Alimlər NASA və Avropa Kosmik Agentliyinin (ESA) peyklərindən əldə edilən məlumatlardan istifadə edərək şimal yarımkürəsindəki Alba Mons vulkanı ətrafındakı kraterləri tədqiq ediblər. İkiqat peyk görüntüləri əsasında yaradılan üçölçülü xəritələr və kompüter modelləri vasitəsilə məlum olub ki, həmin 29 formasiya qayalar, toz və zibil ilə örtülmüş nəhəng buz kütlələrindən ibarətdir. Xarici qoruyucu təbəqə buzu atmosferin mənfi təsirlərindən qoruyur. Bəzi buzlaq yamacları 3 kilometrə qədər uzanır, strukturlar isə 209 metrə çatan dik qayalıqlarla bitir.

Planetimizin qonşusunda suyun mövcudluğu və onun təbəqələr altında qorunub saxlanılması barədə əldə edilən bu məlumatlar Marsa təşkil olunacaq gələcək missiyalar üçün su ehtiyatlarına çıxışı asanlaşdıra bilər. Tədqiqatçılar yaxın gələcəkdə Alba Mons bölgəsinin daha ətraflı şəkillərini toplamağı və planetin digər hissələrində oxşar strukturlar axtarmağı planlaşdırırlar.