20 Sentyabr 2023 10:47
685
ƏDƏBİYYAT

Elnur Uğur Abdiyev: ƏSGƏRİM

Qılınctək qınından sıyrılıb şaxta,

Üstünə hücuma keçdikdə, əsgər

Vətən sevgisini əlcəktək geyin

Əlin üşüməsin tətikdə əsgər!

 

Sən özün sərhədsən,sədsən düşmənə,

Qeyrətin önündə düşmənin sınır.

Yurd boyu Vətənin söykənir sənə,

Səni bir arxası,dayağı sanır.

 

O dağ qeyrətinin qurbanı olum,

Sənə şaxta neylər qanında can var.

Qəlbində eşqinin düz zirvəsində,

Günəştək boylanan Azərbaycan var.

 

Bil ki, Azərbaycan boyda bir Günəş,

Hansı qəlbdə doğsa ora bahardır.

Vətən tarixinin hər vərəqində,

Sənin zəfərinin bir hərfi vardır.