16 Avqust 2024 09:00
3877
LAYİHƏ

DÜNYANIN GÖZÜ AZƏRBAYCANDA

Böyük ölkələr elə təsəvvür edirlər ki,  Azərbaycanın  ermənilər tərəfindən işğal olunmuş 20 faiz torpağı  hələ uzun illər ermənilərin nəzarəti altında qalacaq. Hətta düşünürdülər ki, 30 il azdır, bir 30 il də o torpaqlar işğal altında qalmalıdır. Təəssüf ki, onlar nə beynəlxalq hüquqa, nə də Birləşmiş Millətlər Təşkilatının çıxardığı  4 qətnaməyə heç bir məhəl qoymurdular. Əksinə, Qarabağ  problemini  dondurmaq üçün dəridən-qabıqdan çıxır və ermənilərə  havadarlıq edirdilər. Ermənilər də o «dayılarına» çox arxayın idilər. Çünki 2016-cı ilin aprelində Azərbaycan ordusu  əks hücuma  keçərək işğal altında olan min hektarlarla torpaq sahəsini ermənilərdən azad eləmişdilər. Amma onların havadarları müxtəlif yollarla söz verərək, ya da təzyiqlərdən istifadə  edərək o döyüşləri  saxlada  bilmişdilər. Və buna görə də  ermənilərin ağzında  şirə yeri qalmışdı. 

Ancaq çox nahaq. Artıq  Azərbaycan  ermənilərə  çox güzəşt  etmişdi və onların nazı ilə oynamışdı. Bu isə o demək idi ki, artıq  hər şey bitib və  bıçaq  sümüyə dirənib. Belə bir zamanda yenə ermənilər 2020-ci ilin  sentyabrın  əvvəllərindən başlayaraq  bütün sərhəd boyu yaşayış məntəqələrimizi fasiləsiz olaraq iriçaplı silahlardan və artileriyalardan atəşə tuturdular. Azərbaycan prezidenti ermənilərin atəşkəsi pozması  ilə bağlı dəfələrlə  mötəbər  kürsülərdə öz fikirlərini  səsləndirmiş, onların qarşısını  almağı bildirmişdi. Çox təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə də ermənilərin havadarları işğalçını  heç cürə  susdura bilmirdi. Təbii ki, Azərbaycan  öz hüquqlarını həm beynəlxalq səviyyədə, həm də daxildə özü qorumağa  məcbur idi. Ən azından  ona görə ki, demokratiyadan, insan hüquqlarından və söz azadlığından dəm vuran  ermənilərin havadarları bu atəşkəsə əməl edilməməsinə soyuqqanlı yanaşır, onun qarşısını almır, əksinə,  təcavüzkarı  dəstəkləyirdilər.

Aydındır ki, bütün bu məsələlər  Azərbaycan prezidenti, Ali Baş Komandan  İlham Əliyev  tərəfindən  diqqət mərkəzində saxlanılır, ermənilərin  hər addımı, hər cür  fəaliyyəti bir an olsun belə Azərbaycan  ordusunun nəzarətindən yayınmırdı. Ermənilər  artıq qudurmuş itə bənzəyirdi. Qudurmuş  iti isə  ancaq öldürməklə  ondan can qurtarmaq olar. Ona görə də  ermənilərin  atəşkəsi  pozduğuna  görə Ali Baş Komandan, Azərbaycan prezidenti  İlham Əliyev Orduya sentyabrın  27-də hücum əmri verdi.  Bəli,  sentyabrın 27-də Azərbaycan Ordusu  bütün cəbhə boyu istiqamətdə döyüşə atıldı, təpədən-dırnağa qədər müasir   silahla və ağır texnika  ilə təchiz  edilmiş  Azərbaycan ordusu bir neçə günün içində Füzulinin və Cəbrayılın  6 kəndini işğaldan azad etdi. Bu 6 kəndin  qısa zaman kəsiyində azad edilməsi Azərbaycan  ordusunda çox böyük  ruh yüksəkliyi  yaratdı. Yəni Azərbaycan  ordusu  ermənilərə və onların  havadarlarına  bir daha göstərdi ki, bu ordu ötən əsrin  90-cı illərinin əvvəllərində olan ordu deyil. Bu ordu NATO standartlarına uyğun  hazırlıq keçmiş, təlim görmüş və hər cür  çətinlikləri dəf etməyə qadir olan qüdrətli bir ordudur. 

Uzun müddət   ermənilər öz ordusu haqqında elə bir mif yaratmışdılar ki, onların  ordusu Cənubi Qafqazın ən güclü ordusudur. 

Azərbaycan ordusu  hər gün, hər saat, hər dəqiqə irəli getmək haqqında düşünürdü və bu ordu  ermənilərin 30 il yaratdığı möhkəm istehkamları, müdafiə xəttini düşmənin  dili ilə demiş olsaq, «Ohanyan səddi»ni bir neçə saatın  içində darmadağın etdi. Çünki bu ordunun  başında duran Ali  Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev döyüşən igidlərimiz  üçün hər  cür şərait yaratmışdı. Bayaq dediyimiz kimi, ən müasir texnika, silah, ağır və yüngül silahlarla  Azərbaycan  ordusu daha da möhkəmlənmişdi. 

Artıq hər gün biz televizorun qarşısında oturub Ali Baş Komandanın xalqımıza verəcəyi xoş müjdəni  gözləyirdik. Gözləyirdik ki, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Hadrut, Şuşa, Laçın, Ağdam nə vaxt erməni işğalından azad olunacaq. Artıq ilk  sevincli xəbəri biz eşitdik – Cəbrayıl şəhəri  erməni  işğalından  azad olundu. Bu o deməkdir ki, ermənilərin müdafiə səddi darmadağın dağıdılmışdı və  onlar döyüşmək əvəzinə  canlarını sağ-salamat götürüb qaçmaq haqqında düşünürdülər. Çünki canlı qüvvə və texnika sarıdan  onlar bir neçə gün ərzində  böyük  itki vermişdilər. Ermənilər  elə düşünürdülər ki, aprel döyüşlərində olduğu kimi, yenə  onların havadarları  Azərbaycan  ordusunun  hücumunun qarşısını alacaq və onlar da rahat oturub  işğal olunmuş torpaqlarımızda yaşayacaqlar. Amma onlar gördülər ki, yox, bu həna o hənadan deyil. yeganə  çıxış yolu ya döyüşmək, ya da ki bu torpaqlardan qaçıb getməkdir. Onlar döyüşmək istəmir və qaçmağa  üstünlük verirdilər.

Azərbaycan  əsgəri isə  aslan kimi,  şir kimi döyüşürdü. Artıq rayonlarımız bir-bir  işğaldan azad olunurdu. Cəbrayıldan sonra Hadrut işğaldan  azad edildi… Füzuli işğaldan azad edildi… Qubadlı  işğaldan azad edildi…  Zəngilan işğaldan  azad edildi… Sonda da noyabrın  8-də Azərbaycanın üzük qaşı olan Şuşa  erməni  işğalından azad olundu…

Və ermənilər  məcbur olub  2020-ci il  noyabrın  10-da təslimolma Bəyannaməsinə imza atdı. Bu Bəyannaməyə Azərbaycan prezidenti  İlham Əliyev, Rusiya prezidenti  Vladimir Putin imza atmışdılar. Bəyannamədə qeyd edilirdi ki, noyabrın 10-dan atəşkəs  elan olunur və erməni ordusu  müəyyən edilmiş  vaxt kəsiyində Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər  rayonlarından çıxırlar. Həmin vaxt tamam olanda  erməni  ordusu bu yaşayış məntəqələrindən çıxmağa  başladı. Amma  yaşayış məntəqələrindən çıxarkən yenə ermənilər  öz xislətlərini  göstərdilər, yəni  evlərə, meşələrə  od vurdular. Onların əlacı  olsaydı Qarabağ  torpaqlarını  bellərinə şəlləyib  Ermənistana  aparardılar. Amma ermənilər Ermənistana elə bir şey apara  bilmədilər, ancaq  öz canlarını  götürüb qaçdılar.

44 günlük  İkinci Qarabağ savaşı  bir daha  təsdiq etdi ki, Ali Baş Komandan, prezident İlham Əliyev, Azərbaycan  xalqı və Azərbaycan  ordusu bir  yumruq kimi  birləşmişdi. Bu yumruğun  qarşısında nə erməni ordusu, nə də onların havadarları  44 günlük  tarixi  savaşda dayana bilmədilər. Dünya  tarixində  analoqu və oxşarı olmayan  çox  möhtəşəm bir əməliyyat  həyata  keçirildi. Mülki  əhalinin  birinin belə  burnu qanamadan Azərbaycan ordusu  işğal altında olan  torpaqlarımızı azad etdi. Hətta dünyanın ən güclü ordusuna malik olan ABŞ və Avropa ölkələri belə hər hansı ölkədə  müharibə apararkən mülki əhaliyə  və infrastruktura  böyük ziyan vurur, şəhərləri  xarabaya çevirirdilər. Amma Azərbaycan  ordusu  elə bir  əməliyyat  həyata keçirdi ki, bu tarixi döyüşün  taktiki formaları bu gün də dünyanın hərbçiləri  tərəfindən araşdırılır, öyrənilir. Çünki qüdrətli  Azərbaycan ordusu XXI əsrin çox qeyri-adi və unikal Şuşa əməliyyatını  həyata keçirməklə dünya hərb tarixində yeni bir qızıl səhifə  yazdı. Və bu  qızıl səhifə göstərdi ki, Azərbaycan  ordusu  və əsgəri dünyanın ən döyüşkən, cəsur ordusu və əsgəridir. Allah  Azərbaycan əsgərini  qorusun!

 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.