27 May 2024 15:13
1803
ƏDƏBİYYAT

Emin Piri üçün... - Vəfa İsgəndərli yazır..

Bir şair var... çox böyük ürəyə sahib. Belə bir ifadə var: “Şairin oğlu elə şair olar...”

Bunu şübhəsiz şəkildə Emin Piri üçün deyə bilərəm. Emin Piri şeirlərini oxuduğum zaman özümü əlində silah cəbhədə düşmənlə döyüşürmüş kimi hiss elədim. Çünki müharibə dediyimiz zaman hər birimizin hissləri fərqli olur.Vətən, ana, axan göz yaşlar, ailə, torpaq, fəryad, həsrət... nələr, nələr...
Emin Piri yaradıcılığında ən birinci gözə çarpan müharibəni çox fərqli duyğularla təsvir etməsi oldu. Bir də ki hər kəs onu elə təsvir edə bilməz. Böyük acılar yaşamalı, nələrsə itirməli insan...

Emin Pirinin uşaqlıq illəri müharibə dövrünə təsadüf edilib. Özü könüllü şəkildə Vətən müharibəsində iştirak edib. Böyük ürək sahibi olmuşdur Emin Piri...

Onun şeirlərində müharibə bədii təxəyyülün real təsəvvürlərlə vəhdətindən yaranan əhval-ruhiyyəsini əks etdirir. “Babamın əlləri” , “Suriya” , “Şəhid oğlunun dedikləri” və s. kimi şeirləri nümunə ola bilər.

Günlərdi danışmırıq bilirəm, narahatsan, ana bəlkə gecələri ağlayıb, şəklimlə ovunursan, ana səni Füzulidən eşidirəm, ana səni Cəbrayıldan görürəm, ana sənə Şuşadan əl yelləyirəm, ana...

Nə qədər göz yaşları axar, nə qədər gözlər yollarda olar, nə qədər əllər göyə qalxmış Tanrıdan dua istəyər... gör nə qədər anaların necə igid övladları var... gör bu Vətənin necə qəhrəman övladları var....

Hamıdan çox uşaqları sevər müharibələr Kiminin alnından Kiminin gözündən öpər. Tanrı daha tez Sevdiklərini aparır, deyirlər Allahın öpüşüdü bəlkə elə bu güllələr?!...

O sadəcə Vətən müharibəsini yox, o bu dünyada baş verən bütün müharibələri təsvir edib. Çünki hər zaman müharibələrdə yarımçıq olan, incinən uşaqlar- körpələr çəkir. Neçəsinin gözü yollarda- Ata! Deyərək keçinər. Neçəsi qardaşını ata bilib yaşayar... yarımçıq qalan arzular var... yarımçıq qalan xoşbəxtlik var.. Niyə axı bu dünyanın qəhərini o uşaqlar çəksin?!...

Müharibə nədir? - oyunlar yarımçıq qalır, uşaqların sevgilərini hansısa mərmi atışı yarım qoyur.

Hələ sevgilisinin yolunu gözləyən yarı demirəm...

Görüşəndə sevgilisinin əlində gözü axtarardı ona veriləcək gülləri .... indi isə Kitabları arasında qurutduğu Gül ləçəklərində axtarır sevgilisinin cəbhədə itirdiyi əllər...

Hər kəsmi gözləyər? Hər kəsmi dua edər? hər kəsmi gecə-gündüz ağlayar?

Əlbəttə, yox. Hərbi xidmətə sevgilisini yola salıb, sonra heç nə olmamış kimi öz həyatını yaşayan da var. Həyatmı? Ona həyat deyilirsə əgər...


Sevgi dəniz kimidir. Onun içinə girdiyin zaman dərinliklərinə aparar səni... səni içinə çəkərək bir nəfəsdə öldürər. Onunla doğulub, onunla da ölərsən. Emin Piri üçün nə idi sevgi?

Əllərin ovcumda,
ovcumda dünya suya tilov sallayıb əllərindən göyərçinə dən atmaqdı sevgi... Körpü üstündə dalğalanan saçlarında əllərimin balıq kimi üzməsi, sinənə sıxılıb gözlərində qağayıların uçuşunu seyr eləmək dalğalı dənizdə boğulmaqdı sevgi.


..... Onun üçün dünyanın ən təmiz yalanıdır sevgi. Necə ki oruc tutan müsəlmana şərab qadağandır, eləcə də onu sevmək də aşiqə qadağandır. Batmamalısan dərinliyində, fədakar olmamalısan, onun mahiyyətini yaşatmalısan. Müqəddəs etməməlisən heç kimi. Onu olduğu kimi qəbul edib ya özünlə birlikdə öldürməlisən, ya da bir ömür ölümə məhkum olmalısan...

Bir də unutmaq var. Emin Piri üçün unutmaq:

Unutmaq yeri yaddan çıxan basdırdığın mina kimidir. Bir gün üzər ayaqlarını həyatdan gözləmədiyin anda...

İnsan duyğuları ilə sağdı. Duyğun varsa sağsan, insansan. Bizim cəmiyyətdə sanki sevgi aclığı var. Hər kəs sanki bir-birinə baxaraq sevgi dilənir. Ona ehtiyac duyur. Mərhəmət, sadiqlik bu həyatda insana bəxş edilən ən böyük duyğudur. Onun “Venesiyaya məktub”un 4 hissəsi olan “ İntihar” da belə bir cümlə keçir: “ Yaşamaq ən böyük intihardı... burada yaşayır hamı bir-birinin acığına...”

Real dünyamızın acı təsviri...

Emin Piri şeirlərini oxuduqca elə səbirsiz oluram.Hər misralarını oxumağ istəyirəm, hər birini bilmək istəyirəm.Çünki o şeirlərdə həyat var, həyatın acı təsəvvürləri var. Bəşər sanki bir-birini öldürmək üçün hazır şəkildə dayanmış... axı Tanrı insanı bunun üçün yaratmadı. Müxtəlif ədəbiyyatlara müraciət edin. Fərqi yoxdur. İstər Dostoyevski, istərsə də L.Tolstoy olsun. Mütləq ki cəmiyyətin ən bərbad hallarını görəcəksiniz. Hər birinin əsərlərində, şeirlərində ən başlıca ac qalmış cəmiyyəti görəcəksiniz. İnsanlar özünü unutmuş, özünü yaşatmağı yaddan çıxarıb. Amma hansını dindirsək ən birinci öz mənəviyyatlarını önə atacaqlar. Çünki biz yaşamağı deyil, yaşamaq adı ilə ölü olmağı qəbul etmiş varlıqlarıq. Ən sevdiyim əsərlərdən biri olan “Dorian Qreyin Porterti” romanında çox mənalı ifadə keçmişdir: “Dünyada hər şeyə qarşı anlayışlı yanaşa bilərəm, amma acı çəkməyin xaricində.Çünki o olduqca çirkin və faciəvidir.İnsanlar acını yox, həyatın rəngini, gözəlliyini, yaşanan sevinci sevməlidir.”

.... “İnsanlar hər şeyin qiymətini bilir, amma heç nəyin dəyərini bilmir...”

Emin Piri yaradıcılığını araşdırdığım zaman mənə ən çox təsir edən başqa anları da oldu.

“Uşaqlardan uşaqlara Xocalı” da olan bir anısını danışır:

təkəm, uşaq çarpayısında oturub albomu vərəqlədikcə bəlkə də hönkürürəm, bu eləcə də yadımda deyil...

Uşaqlıq xatirəsinin nə olduğunu yaxşı bilirəm. Bizimkilər yaşamasa da, o qaçaqaçda uşaqlıq xatirələrini salıb itirsələr də. Bəlkə də bəziləri xatirələrlə birgə torpağa qarışıb torpaq olsalar da...”

Məncə, insanın elə ən sevdiyi də, ən pis olduğu illər elə məhz uşaqlıq illəridir. Sadəcə yada salırsan, sadəcə geriyə-ona qayıtmaq istəyirsən.

Ayaqqabım yırtılardı böyüyəndə ayağım. Ayağınız böyüməsin deyə dua etmisinizmi heç?!

Elə sözün bittiyi an, duyğuların ifadə edilmədiyi zaman bu an olur...

Bir körpə uşağın çarəsizliyini, onun hisslərinin dərinliyini elə ifadə edir ki...

Bir də müharibəyə görə yuvalarından didərgin düşən, daha o yerlərdə oynaya bilməyəcək olan uşaqlar düşünün. Nə ola bilər onların günahı?

Elə ən böyük günahları-günahsız olmalarıdır bəlkə...

Qar vardı,
uşaqlar yoxdu.
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar "oynayırdı".
qar istəyir uşaqlar -
tanksız,
yalansız...
yağırsansa, belə yağ, qar!

Müharibə mövzusu onun şeirlərinin parçası yox, elə onun özüdür. Nə görmək istəsəniz oradadır. Ana, sevgi, yaşamaq, ölmək...

“ Şəhər bombalanarkən itirmişdi altıaylıq körpəsini, qoparmışdı əllərindən mərmilər. Bir qolu balasında, biri özündə qalmışdı ananın...”

Bir yanı fəryad edir, bir yanı isə azadlıq eşqi ilə yanırdı...

Saçımda anamın xınası yolların ayaqlarımçün duası gözlərimdə hələ bizim olmayan uşaqlıq Deyir: Sən azadsan! Sən azadsan!

Hər qız qalası yanında bir oğlan qalasın istər. Ancaq Şuşa qalasına qonaq getmək də keçir könlündən bizim Qız qalasının...

Sadəcə yazmaq istəyirəm, duyğularım qarışmış, hamısı səbirsiz körpə kimi sırasını pozmuş mənim yazacağım cümlələri gözləyir.Emin Piri şeirlərində mövzular o qədər bir-birinə bağlıdır ki hər biri bir-birini tamamlayır. Azadlıq duyğusu kədərə qarışmış, sevincimiz fəryada qarışmış bir yanda azadlıq qazanan ölkə bir yanda şah kimi oğlanlar itirmiş... bu Vətən necə qurbanlar verdi...

Həyat acısı və şirin ilə gözəldir. Amma gərək o şirin tərəfləri görəsən ki, acını yuyub aparsın. Hər kəs həyatı fərqli dildə təsvir edər. Emin Piri:

Ölənlər oyanıb çıxa qəbirdən durub dirilərin qaza qəbrini gedəsən sevdiyin qəbri üstə görəsən yazılıb: bir zaraftdı.

Bəlkə hələ yaşayacağımız, bilmədiyimiz çox duyğular var. Bəlkə hələ heç nə yaşamamışıq. Bilmədiyimiz fərqli bir həyat var. Amma bunu da öyrəndim ki, Emin Piri elə şair olmaq üçün yaranmışdır. Amma onu anlamaq da çətindir. Özünün dediyi kimi...

Məndən baş çıxara bilmir öz doğmaca anam belə... Sənə də qəribə gəlir? Nə təhər insanam belə?...