30 Aprel 2025 10:09
113
ƏDƏBİYYAT

Emosional təcavüz və daxili çatların bədii ədəbiyyatda təzahürü

 (Sevinc Elsəvərin “Sənsiz romansı” hekayəsi əsasında)

Müasir dövr ədəbiyyatımızda gənc müəlliflərin yaradıcılığında qadın mövzusu bədii mətnlərdə müxtəlif aspektlərdən işlənmişdir. Ədəbiyyatda qadın obrazları fərqli formalarda işlənmiş, bədii nümunələr qadına ictimai baxış, sosial-psixoloji mövqe və gender problemini əks etdirmək baxımından önəmli yer tutmuşdur. Məsələn, Aysel Aydın Əlizadənin “Qızlar ağlamaz”, “Qadın peyğəmbər” romanlarında, Rasim Qaracanın “Nilufər”, Qan Turalının “Şaxta babanın qətli” hekayələrində, Səddam Laçının “Adsız qız”, Emin Pirinin “Boşanmış qadın”, Taleh Mansurun “Süpürgəçi qadın” şeirlərində qadın obrazları müxtəlif sosial, psixoloji və fəlsəfi prizmadan dəyərləndirilmişdir.

Azərbaycan ədəbiyyatının müasir simalarından biri də yazıçı-şair Sevinc Elsəvərdir. Sevinc Elsəvər bir sıra hekayə və şeirlərin müəllifidir: “Qədirin qədrinin bilinməməyi”, “Qarışqa qadın” və s. Müəllifin qələmə aldığı əsərlərdən biri də qadının cəmiyyətdəki rolunu ifadə edən “Sənsiz romansı” hekayəsidir. 

Təcavüz fransız sözündəndir, “əzab, narahatçılıq”  deməkdir.  İstismarın və təcavüzün müxtəlif formaları mövcuddur: uşaq istismarı, (pedofillik) icazəsiz bədənə toxunmaq, məcburi şəkildə pornoqrafik videoların izlətdirilməsi, qısnama, hədə-qorxu gəlmə, cinsi və duyğusal istismar, elektron qısnama, elektromaqnit və ya psixotronik təcavüz, (hər hansı bir aqressorun başqalarının düşüncələrinə, bədənlərinə təsir etməsi inancı) irqi, dini, psixoloji təzyiqlər.

Uşaq cinsi tərbiyə görmədiyi zaman (“Heç kəs sənin məhrəm yerlərinə toxuna bilməz!”)  onun məhrəm yerlərinə toxunulur və uşaq asanlıqla pedofilin qurbanına çevrilir. Erkən yaşda travma alan uşaqlar cinsiyyətindən asılı olmayaraq, ömür boyu bu təcavüzün kölgəsində böyüyürlər. Psixiatr Ziqmund Freydin fikrincə, id, eqo və super-eqo balansı pozulduğu zaman aqressiv davranışlar meydana gəlir. Burada həm qurbanın, həm də təcavüzkarın psixologiyası çox önəmlidir. Təcavüzkar necə belə bir insana çevrilə bilir, kimlərin yanında böyüyür, nələr görür, nələr yaşayır? O, qurbanını seçərkən nələrə diqqət edir? Bu, təsadüfi seçimdir? Təcavüzkarın burnuna sanki hansısa spesifik bir qoxunun ətri gəlir. (hormonal qoxu) Bəzən qorxaq, narahat və zəif xarakterli bir insan kimi davranmaq aqressorun diqqətini çəkə bilir. Onlar qurbanlarını seçərkən, onların özkeçmişini araşdırır, psixoloji durumu və bədən dilini də müşahidə edirlər. Məsələn, narsist şəxsiyyət tipinə sahib biri üçün qadın partnyorunun ata arxetipi çox önəmli ola bilir. Təcavüzə öz həyat yoldaşları tərəfindən məruz qalan evli qadınlar da olur. Təcavüz zorakı bir münasibət olduğu üçün istəmədiyi bir münasibətə məcbur edilən qadın evli belə olsa qurban (viktim) rolunda çıxış edir.

Təcavüzün ən ağır forması fikrimizcə. emosional təcavüzdür. Burada bədənə müdaxilə olunmasa da qurban manipulyasiyaya məruz qalaraq, duyğusal və psixoloji cəhətdən zərər görür. Qurban davamlı narahat edilir, izlənilir, (stalking: fiziki, rəqəmsal, emosional) kontrol altına alınır, təhqir olunur, xor görülür, dəyərsizləşdirilir, aşağılanır, ətraf mühitdən izolyasiya edilir. Ana və ya ata modeli problemli olan şəxs bu situasiyada qurban roluna (ruha biçilən rol) rahatlıqla çevrilir, tərk edilmə qorxusu ruhuna hakim kəsilir, nəticədə aqressorun “ovuna” düşür.

Təcavüz problemi bədii ədəbiyyatda zaman-zaman işlənib. Bədii mətnlərdə zorakılıq cinsi və emosional istismar, patriarxal nəzarət ifadələri adı altında keçir. Dünya ədəbiyyatında diqqətimizi çəkən nümunələrdən biri Marqaret Atvudun “Damazlıq qızın hekayəti” romanıdır. Burada baş qəhrəmanın həm bədəni, həm də qadınlığı istismar olunur. (bətndən ibarət reproduktiv obyekt) Azərbaycan ədəbiyyatında bu mövzuda bizi ən çox təsirləndirən bədii əsərlərdən biri Cəfər Cabbarlının “Gülzar” hekayəsidir. (mənəvi-psixoloji təcavüz) Hekayədə təcavüzkar Gülzarın tək bədəninə deyil, saflığına, məsumluğuna, uşaqlığına, xəyallarına da təcavüz edir. Biz görürük ki, ədəbiyyatda qəhrəmanın xəyalları, arzuları, məqsədləri, ruhu, düşüncələri belə “cinsi obyekt”lə identifikasiya edilir və təcavüzə məruz qalır. Haqqında danışacağımız əsərdə qəhrəmanın tək bədəni deyil, emosiyaları, hissləri də zorakılıqla üzləşir. Bəs necə?

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan yazıçı-şair Sevinc Elsəvərin "Sənsiz romansı" hekayəsi məcburi evlilik, irrasional davranışlar, seçimsizlik (mənəvi dilemma) problemi, qadınlara qarşı qoyulan məhdudiyyətlər, emosional təcavüz və sevgisiz bir həyatın qadının üzərində yaratdığı psixoloji yük, daxili gərginlik və təzyiq haqqındadır. Əsərdə feminist yanaşma- qadının seçim haqqının olmaması, ona insan kimi hörmət edilməməsi, zorakı münasibət diqqət mərkəzindədir. Hekayə Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə yazılmış “Sənsiz” romansından bir parça ilə başlayır. Biz də məqaləni yazmazdan öncə Bülbülün “Sənsiz” romansını dinlədik. Məqaləni bu musiqinin verdiyi hisslərin təsiri altında qələmə aldıq..

Hekayənin baş qəhrəmanı gənc qız Nüşabədir. O nə hiss edir? Cəmiyyət onu necə sıxışdırır? Nüşabə nə arzulayır, cəmiyyət ondan nə gözləyir? Nüşabə və toplum eyni "dildə"mi danışır? Bu suallar süjetin ana xəttini təşkil edir. Hekayənin baş qəhrəmanı Nüşabə süjet boyunca mübarizə içərisindədir. O, sevdiyi oğlan olan Farizlə ailə qura bilmir, məcbur qalıb başqası ilə evlənməyi seçir. Onun bu seçimi şərtlərin gətirdiyi məcburiyyətdən yaranır.

Nüşabənin seçim azadlığı əlindən alınıb, həyatı haqqındakı qərarları başqası verir, hüquqları tapdalanır. Məsələn: gözünə linzalar taxılır, çünki bu, onun anasının arzusudur. 15 kiloqramlıq gəlinlik geyinir, saçı yarım kiloqramlıq dəmir və ağır tacla bərabər bəzədilir. Bütün bunlar qızın arzuları xaricindədir. Linzalı gözləri, uzun dırnaqları, bətni kimi gizildəyən dəmirli saçları, gəlinliyə həbs edilmiş bədəni onun ruhunu parça-parça edirdi. Müəllifin bu təsvirləri qəhrəmanın süni və azad olmadığı bir cəmiyyətdə yaşamasına işarədir. Onun bədəninə və ruhuna bir rol biçilib, "dərzi" isə doğmalarıdır.

1. Məcburi evlilik.  İrrasional seçim və ya seçimsizlik

Nüşabənin sevgisi mürəkkəbdir. O, bəlkə də sevirdi, ancaq bu sevgi də bəlkə cəmiyyətin basqısı nəticəsində yaranmışdı. Onun sevgisi təmiz hisslərdən çox xaotik duyğulardan ibarət idi. Nüşabə toplumun ona verdiyi yükü çiyinlərində daşıya bilmirdi. Gəlin olmağa hazırlaşan qızın düşdüyü situasiya Nizami Gəncəvinin “Leyli”sinə bənzəyir:  “Yaxşı ki, adətə görə gəlin köçən qızlar özünü ağır aparmalıydı. Yoxsa o, sevinib-oynamamağını, atılıb-düşməməyini nəylə əsaslandıra bilərdi?!”.  

Gəlinliyin, makyajın, toyun necə olması sevginin yox, cəmiyyətin qoyduğu qaydalardır. Toplum xoşbəxtliyi bu cür dərk edir, daha fərqli seçimsə, “ayıbdır”. Bütün bunlar Nüşabə üçün məcburiyyətin gətirdiyi göstərişdən başqa heç nəyi ifadə etmir. Gəlinlik və tac emosional “repressiyanın” simvoludur, yəni sevgisiz evliliklərdə həmin əşyalar məcburiyyətin rəmzidir. Nüşabə üçün kağız parçasına imza atmaq, və dəbdəbəli toy heç bir məna kəbs etmir.  Bu qədər adam bura yığışıb yallı gedirdilər, atılıb-düşürdülər ona görə ki, gecə yanındakı kişi ilə o cütləşəcəkdi...”. 

Nüşabə diqqət etsək, “cütləşmək” dedi. Cütləşmək daha çox heyvanlar üçün istifadə olunan, zooloji aləmə aid ifadədir. Nüşabə sanki cinsəlliyi heyvani arzularla eyniləşdirir. Onun üçün cinsəllik sadəcə bədənin tələbatlarının ödənməsi, instinktiv davranış və nəsil artırmağın tək yoludur. Cinsəlliyin emosional və mənəvi tərəfləri onun dünyasında ixtisara düşüb. Onun üçün Fariz yaxınlığın daxilindəki uzaqlıq, evləndiyi “həyat yoldaşı” isə uzaqlığın daxilindəki yaxınlıqdır. Şair Qismət Rüstəmin dediyi kimi: “Bir qadın var hardasa, Sevmədiyi kişiyə arvad, Sevdiyinə Çin səddi”. 

Nüşabənin dünyasında evlilik döyüşlə assosiasiya olunur. O, bahalı gəlinliyini (kirayəsi min manat) zirehə, tacını isə dəbilqəyə bənzədir. Canındakı bütün ağırlıqla ayağa qalxması  toy və gəlinlik paltarının onun üçün gətirdiyi ağır yükü simvollaşdırır. Gənc qız özünü bir obyekt kimi hiss edirdi. Bədəni ağrıyır, başı gicəllənirdi, çünki onun üçün bu proses ağır idi.  O, evliliyi mübarizə kimi qəbul edir və daxilən ona etiraz səsini yüksəldir, ruhu dayanmadan “çat verirdi”.

Fariz Nüşabəni sevirdimi? O bu hekayənin hansı tərəfindədir? Əslində, bu sevgiyə ad qoymaq qəlizdir, romantika da yoxdur, rasionallıq da. Ya özünə əmin deyildi, ya anasından keçib öz duyğularının arxasınca gedə bilməyəcək qədər böyüməmişdi. Bəs Nüşabə? O sevirdi, yoxsa sadəcə bu duyğular bağlılıq və ehtiyacdan ibarət idi? Bəlkə Fariz Nüşabə üçün “xilaskar” idi? Nüşabə Farizin yanında özünü rahat və güvənli hiss edirdi. Fariz isə laqeydliyi və qorxaqlığı ucbatından sevgisinə sahib çıxa bilmədi, onu sevən qızın güvənini qırdı. Gücü ancaq toy günündə sevgilisini son dəfə görməyə çatdı. O, sevgisinə sahib çıxa bilməyəcək qədər cəsarətsiz, zəif və iradəsiz çıxdı: “Romansın son notlarında Fariz ayaqlarını sürüyə-sürüyə şadlıq evini tərk eləməkdəydi. Bayıra çıxıb bir siqaret yandırıb damağına qoydu. Bayaq Nüşabəgili gətirən gəlin maşınının arxa təkərinə tutarlı bir təpik ilişdirdi və yola düşüb getdi”.

2.  Təcavüzə uğrayan  hisslər və “evlilik”. Cinsiyyət rollarının psixodinamikası

Nüşabə ilə ailə quran bəy ilk gündən özünü irrasional davranışlarını göstərir (nevrotik münasibət və kontrol problemi), toyda Nüşabənin etdiyi zarafata sərt reaksiya verir (gənc qız daxilindəki ağrını, üsyankarlığını bu yolla ifadə edir və mövcud durumunu qəbul edir) və toydan sonra isə onu toylarında sifariş etdiyi musiqiyə-“Sənsiz” romansına görə aşağılayır, təhqir edir və təcavüz edir. Təkcə bədəninə deyil, həm də ruhuna.  “Sən dayan hələ, görüm nətər çıxacaqsan?! Gözüm su içmir səndən”.

Təcavüz zorakı və məcburi davranışdır, həyat yoldaşına qarşı da etməməli olduğun hərəkətdir. Evlilik bu zorakılığa bəraət qazandırmır. Bəylə Nüşabənin zorakı yaxınlığı (iradədən kənar baş verdiyi üçün qız da susur) gənc qızın ağrılarını daha çox dərinləşdirir. O yalnız fiziki deyil, həm də emosional olaraq “zorlanır”. (emosional təcavüz) Qəhrəmanın hisslərinə təcavüz edilir. Marqaret Atvudun qəhrəmanının qadınlığı istismar olunubsa, Cəfər Cabbarlının “Gülzar”ında təcavüzkar Gülzarın tək bədəninə deyil, saflığına, məsumluğuna təcavüz edibsə, Nüşabənin ürəyi, duyğuları “zorlanır”. Onun ruhu və bətni  “çat verir”. İkinəfərlik çarpayıda-həbsxanada Nüşabə hər zaman tənha yatmağa məhkum olunan “məhbusdur”. “Özgə bir yarı necə axtarım, ey nazlı sənəm? Bilirəm səndə dedin: Yox yara hacət sənsiz!”. 

"Sənsiz romansı" mahnısı da bir obrazdır. Əvvəl Nüşabə ilə Farizin sevgisini ifadə edirdisə, sonradan Nüşabənin tənha və kədərli həyatının simvoluna çevrilir. O, toy günü bu mahnının səsləndirilməsini istəyir, keçmişinin artıq bitməsi ilə razılaşır, bu vəziyyətini qəbullanır. Nizami Gəncəvi sevgi, ayrılıq mövzularını ətraflı şəkildə yaradıcılığında işləmiş şair olduğu üçün Sevinc Elsəvər onun "Sənsiz" qəzəlini hekayəsinə gətirir. Onun qəhrəmanı dilemmalar içərisində həyatına davam edir. O, seçim azadlığının fərqində olsa da patriarxal ənənələrə qarşı sükutunu pozmur və ona yazılan taleyi ilə barışır.

Biz baş qəhrəmanın toya qədər, toy anında və toydan sonra yaşadığı faciəvi vəziyyətlə (ilk gecədə zorakı münasibət) tanış olduq. Ancaq toydan sonra Nüşabəni daha nələr gözləyir? Əsər açıq finalla bitdiyi üçün bunu müəllif oxucunun ixtiyarına buraxır...

Müasir Azərbaycan ədəbiyyatında qadın mövzusu təkcə sosial müstəvidə deyil, poetik müstəvidə də tədqiq olunmuşdur. Yazıçı-şair Sevinc Elsəvər “Sənsiz romansı” hekayəsində sosial-psixoloji məsələlərə, gender probleminə diqqət yetirərək, bir qadının həyatındakı ağır mərhələləri qələmə alıb. Qadınların toplumda qarşılaşdıqları sosial tələblər, məcburi evlilik, emosional təcavüz, seçim hüququnun pozulması kimi problemlər çağdaş dövrdə aktualdır. Hekayədə Nüşabənin (adının mənası “dirilik suyu”) həyatındakı daxili çatlar, (fəlsəfi-psixoloji yanaşma) fiziki və duyğusal təcavüz travması,  psixoloji çöküşü onun mühitdə yaşadığı problemləri əks etdirir. Bu məsələ sosial, psixoloji və bədii prizmadan da öz aktuallığını qoruyub saxlayır.

“Emosional təcavüz” anlayışının bədii yaradıcılıqda işlənməsi məsələsi müasir dövr ədəbiyyatımız üçün yenilikdir. Sevinc Elsəvər “Sənsiz romansı” əsərində cəmiyyətin qadınlara tətbiq etdiyi sosial təzyiqləri, emosional təcavüzün qadın ruhunda təzahürü, daxili çatların təbii izləri və qadınların həbs olunmuş həyatlarını bədii lövhələrlə açıb göstərir. Əsərdə Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə yazılmış “Sənsiz” romansına istinad olunması hekayənin ideyasını daha dəqiq səpkidə müəyyən edir. 

Sərvanə Dağtumas , ədəbiyyatşünas