SÖZÜN İŞIĞI İNSANLARI İSİDİR
Elə söz var ki, onu deməsən və başqasına söyləməsən adamın az qala ürəyi partlayar. Və bir də sözün işığı, nuru insanın qəlbinə əbədi bir rahatlıq gətirir. O söz ki biz onu həm insanların arasında, həm cəmiyyətdə, həm də kütləvi informasiya vasitələrində çox sakitliklə və ürəyiaçıqlıqla səsləndirə bilirik.
Heç kimə sirr deyil ki, uzun müddət bizim də yaşadığımız SSRİ-də söz, mətbuat, fikir və düşüncə azadlığı olmayıb. Kimsə həqiqəti, haqqı deyəndə ona bir damğa vurublar ki, sən Şura hökumətinin düşmənisən. Elə Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı bu sözə görə güllələyiblər. Çünki onlar haqqı, ədaləti xalqa çatdırırdılar və bu da mövcud hakimiyyətə heç cürə sərf eləmirdi. Yəni ötən əsrin 37-ci illərinin pıçıltısı indi də insanların qulağına çatanda çox adam diksinir. Çünki 37-də xalqımızın çox böyük şairləri, yazıçıları, ictimai xadimləri azad sözü ifadə etdiklərinə görə onun qurbanı olublar. Hətta onların ailələrini belə rahat yaşamağa belə qoymayıblar. Həftə səkkiz, mən doqquz evlərə hücum çəkiblər, o insanları səksəkə içində yaşadıblar.
Təbii ki, belə bir mövcud hakimiyyətin ömrü çox uzun olmamalı idi. Yəni 70 ildən sonra SSRİ dağıldı və onun tərkibindəki respublikalar müstəqillik yolu seçdi. Elə bu müstəqillik yoluna qədəm qoymaq da o qədər asan deyildi. 1988-ci ildən Azərbaycanda başlayan azadlıq hərəkatının qarşısını almaq üçün imperiya bütün vasitələrdən və təzyiqlərdən istifadə edirdi. «Azadlıq» meydanındakı siyasi xadimləri, şairləri, yazıçıları çıxışlarına görə «keqebe»yə aparır, orda sorğu-sual etdikdən sonra evlərinə buraxırdılar. Və tapşırırdılar ki, əgər SSRİ-nin əleyhinə sərt sözlər işlətsəniz daha ağır cəzalara məruz qalacaqsınız.
Bütün bunlar artıq tarixə çevrilib. Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqillik yoluna qədəm qoydu və bu yolda çox böyük çətinliklə və eyni zamanda bir çox problemlərlə üzləşməli oldu. Çünki yeni müstəqil dövlət dünyaya göz açan körpəyə bənzəyirdi. O körpəni böyütmək, ona qayğı göstərmək və ona yeni nəfəs vermək elə də asan deyildi. Çünki müstəqil Azərbaycanın inkişafına mane olan həm daxili, həm də xarici qüvvələr mövcud idi. Amma bütün bunların qarşısını almaq üçün Azərbaycanda yeni bir proses başlamışdı. Bu da demokratik yol, hüquqi dövlət quruculuğuna uzanan addımlar demək idi. Eyni zamanda demokratik ölkədə birmənalı olaraq söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığına münbit şərait yaradılmalı idi.
Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik yolunda inkişafına nail olmaq üçün çox böyük ağır yükün altına çiyin verdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə Azərbaycanın çox ağır vəziyyətində gəlmişdi. Bir yandan ölkəmizin 20 faiz ərazisi ermənilər tərəfindən işğal olunmuş, digər tərəfdən isə ölkə iqtisadiyyatı çox bərbad günə salınmışdı. Təbii ki, belə mürəkkəb durumda mövcud problemləri həll etmək elə də asan məsələ deyildi. Bir milyondan çox qaçqını olan insanlara şərait yaratmaq, iqtisadiyyatı inkişaf etdirmək və hərbi sahədə islahatlar aparmaq çox çətin və məsuliyyətli bir iş idi. Bununla paralel olaraq ölkədə demokratik mühitin formalaşması, söz, mətbuat və fikir azadlığına münbit şərait yaradılması əsas prioritetlərdən biri idi. Ümummilli Lider Heydər Əliyev çox yaxşı bilirdi ki, Azərbaycan demokratik yolu seçməsə Avropa ölkələri və eləcə də inkişaf etmiş ölkələr bizimlə o qədər də yaxın əlaqə qurmayacaqlar. Ona görə də ilk növbədə ölkəmizdə mövcud durum dəyişikliyə doğru getməli idi və getdi də!
İlk növbədə ölkəmizdə «qlavlit» adlandırılan senzura ləğv oludu. Bu senzuranın ləğv olunması ölkəmizdə mətbuatın, televiziyanın və eləcə də digər kütləvi informasiya vasitələrinin sərbəst inkişafına yeni bir nəfəslik yaratdı. O nəfəslik ki mətbuatda o vaxta qədər yazılmayan yazılar, deyilməyən sözlər çap olunmağa başladı. Yəni kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı azad və sərbəst surətdə öz fikir və düşüncələrini həm cəmiyyətdə, həm də müxtəlif ifnormasiya vasitələrində sərbəst surətdə ifadə elədi.
Bununla yanaşı, insanların azad toplaşması və müstəqil surətdə hərəkəti üçün lazımi şəraitin bərpa olunması öz müsbət nəticəsini verdi. Həmin dövrlərdə Azərbaycana xarici ölkələrdən gələn siyasətçilər, millət vəkilləri və qeyri-hökumət təşkilatının üzvləri Azərbaycandakı demokratik mühiti, söz və mətbuat azadlığını görür və bununla bağlı müxtəlif mötəbər qurumlara hesabatlar verirdilər. Düzdür, bəzən onların arasında ədalətli olmayan və ölkəmizə qərəzlə yanaşan siyasətçilər də vardı. Həmin siyasətçilər bulanıq suda balıq tutan adam kimi nəsə bir bəhanə axtarır, ölkəmizi nüfuzdan salmaq üçün müxtəlif yollar arayırdılar. Amma həqiqət isə gün işığı kimi bir şeydir, onun qarşısını qara buludlar nə qədər istəsə də ala bilmir.
Ölkəmizdə çıxan çoxlu sayda ictimai rəyə təsir edən qəzetlərin «Azərbaycan» nəşriyyatına borcları vardı. Həmin borcların olması üzündən 50-yə yaxın tanınmış qəzetin nəşri hər an dayandırıla bilərdi. Amma Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə qəzetlərin nəşriyyata olan borcları ləğv edildi. Bu isə o demək idi ki, çətin durumda çoxlu sayda qəzetlərə yenidən ikinci nəfəs verildi. Təbii ki, bunu qəzetlərin təsisçiləri və baş redaktorları da çox yaxşı anladılar və bildilər ki, dövlətin dəstəyi olmadan oxucuların səbirsizliklə gözlədiyi müstəqil qəzetlər heç vaxt işıq üzü görə bilməz.
Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizdə söz, mətbuat və düşüncə azadlığına «yaşıl işıq» yandırıb. Azərbaycanda dünya və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin keçirilməsi bunu deməyə əsas verir ki, ölkəmiz tutduğu demokratik yolla addımlayır və eyni zamanda məmləkətimizdə söz, mətbuat və düşüncə azadlığına daha yaxşı şərait yaradılır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bütün dünyanın diqqətini tək iqtisadi inkişafı ilə deyil, həm də söz, mətbuat və fikir azadlığı ilə özünə cəlb edir. Və bundan sonra da ölkəmiz bu yolla addımlayacaq.