09 Avqust 2024 09:00
314
LAYİHƏ

Dünyada Azərbaycan xalqından gözəl millət yoxdur

Əlbəttə, hər bir xalqın və hər bir millətin öz tarixi, adət-ənənəsi və kökləri var. Hansı millət ki, zəngin və qədim keçmiçə malikdir, o millət də həmişə digər xalqlar tərəfindən sevilir. Heç şübhəsiz ki, hər bir millətin sevilməsi və yadda qalması üçün o xalqın xeyirxahlığı, mərhəməti və humanistliyi çox böyük önəmli əhəmiyyət kəsb edir. Heç kim ayranına turş olsa belə, yenə turş deməz. Amma ayranı içən adam çox yaxşı biləcək ki, o ayran turş idi, yoxsa yox! İndi hər bir milləti tanımaq üçün, o xalqla, o insanlarla gərək yaxın olasan. Ən azından həmin ölkəyə səyahət edib, onun tarixi, mədəniyyəti və keçmişi ilə maraqlanasan. İnsanların içinə gedəsən, yaxınlıq edəsən və görəsən ki, onlar deyilən kimi sədaqətli, mərhəmətli, səmimidirlər, yoxsa əksinə!

Başqa millətləri deyə bilmərik, amma öz xalqımız və Azərbaycanımız haqqında çox şeyləri danışa bilərik, yada salarıq. Ən azından ona görə ki, bu xalqın neçə min illik tarixi keçmişi, mədəniyyəti, əxlaqı, dili və dini var. Təbii ki, öz milli dəyərləri və azərbaycançılıq ideyası ilə dünyanın qapılarını açan bizim xalqın heç bir millətə bənzəməyən mərdliyi, alicənablığı və ağır anında olan o başqa ölkələrə kömək etmək əməlləri var. Bunu heç kim inkar edə bilməz. Ona görə inkar edə bilməz ki, Azərbaycan bir dövlət olaraq, qonşuları ilə həmişə sülh və əmin-amanlıq şəraitində yaşayır və heç bir qonşusunun ərazisində gözü olmayıb, ora hücum da etməyib. Əgər belə bir şey varsa, qoy qonşu ölkələr o faktı ortaya qoysunlar. Qoya bilməzlər! Çünki bəzi qonşularımız kimi Ana Yasamızda ərazi iddiası yazdırmamışıq və gənclərimizin də beynini doldurmamışıq ki, filan yerlər bizim ərazimizdir, onları geri qaytarmaq lazımdır. 

Tarixdən yaxşı bəllidir ki, Ermənistan Azərbaycan ərazisində dövlət qurub. Amma biz heç vaxt bunu qabartmamışıq və o əraziləri geri qaytarmaq haqqında mübarizə aparmamışıq. Ancaq ermənilər olmayan ərazilərimizi öz adlarına çıxıblar və onu əlimizdən almaq üçün uzun illərdi mübarizə aparırlar. Biz tarixi xatırlayıb, heç də köhnə saman içi tökmək istəmirik. Biz onu demək istəyirik ki, tarix hər şeyə düzgün qiymət verir və haqq-ədalətdən qorxmaq, çəkinmək lazımdır. 

Azərbaycançılıq ideyalarının təbliği ən çox Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə geniş vüsət alıb. Çünki Azərbaycan təbii fəlakətlərə məruz qalmış, zəlzələdən və müharibələrdən ziyan görmüş qonşularımıza və eləcə də digər xalqlara birinci kömək əlini uzadıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ağır vəziyyətdə olan neçə-neçə ölkəyə kömək məqsədi ilə maşın-maşın karvanlarla ərzaq, qida, geyim əşyaları göndərilib. Azərbaycan bunların hamısını təmənnasız edib. Çünki bizim millət və bizim xalq yaxşılıq edəndə onun əvəzini heç vaxt gözləmir. İranda zəlzələ olanda elə ilk kömək karvanını Azərbaycan göndərib. Və bu karvan yük dolu olub və onun milyonlarla dəyəri var idi. 
Ukraynada müharibə başlayanda insanlar çox pis vəziyyətdə idi. Onların ev-eşiyi dağılmış, yurd-yuvası yerlə-yeksan edilmişdi. Yəni milyonlarla ukraynalı aclıq və yalavaclıq içindəydi.

Onda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukraynaya neçə-neçə ağır yük daşıyan təyyarə ilə ərzaq, qida, dərman, çadır, su və digər həyat üçün vacib olan məhsullar göndərildi. Hansı ki, Ukrayna ilə yaxınlıq edən bir çox dövlətlər hələ yardım əlini uzatmamış Azərbaycan bu köməkliyi təmənnasız elədi. Bu köməklik Azərbaycan Prezidenti İlham Əliyevin və xalqımızın böyük ürək sahibi olmasına dəlalət edirdi. Bu ona da dəlalət edirdi ki, Azərbaycan ona “dost” deyən xalqı heç vaxt çətin vəziyyətdə qoymayıb və qoymayacaq da!
Bir dəfə Bakıda bir ukraynalı vətəndaşla tanış oldum, səhv eləmirəmsə, ad-soyadı belə idi: Vitali Babinkov! O, mənimlə çox şirin söhbət elədi. Dedi ki, mən Kiyevdə yaşayırdım. Müharibənin ilk günlərində şəhərimizi bombaladılar və həyat yoldaşım isə uçmuş binanın altında qalaraq həlak oldu. İki oğlum və bir mən sağ qaldıq.

Bax, həmin vaxtlarda küçələrdə yaşayırdıq. Eşitdik ki, Azərbaycandan bizə çoxlu ərzaq, qida, su və çadır göndəriblər. O çadırı qurdular, çarpayı düzdülər, işıq çəkdilər və bir müddət orda yaşayaraq, sizin göndərdiyiniz ərzaqla dolandıq. Bu yaxşılıq heç vaxt biz ukraynalıların yadından çıxmayacaq. Bilirsiz niyə? Çünki belə bir deyim var: “Yaxşı dostu çətin gündə tanıyırlar”. Biz də sizi çətin gündə tanıdıq və çox sevdik. Sevdik ki, bizim azərbaycanlılar kimi sədaqətli dostlarımız var. Axı bir də ukraynalılarla azərbaycanlıların dostluğunun çox qədim və zəngin kökləri var. Bax, bugünkü dostluğumuz o qədim və zəngin köklər üstündə inkişaf edib. İndi Bakıya gəlmişəm, bir neçə köhnə dostumla görüşmüşəm, heç mənə mehmanxanada qalmağa imkan vermirlər. Hər gün biri qonaq aparır və hər gün biri mənim qulluğumda durur. Siz deyin, belə bir yaxşılığı unutmaqmı olar? Və mənim düşüncəmlə, bu cür təmənnasız yaxşılığı ancaq azərbaycanlılar edə bilər. Biz çox yerdə sizin qonaqpərvərliyinizdən və alicənablığınızdan danışanda çoxları buna inansa da, bəziləri şübhə ilə yanaşır. Onlara deyirəm ki, inanmırsınız, gedin Azərbaycana, görün düz deyirəm, yoxsa yalan danışıram. Onlar da Azərbaycana gəliblər, mənim dediklərimin şahidi olublar, sizin xalq tərəfindən sevgi hiss ediblər və geri qayıdanda deyiblər ki, biz dünyada belə böyük ürək sahibi olan millət görməmişik.

Azərbaycanlıların böyüklüyü odur ki, hətta düşməninə qarşı çox mərhəmətli olur. Bu günlərdə Fransada keçirilən Yay Olimpiadasında azərbaycanlı cüdoçu Hidayət Heydərov finalda qalib gələrək qızıl medal alıb və olimpiya çempoinu olub. Finaldan əvvəl o, fransalı cüdoçu ilə görüşüb və onu məğlub edib. Bizim idmançı qeyri-adi bir alicənablıq göstərərək, farnsız idmançını qucaqlayıb, alnından öpüb. Bax, bunu ancaq azərbaycanlı edə bilərdi. Hansı ki, fransız jurnalistləri canlı yayımda Azərbaycanın əleyhinə xoşagəlməz ifadələr işlətmişdilər. O, fransız jurnalistlərinin mədəniyyətsizliyi, bu hərəkət isə Azərbaycan idmançısının alicənablığı! Bax, dünya gərək buna qiymət versin!        
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.