17 Iyul 2024 15:11
320
ƏDƏBİYYAT

DÜNYAŞÖHRƏTLİ CƏMIYYƏTIN SEÇILMIŞ ÜZVÜ

Bir müddət əvvəl İngiltərənin paytaxtı Londondan ölkəmizə daxil olmuş xoş xəbər bütün Azərbaycan geoloqlarının sevinc və fərəhinə səbəb oldu. Və bu xəbər  daha çox mədənçiliklə məşğul olan  gənc geoloqlar  üçün  qürur və  ilham  mənbəyinə  çevrildi“. Azerbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (“Azərbaycan Beynəlxalq Mədən Əməliyyat  Şirkəti”)  geoloji  kəşfiyyat işləri üzrə meneceri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyev bu ilin aprel ayında ABŞ-ın və İngiltərənin İqtisadçı geoloqlar Cəmiyyətinin seçilmiş üzvü dərəcəsinə layiq görülmüşdü. Bizim hər birimiz üçün bu xəbər nə qədər xoş olsa da, bu bütün həyatını ölkəmizdə filiz geologiyası elm sahəsinin inkişafına  həsr etmiş istedadlı və işgüzar, daim öz üzərində çalışan, Gədəbəy bölgəsində bir sıra yeni qızıl yataqlarının kəşf olunmasında böyük xidmətləri olan gənc alim-geoloq, gözəl insan Anar Vəliyevin   fədakar əməyinə verilən layiqli qiymətdir.

Dünyanın ilk İqtisadçı Geoloqlar Cəmiyyəti Amerika Geoloji Cəmiyyəti üzvlərinin 1919-cu ildəki toplantısında təsis edilmişdi. Cəmiyyət 28 dekabr 1920-ci ildə A.M. Bateman, V.H. Emmons, L.C. Qraton, J.F.Kemp, A.C.Lavson, U.Lindqren, R.A.F. Penrose, Jr., R.H. Sales, J.E. Spurr və H.V. Vinchell kimi 60-a qədər    görkəmli mütəxəssis alimlərin ilk üzvləri seçildiyi bir təşkilat  İngiltərədə fəaliyyətini genişləndirmişdi. Onu da qeyd edək ki, adı çəkilən böyük alimlər, xüsusən V.H. Emmons və U.Lindqren XX əsrdə dünyada geologiya elminin sıçrayışla inkişafında və təşəkkülündə böyük rol oynamış və adları bütün universitetlərin geoloji  dərsliklərində yer almışdır. Bu gün həmin Cəmiyyətin dünyanın 127 ölkəsində fəaliyyət göstərən 10243 üzvü vardır ki, onlardan yalnız 1748-i seçilmiş üzv dərəcəsinə layiq görülmüşdür.

Fəxrlə qeyd edə bilərik ki, Azərbaycanımızın yetirməsi  Anar Vəliyev də dünya şöhrətli bu nüfuzlu təşkilatın bölgə ölkələri arasında ilk və yeganə seçilmiş üzvdür.
 

Vəliyev Anar Ələsgər oğlu 25 aprel 1983-cü il tarixində Ucar rayonunun Bərgüşad kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Anarın ata babası Möhsüm kişi nəvələrinə xatirələrindən danışarkən qeyd edərmiş ki, onun atası papaqçı Məhsim kişi XIX əsrdə Şamaxıda baş vermiş dağıdıcı zəlzələ nəticəsində ailə üzvlərinin böyük hissəsini itirdikdən sonra   Şamaxıdan Bərgüşada köçmüşdür. O illərdə Şamaxıda nəsilliklə papaqçılıqla məşğul olan məşhur, seçmə ustalar var idi. Həmin vaxtlar kişi papağı mərdlik, namus, qeyrət, cəsarət simvolu olduğu üçün hər ustanın da yüksək keyfiyyətli papaq tikməsi mümkünsüz idi. Bu işə yüksək peşəkarlıq tələb olunurdu. Belə peşəkarlardan biri də Məhsim kişi idi. Sonralar Möhsüm kişi də Bərgüşadda atasının papaqçılıq sənətini davam etdirmişdi. Fəqət qanlı İkinci Dünya Müharibəsi hər şeyi yarımçıq qoydu. Möhsüm kişi 1939-cu ildə müharibəyə yollanmış, 1942-ci ildə ürəynin sağ divarından ağır güllə yarası almasına baxmayaraq 1945-ci ildə müharibənin sonuna qədər vətəni qorumaq üçün döyüşmüş və bir çox medallarla təltif olunmuşdur. Anarın uşaqlıq illəri Möhsüm babanın xoş və şirin söhbətlərini, müdrik məsləhətlərini dinləməklə keçmişdi. Sonralar atası Ələsgərin işi ilə bağlı ailələri paytaxt Bakıya köçməli olmuşdur.

Anar 2000-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda, 9-cu mikrorayonda yerləşən, Milli Qəhraman Famil İsgəndərovun adını daşıyan 157 saylı orta məktəbi bitirmişdir. Həmin məktəb o illərdə nizam-intizamın, tədrisin və ali məktəblərə qəbul nəticələrinin yüksəkliyinə görə Azərbaycanın qabaqcıl məktəblərindən biri hesab olunurdu. Məhz Anargilin siniflərinin şagirdləri də məktəbin uğurlarını davam etdirərək
95%-dən çoxu ali məktəblərə daxil olumuşdu.

Anar əmisi Azərbycanın əməkdar neftçisi Əlimöhsüm Məsimovdan ruhlanaraq geoloq olmaq qərarına gəlmiş və 2000-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olmuşdur. O təhsil aldığı müddətdə AMEA üzvləri Vasif Babazadə və Arif İsmayılzadə, professorlar Vaqif Ramazanov, Nazim İmamverdiyev, Musa Məmmədov, Dəmir Əhmədov, Sərdar Səmədov, Tofiq Şahsuvarov kimi böyük geoloq alimlərdən təhsil almış 2004-cü ildə bakalavr, 2006-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək böyük alim, akademik Akif Əlizadənin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya instutununun “geokimya və petrologiya” şöbəsində doktorantura pilləsinə qəbul olmuşdur. Həmin şöbəyə uzun illər rəhbərlik etmiş professor Musa Məmmədov Anara elmin incəliklərini öyrətmiş, geologiya-mineralogiya elmləri namizədi Gültəkin Babayeva isə riyazi geoloji məsələlərin   tətbiqində ona dəstək olmuşdur. O, 2014-cü ildə Azərbaycan geologiyasına daim yeni elmi ideyalar gətirməsi ilə seçilən professor Nazim İmamverdiyevin elmi rəhbərliyi ilə “Kiçik Qafqazın Azərbaycan hissəsinin Üst Pliosen-Dördüncü dövr kolliziya vulkanizminin petrogeokimyəvi modeli, filizəmələgəlmə potensialı” mövzusunda elmi tədqiqat işi müdafiə edərək Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Anar Vəliyev 14 elmi əsərin, 27 tezisin, 1 monoqrafiyanın və İngiltərədə çap olunmuş “Vulkanologiyada yeniliklər” (Updates in Volcanology) kitabının həmmüəllifidir. Anar həmçinin qeyd olunduğu kimi ABŞ və İngiltərənin beynəlxalq nüfuzlu İqtisadçı Geoloqlar Cəmiyyətinin (Society of Economic Geologists) seçilmiş (fellow) üzvüdür.

O, paralel olaraq Azərbycanda Dövlət müstəqilliyi əldə olunandan sonra yaradılmış ilk beynəlxalq mədən şirkəti olan “Azerbaycan İnterneyşnl Mayninq Kompani Limited”də 2005-ci ildə əmək fəaliyyətinə başlamışdır. Geologiya elminin praktik sirlərinin öyrənməsində ona Azərbaycan Respublikasının əməkdar geoloqu Akir İsazadə, Azərbaycanın ən iri qızıl yataqlarından biri olan Çovdar yatağının ilk kəşfçilərindən Həsən Çələbi, Naxçıvan MR-da kəşf olunmuş bir çox yataq və təzahürlərin ilk kəşfçilərindən Mirməcid Seyidov kimi məşhur geoloqlar müəllimlik etmişdir. O, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin “Gədəbəy saziş sahəsi”-də kəşf olunmuş Qədir, Uğur, Gilar və Zəfər qızıl-polimetal filiz yataqlarının ilk kəşfçilərindən biridir. O hazırda həmin şirkətin geoloji kəşfiyyat işlərinə rəhbərlik edir.

Anar hal-hazırda da akademik Vasif Babazadə, elmi rəhbəri olmuş professor Nazim İmamveriyevlə, Amerikanın Mayami Universitetinin professoru Yildirim Dileklə, İngiltərənin Təbiət Tarixi İnstitunun professorları Jamie Vilkinson, Robin Armstronq, Konya Texnik Universitetinin professoru Fetullah Arik, dünyaca məhşur geoloqlar professor Richard Sillitoe, Bob Foster kimi alimlərlə ortaq elmi layihə və məqalələr üzərində çalışmaqdadır...

...İnsanın əmək fəaliyyətini əhətə edən çoxsaylı ixtisasların hər birinin öz gözəlliyi və özünəməxsusluğu vardır. Peşəkarlığın əsas meyarı  insanın seçdiyi peşəyə bağlılığı, onun sirlərinə və incəliklərinə yiyələnməsi ilə müəyyən olunur.  Bununla yanaşı, mövcud olan ixtisas növləri içərisində digər peşələrdən  bir qədər fərqli olan fəaliyyət növü də vardır. Burada çöl mövsümü zamanı işçinin əmək fəaliyyəti vaxt məhduduluğu ilə  bağlı olan gərgin əməklə, çoxlu fiziki qüvvə sərfi ilə, hava şəraitindən asılılıqla, texnikanın vəziyyəti ilə,  işçilərin qarşılıqlı münasibəti  və  nisbətən  artıq  təhlükəliliklə  xarakterizə olunur... Yəqin ki, söhbətin geoloq peşəsindən getdiyini bir çoxunuz duydu. Bir qayda olaraq, əksər peşə sahibləri harada  çalışmalarından asılı olmayaraq işdən sonra evə, ailəsinin, doğmalarının yanına qayıdır. Geoloqlar isə əksinə uzun müddət evdən, ailədən
 
təcrid olunmuş şəraitdə işləməli, həm də yaşamalı olurlar. Görünür bu amilə görə  bir çoxları Geologiyanı peşədən, ixtisasdan əvvəl  Həyat  Tərzi adlandırırlar.

Anar Vəliyev məktəbi bitirərərək geologiyanı özünə ixtisas seçərkən bu barədə o qədər də məlumatı yox idi. Lakin o inanırdı ki, hər bir insanın şərəfi, ləyaqəti olmalıdır və o həyatda layiq olduğu  hörməti dərin zəkası və  zəhməti ilə qazanmalıdır. Hər bir insan doğma Vətəni üçün, özü və yaxınları naminə Qürurlu olmalıdır. O, hələ məktəbdən bilirdi ki, müasir insan heyvanları sevməli və qorumalı, təbiətin keşiyində durmalıdır. A.Vəliyev həm də tabeçiliyində olan iş yoldaşlarına qarşı tələbkardır. Eyni zamanda onlarla çox mədəni və ədalətlə davranır. Böyük alman  filosof alimi F.Hegel mədəniyyətə "insan tərəfindən yaradılmış ikinci təbiət" adını vermişdir. Mədəniyyət - “təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır”- yazmışdır F.Hegel. Milli mədəni dəyərləri şərəflə daşıdığına, sadə və səmimiyyətinə görə Anar Vəliyev iş yoldaşlarının, dost-tanışlarının böyük hörmətini qazanmışdır. Bu xüsusiyyətlərinə görə ona İngiltərəli həmkarları da hörmət və rəğbətlə yanaşırlar. O, nisbətən gənc olmasına baxmayaraq filiz yataqlarının geologiyası sahəsi üzrə ölkəmizdə nüfuzlu  alimlərdən biri kimi tanınır.

Geoloqlar kəşfiyyat sahələrində aparılacaq işləri müzakirə edir

A.Vəliyev hələ 2016-cı ildən ABŞ-ın və İngiltərənin  beynəlxalq nüfuzlu “İqtisadçı Geoloqlar Cəmiyyəti”-nin (Society of Economic Geologists, SEG) üzvü idi.  O, nəinki Azərbaycanımızda, hətta region ölkələrindən  SEG kimi beynəlxalq nüfuzlu geoloji cəmiyyətin seçilmiş ilk üzvüdür. O bu Cəmiyyətin Türkiyə, Çin, İngiltərə və başqa ölkələrdə təşkil etdiyi beynəlxalq geoloji konfranslarında qlobal, filizlərin yeni genetik modellərinin Azərbaycanda olan filiz yataqlarına tətbiqi, özünün də birbaşa kəşfçisi olduğu Qədir, Uğur, Gilar və Zəfər kimi qızıl-mis-polimetal yataqları haqqında müxtəlif mövzularda məruzələr etmişdir.
 
Anar Vəliyev hazırda həyat və yaradıcılığının ən gözəl, ən məhsuldar çağlarını yaşayır və qazanılacaq daha böyük qələbələrin astanasındadır. Şübhə etmirik ki, biz gələcəkdə onun möhtəşəm nailiyyətlərinin şahidi olacağıq və onlar bizim yeni qürur mənbəyimizə çevriləcəkdir.

Biz Anar müəllimi ABŞ və İngiltərənin  beynəlxalq nüfuzlu “İqtisadçı Geoloqlar Cəmiyyəti”-nin seçilmiş üzvü sıralarına daxil olması münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və böyük uğurlar diləyirik.

 

Ağamahmud Səmədov

Yer və insan” jurnalının redaktoru