DÜNYANIN ƏN GÜCLÜ ORDUSU

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra hərbi sahədə və ordu quruculuğunda çox böyük islahatlar apardı, yeniliklər həyata keçirdi. Çünki heç kimə sirr deyil ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi böhran yaşanmaqla yanaşı, ordu quruculuğunda da heç bir irəliləyiş və inkişaf yox idi. Üstəlik də hakimiyyətdə olan Xalq Cəbhəsi bu sahədə elə bir nailiyyətlər və uğurlar əldə edə bilməmişdi. Bununla yanaşı, siyasi hakimiyyətə gəlmək üçün çəkişmələr, münaqişələr davam edirdi. Elə həmin münaqişələr nəticəsində biz Kəlbəcəri, Şuşanı, Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını, Cəbrayılı itirdik. Başqa sözlə demiş olsaq, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olundu. Çünki onların dünyada havadarları, qahmar çıxanları, arxasında duranları çox idi.
Bax belə bir mürəkkəb situasiyada Azərbaycan az qalırdı öz dövlətçiliyini itirsin. Ona görə də xalqın və millətin tələbə ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gətirildi və bu xalq, bu millət onu özünə yenidən rəhbər seçdi. Əlbəttə, rəhbər olmaq asan idi, amma ən çətini o idi ki, səni seçən xalqın etimadını, inamını doğruldasan. Heydər Əliyev hakimiyyətə gəldi və qısa zaman kəsiyində Azərbaycanı çətin vəziyyətdən xilas etməyin yollarını axtarıb tapdı. On il ərzində ölkəmiz iqtisadi, hərbi və siyasi cəhətdən sürətlə inkişaf etdi. İlk növbədə ordu quruculuğuna böyük önəm verildi. Və artıq ordu öz gücünü 1994-cü ilin yanvarın əvvəllərində Füzulinin 22 yaşayış məntəqəsini və Horadiz şəhərini azad etməklə dünyaya göstərdi.
Azərbaycanda ordu sahəsində ən böyük uğurlar prezident İlham Əliyevin hakimiyyəti dövründə qazanıldı. Bir daha Azərbaycan Ordusu ən müasir silahlarla, ağır texnika ilə , döyüş maşınları ilə təchiz edildi. Ölkəmiz qardaş Türkiyənin qabaqcıl döyüş taktikasını və manevr üsullarını öyrəndi. Eyni zamanda zabitlərimiz və xüsusi təyinatlılarımız Türkiyədə xüsusi kurs keçərək daha da peşəkarlaşdı və hərbi sirrlərə yiyələndi. Bütün bunlar Ali Baş Komandan, prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edildi. Ermənilər tez-tez atəşkəsi pozur, sərhəd bölgəsini və eləcə də Qarabağdan yaşayış məntəqələrimizi müxtəlif tipli artileriya qurğularından atəşə tuturdular. Artıq 2020-ci il sentyabr 27-də Azərbaycanın səbr kasası tükəndi. Ermənilərin təxribatlarının, hücumlarının və yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısının alınması üçün Ali Baş Komandanın əmri ilə Azəobaycan Ordusu əks hücuma keçdi. Qanlı döyüşlər başladı və ermənilər düşünmədikləri və ağıllarına gəlmədikləri zərbələr aldılar. Belə ki, Azərbaycan ordusu sentyabrın 27-dən 30-na qədər İkinci Qarabağ savaşında Füzulinin və Cəbrayılın 8 kəndini işğaldan azad elədi. Təbii ki, bu döyüşlər elə belə döyüş deyildi. Çünki burda ölüm-dirim mübarizəsi gedirdi. Hətta ermənilərin havadarları Fransa da, Avropa da ona çalışırdılar ki, döyüşü saxlasınlar və danışıqlara başlasınlar. Amma Azərbaycan prezidenti İlham Əliyev heç bir təzyiqlərə və təsirlərə məhəl qoymayaraq döyüşün daha sürətlə davam etdirilməsini əmr edirdi. Heç şübhəsiz Azərbaycan ordusu qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün qüvvələrini və döyüş texnikalarını müharibəyə cəlb eləmişdi. Heç kimin ağlına gəlməzdi ki, Azərbaycan qısa zaman kəsiyində, daha doğrusu 44 gündə işğal olunmuş torpaqlarının hamısını azad edəcək. Amma bu xalq, bu millət cənab prezident İlham Əliyevin və Azərbaycan Ordusunun yanındaydı. Cənab Prezident də çıxışlarında deyirdi ki, müharibədə qəhrəmanlığı Azərbaycan xalqı göstərir.
Çünki biz hamımız bir yumruq kimi birləşməyi bacardıq və o yumruğu düşmənin başına endirdik.
Bax, belə ildırım sürətli döyüşlər nəticəsində Azərbaycanın işğal olunmuş yaşayış məntəqələri, qəsəbələri, şəhərləri azad olundu. Cəbrayıl azad olundu!... Hadrut azad olundu!.. Füzuli azad olundu!.. Qubadlı azad olundu!.. Zəngilan azad olundu!.. Şuşa azad olundu!.. Sonradan isə danışıqlar nəticəsində Ağdam, Laçın və Kəlbəcər erməni işğalçıları tərəfindən təmizləndi. Onlar tək torpaqlarımızı, Vətənimizi işğal etməmişdilər, həm də milli-mənəvi dəyərlərimizi əlimizdən almışdılar. 44 günlük tarixi mücadilədə Azərbaycan Ordusu həm torpaqlarımızı azad elədi, həm də işğal olunmuş milli-mənəvi dəyərlərimizi yağı düşmənin əlindən almağı bacardı.
Ermənilərin dönə-dönə dünyaya bəyan etdikləri «Ohanyan səddi» cəmi bir günün içində Azərbaycan Ordusu, Azərbaycan əsgəri tərəfindən darmadağın edildi. Onlar bu səddi tək Cəbrayıl və Füzuli istiqamətində yox, bütün işğal olunmuş ərazilərimizdə qurmuşdular. Və düşünürdülər ki, 30 il belə olub və bundan sonra da bu müdafiə səddi yarılmayacaq. Amma qüdrətli və güclü Azərbaycan Ordusu onların bu sədlərini bayaq dediyimiz kimi, bir neçə saatın içində darmadağın elədi.
Tarix göstərdi ki, İlham Əliyev kimi Ali Baş Komandanı və prezidenti olan güclü orduya sahib olan ölkənin torpaqlarını işğal altında saxlamaq mümkün deyil. 44 günlük mücadilənin və möhtəşəm qələbənin davamı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-da və 20-də lokal antiterror əməliyyatı ilə başa çatdı. Bu əməliyyat cəmi 23 saat 43 dəqiqə çəkdi. Bir daha dünya gördü ki, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan Ordusu necə qüdrətli bir qüvvədir. Çünki dünya hərb tarixində heç vaxt belə unikal əməliyyat olmamışdı. Ermənilər ağ bayraq qaldırdılar, təslim oldular və silah-sursatları təhvil verdilər. 23 saat 43 dəqiqəlik möhtəşəm döyüş Azərbaycanın ərazi bütövlüyünü bütövlükdə təmin etdi və dünya tarixində Azərbaycan işğal olunmuş torpaqlarını tamamilə azad etməklə yenidən bir səhifə yazdı. Qoy dünya görsün ki, Azərbaycan hansı hərbi gücə və qüdrətə malikdir. Bax, buna görə də bütün dünya bu gün bizimlə razılaşmağa məcburdur. Kimsə ərazi bütövlüyümüzə göz diksə və hansısa hərbi əməliyyatı aparsa bax, belə bir dərs alacaq. Yəni başında Dəmir Yumruğu görəcək!
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

TİKA həkimlər üçün “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim təşkil edib – FOTOLAR
