13 Sentyabr 2023 13:06
491
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu "Yuxuların şirin vaxtı"-ndan yazdı

Şair İnqilab İsaq məmləkətin  Gəncəbasar  bölgəsində yaşayır, yazıb  yaradır. Ölkənin baş kəndindən  uzaqda  sözün  xidmətində  dayanan şair  qələmə sarıldığı  bu illər  ərzində  həmişə özünə  və  sözünə  sadiq  qalıb. Belə ki, onun bütün  şeirlərindəki  rəngarəngliyi  bir   məqam, yəni  bir  kəsişmə  nöqtəsi  həmişə  müəllifi  təqdim edir. Şerin   ümumi   HAVASI  onun kimə aid olduğunu, kimin qələmindən  puçurladığını  büruzə  verir.

Təbii ki, bu  mənim özəl qənaətimdi və ədəbiyyatşünasların haqqına  girmədən İnqilab İsaqın  daimi oxucusu  olaraq  bu  münasibətimi sərgiləyirəm. Elə  yazı  masamın üstündə   qərar  tutub  tez-tez  həmsöhbətim olan " Yuxuların şirin vaxtı" da  məni öz  qənaətimi  yazıya  köçürməyə   həvəsləndirdi...  İsti  yay  günlərində İnqilab  səmimi avtoqrafla  bağışla  son kitabını  mənə... Həmin gündən də vaxtaşırı pıçıldaşırıq...

Getdiyim, yetdiyim mənzil qarşıda...

Yuxular gecəmə  duzlanmış yara.

Sözümü sağlıqla yaşamaq üçün -

Ömür  köçürürəm  bu  misralara.

 

Və yaxud :

Arxanca  su atıram

Buludlanır  dualar.

Nə yaxşı  sabahları 

Durub, bir  gözləyən var.

 

Üç bölümdən ibarət olan kitabda   şair  hər  birimiz üçün önəmli ola Vətən, şəhid, qazi , eləcə də sevgi  mövzularını   şeirlərə hopdurub. Ona  görə də ,oxucu bu  kitabda  mövzu  sıxıntısına, bir az da dəqiq  ifadə etsəm  bir  rəngə  tuş gəlmir.  Məhz  bu da ona  göz, könül  rahatlığı  bağışlayır.:

Şəhidlər - böyüdülmüş  şəkillər!

Asılıb

günəşin, torpağın

yaxasından...

 

Və yaxud:

Oyadacaq  buludları -

İçəcək, içəcək - Torpaq!

Bir gün...

göyərəcək,

göyərəcək, bütün ayrılıqlar

və göz  yaşları...

 

 İnqilab İsaqın son kitabı ilə olan bu qısa . lap elə atüstü  söhbətimin  sonunda bir daha əminliklə  demək  istəyirəm ki, Gəncəbasarda  BİR  ŞAİR   SÖZÜNÜ   MİSRALARA  ÇEVİRİR !  Və  bizim üçün yazır :

Oxumaq  çətindi...sual, cavablar

Yaman bir-birini  edir ittiham.

Hər  sözün, kəlmənin qərib işığı -

Sinənin altında  verir  imtahan

Mən  bu  misraların müəllifinin imtahandan uğurla  keçdiyinə əminliklə inanıram !