30 Iyul 2023 14:29
2369
MÜSAHİBƏ

“ƏN BÖYÜK ARZUM AĞDAMDA DAMA MƏKTƏBİ TİKDİRMƏKDİR”

Zəminə Mirhadıyeva Rza qızı 1949-cu ildə Ağdamın Hamam məhləsində, babası Hacı Məmmədə məxsus özəl tacir evində doğulub. Anası Əntiqə xanım Ağdamın Seyidli kəndindən gəlin gəlmişdi. Onun atası, kəndin adlı- sanlı adamlarından olan Azad Şirinov el üçün gərəkli işlər görmüş, Ağdamda Kərpic zavodu, İpək zavodu tikdirmişdi. Əfsus ki, Azad Şirinov bəy oğlu olması səbəbindən repressiya illərində tutularaq güllələnib. 1957-ci ildə Azad bəyə bəraət verilib.

Zəminə xanım soylu nəslin kübarlıginı, nəcibliyini, alicənablığını öz xarakterində, insana, vətənə münasibətində yaşadır. İdmançı və məşqçi kimi bir çox nailiyyətlər qazanmş bu xanım 90- cı illərdə ABŞ- da diaspor cəmiyyəti qurub, Qarabağın işğaldan qurtarılması üçün bütün qüvvəsini səfərbər edib. Qarabağ azad olunandan sonra Zəminə xanım demək olar ki, Azərbaycana qayıdıb. Niyyəti yurdlarımızın yarasına məlhəm olmaqdır. Diaspora təmsilçilərilə birgə tez- tez azad edilmiş yurd yerlərimizə səfər edir, öz köməyini əsirgəmir. Azərbaycana belə gəlişlərinin birində Azərbaycan –Nyu- York- Assosiasiyasının vitse- prezidenti, idman ustası, əməkdar məşqçi Zəminə Mirhadıyeva ilə həmsöhbət olduq.

 

“OYUNCAĞIMIZ ŞAHMAT, DAMA İDİ”

–Mən lap uşaqlıqdan dama ilə məşğul olmağa başlamışam. Ailədə on uşaq idik. Bizim evdə heç vaxt uşaq oyuncağı olmayıb. Oyuncağımız şahmat, dama idi. Bu, valideynlərimiz tərəfindən ağıllı düşünülmüş bir tərbiyə üsulu idi. Şahmat, dama oynayaraq biz zehnimizi inkişaf etdirir, valideynlərimiz isə əlavə pula qənaət etmiş olurdular. Bu elə bir "oyuncaq" idi ki, evdə hamılıqla ondan istifadə edə bilərdik.

Məktəbə Bakıda getmişəm. Bir gün müəllimimiz dedi ki, məktəbimizdə dama üzrə komanda təşkil edilir. Uşaqlardan kimin dama oynaya bildiyini soruşdu. Dedim ki, mən bacarıram. Sınaq oyunundan keçdim və məşqlərə başladım. Pionerlər sarayında məşq edirdik, evimizin lap yaxınlığında idi. Kiçik qardaşlarımı da özümlə məşqlərə aparırdım. Sonralar onlar da ustalığa namizəd normasını yerinə yetirdilər.

Biz iki dama növündə məşğul olurduq. O vaxt 64 xanalı damaya “rus daması” deyirdilər. 100 xanalı dama isə beynəlxalq dama sayılır.

Məşqçimiz erməni idi. Öz millətindən olan qızlarla xüsusi məşğul olur, onları çempionluğa hazırlayırdı. Mənim qızlar arasında çempion olmağıma bu amil maneçilik törədirdi.

Amma mən ruhdan düşmür, öz üzərimdə çalışır, coxlu məşqlər edirdim. Bəxtim gətirmişdi ki, qardaşlarımın hamısı dama oynaya bilirdi. Mənim praktikamın kifayət qədər olması öz sözünü deyirdi.

İlk dəfə gücümü qadınlar arasında Azərbaycan çempionatında göstərdim. Həmin yarışda bütün rəqiblərimi məğlub etdim. Onlar müxtəlif millətlərdən idi: tatarlar, ermənilər, ruslar, beloruslar. Rəqiblərimin arasında SSRİ çempionu da vardı. Hətta bərabərliklə başa çatan oyun belə olmadı. Bütün oyunlardan təmiz qələbə ilə ayrılırdım.

İdman jurnalistləri mənim oyunlarımı maraqla izləyirdilər. İdman dərəcəmlə maraqlananda isə eşitdikləri cavab onları heyrətləndirdi. Məlum oldu ki, mənə dərəcə verilməyib. Halbuki normanı yerinə yetirmişdim.

Ondan sonra erməni məşqçilər artıq mənim qarşımda sədd çəkə bilmədilər. Hər il Azərbaycan çempionatının qızıl medalını qazanırdım. Nadir hallarda ola bilərdi ki, qızıl medalı qazanmayım.

Həmin dövrdə idman sahəsində əsas mübarizəm ermənilərlə idi, çünki o vaxtlar da bu fikirdəydim ki, Azərbaycan çempionu azərbaycanlı olmalıdır. Mübarizəmin birinci mərhələsi mənim qələbəmlə bitmişdi, çempionluğu onların əlindən almışdım.

 

MƏŞQÇİLİK…

 

– Əvvəl ali kateqoriyalı məşqçi oldum, sonra əməkdar məşqçi. Eləcə də qadınlardan ibarət yığma komandanın baş məşqçisi idim.

Məşqçilik fəaliyyətimin güclənməsi 80- ci illərə təsadüf edir. Əvvəl Pionerlər sarayında uşaqları məşq etdirirdim, sonra isə Lokomotiv İdman Cəmiyyətində, daha sonra Ehtiyat Əmək Qüvvələrinin "Bozqurd" cəmiyyətində məşqçi kimi çalışdım. Ümumilikdə 150 saat dərsim vardı. Mərkəz 200 saatdan çox dərs götürməyə icazə vermirdi, məndə isə normanı keçmişdi.

İlk rəqibimi özüm yetişdirdim. İstedadlı qızlarımız çoxdur. Avropa ölkələrinə yarışlara gedirdik, qələbəylə, medallarla geri dönürdük.

 

“BÜTÜN DÜNYA BİR LÖVHƏDƏ YERLƏŞİR”

–Dama ilk baxışda sadə bir oyun təsiri bağışlayır, amma bu heç də belə deyil. Şahmatda hər fiqurun öz gedişi var, amma burda bütün fiqurlar eynidir. Hər daşın qüvvəsini sən özün görməlisən. Və aramsız saymalısan. Bəzən bir oyun 6 saat çəkir. Dama ustasının hökmən fiziki hazırlığı olmalıdır.

Dama ağıl, zəka idmanıdır, beyni, yaddaşı inkişaf etdirir. Uşağa fikrini cəmləməyi öyrədir. Uşaqla adətən 4-5 yaşından məşğul olmağa başlayırsan. Axı o uşaqdır, oynamaq istəyir, fikri yayınır. Bir uşağın 45 dəqiqə stol arxasında oturub dama ilə məşğul olması asan məsələ deyil. Digər tərəfdən, bu onu həm də məktəbə hazırlayır. Artıq o, sinif otağında sakit otura biləcək, dərsi rahat qavrayacaq, fikrini cəmləmək ona çətin olmayacaq. Dama maraqlı oyundur, sanki bütün dünya bir lövhədə yerləşir.

 

“QARABAĞLIYAM- QARA BAĞLIYAM!”

–Azərbaycanın idman şərəfini qorumaq mənim üçün həmişə qürur mənbəyi olub, azərbaycanlı olduğum üçün fəxr etmişəm. Bakı şəhərinə isə xüsusi sevgim olub, həyatım burda keçdiyi üçün özümü bakılı kimi hiss etmişəm. Amma Qarabağ hadisələri başlayanda mən qarabağlı olduğumu bütün varlığımla dərk etdim. Dedim ki, mən qarabağlıyam! Yəni həm nəslim- köküm Qarabağdandır, həm də bu o deməkdir ki, bundan sonra başımıza qara bağlayıb yağıya əsir düşmüş vətənin ağ günləri üçün mübarizə etməliyik.

Haşiyə. 20 Yanvar xalqın taleyini yenə qara rənglə nişanladı. Bir gün sonra Zəminə Mirhadıyeva xəstəxanaları gəzib dava- dərman paylayırdı. Azərbaycana gələn ilk dərman yardımını Elman və Eldar İbrahimov qardaşları Özbəkistandan göndərmişdilər.

Zəminə xanımın qardaşları Elman və Eldar İbrahimovlar Odessada yükqaldırcı kranların istismarı ixtisası üzrə təhsil almışdı. Özbəkistanda zəlzələ olanda onları mütəxəssis kimi zəlzələ ocağına göndərmişdilər. Hər ikisi həm təhsil müəssisələrində dərs deyir, həm də yüksək ixtisaslı mütəxəssis kimi çalışırdılar. Sonra Nəsimi İbrahimov da onlara qatılmışdı. 20 Yanvar faciəsi vaxtı qardaşlar Nəvai və ona yaxın şəhərlərin bütün apteklərindəki tibbi ləvazimat və dərmanları satın alaraq “Kamaz”a yükləmiş, Nəsimi İbrahimov isə özü yük maşınının sükanı arxasına keçərək yardımı Qızıl Aypara Cəmiyyətinə və xəstəxanalara çatdırmışdı.

Xocalı faciəsi vaxtı da Zəminə xanım vətənə xidmətdəydi. Yenə yaralılara dərman daşıyırdı.

1990- cı illərdə ABŞ- a gedən Zəminə Mirhadıyeva mübarizəsini orda davam etdirməyi qərara alır. Azərbaycan –Nyu- York- Assosiasiyasını (ANA) qurur. Təşkilatın başlıca məqsədi xaricdə yaşayan vətənpərvər azərbaycanlıları bir yerə toplayaraq işğal altında olan torpaqların geri qaytarılmasına çalışmaq idi. Bununla bərabər, mədəniyyət, incəsənət sahəsində də işlər görülürdü.

Azərbaycan- Nyu- York- Assosiasiyasının vətənpərvər üzvləri qar, çovğun demədən, istər şaxtanın sazağında, istərsə də qızmar günəş altında etiraz aksiyaları keçirir, Qarabağa ədalət tələb edirdilər. Hətta hamilə qadınlar, qucağında körpəsi olan analar da aksiyalara qoşulurdu. Bu etiraz aksiyaları təkcə Nyu- Yorkda deyil, Vaşinqtonda, Bostonda da keçirilirdi. Azərbaycan- Nyu-York- Assosiasiyasının üzvləri başqa təşkilatların keçirdiyi nümayişlərə də dəstək məqsədilə qatılırdılar. Ermənilər uydurma genosid ilə bağlı Türkiyəyə qarşı sanksiya qəbul etdirmək istəyəndə də fədakar təşkilat üzvləri səfərbər olur, BMT-nin qarşısında aksiyalar keçirirdi. Ermənilərin Azərbaycan səfirliyinə hücum edəcəyini eşidəndə, onlar yenə bir araya gələrək Vaşinqtona gedir, səfirliyin qarşısına sədd çəkirdilər.

 

“BİR ƏLİMİZDƏ AZƏRBAYCAN, BİR ƏLİMİZDƏ TÜRKİYƏNİN BAYRAĞI”

–Bir əlində Ermənistanın, bir əlində isə qondarma DQR- in bayrağını tutan erməni nümayişçilərinə qarşı olaraq biz də bir əlimizdə Azərbaycan, bir əlimizdə isə Türkiyənin bayrağı, onların qarşısında çəpər çəkir, onların yanlış yolda olduğunu, heç nəyə nail ola bilməyəcəyini üzlərinə hayqırırdıq.

Bu müddət ərzində Azərbaycan- Nyu- York- Assosiasiyası çox iş gördü. Bu işlərdən bəzisini qeyd edim. Xocalı faciəsi ilə bağlı konqresmenlərə göndərilən məktubların imzalanmasını təşkil etdik. Türklərin köməyilə Azərbaycan məktəbi açdıq, radioda Azərbaycan dilində verilişlər yayınlanmasına nail olduq. Şahmat məktəbi, rəqs ansamblı yaratdıq. Əsas məqsədimiz isə torpaqlarımızın qaytarılması idi, ona da xalqımız nail oldu. Ali Baş Komandanın rəhbərliyi altında igidlərimiz 44 günlük savaşda torpaqlarımızı azad edərək bizə böyük qələbənin xoşbəxtliyini yaşatdılar.

Zəfər günü Bakıdaydım, səhərə kimi bayram etdik. Sonra zəfər yürüşünə Nyu -Yorkda davam edildi. Təşkilatımızın üzvləri zəfər bayramın daha təntənəli keçməsi üçün əllərindən gələni etdilər. Həmin anların sevincini sözlə ifadə edə bilmərəm. Hamımız xoşbəxt və qürurlu idik.

 

VƏTƏNƏ QAYIDIŞ

–Yuxuda tez- tez Ağdamı görürdüm. Görürdüm ki, Ağdamda, öz küçəmizdəyəm. Öz özümə deyirəm ki, bəs deyirlər Ağdam işğal olunub, hər şey öz yerindədir axı.

İş elə gətirdi ki, Böyük Zəfərdən sonra birinci Şuşaya getdim. İlk gedişimdə Şuşa mənə incimiş, küsmüş, yoxsullaşmış, kiçilmiş təsiri bağışladı. Cox yerlərdə dağıntılar var idi. Elə bil yaşıllıq da az idi. Amma təbii ki, göz baxmaqdan doymurdu. İkinci dəfə gedəndə Şuşanı yaşıllaşmış, abadlaşmış gördüm. Şuşaya zəfər yoluyla gedirdik, bu yolla getmək adama bir başqa qürur yaşadır.

Nəhayət, xəyallarımdakı Ağdam gerçək oldu. Bu dəfə yuxularda deyil, gerçəkdə getdim ora. Əfsus ki, dədə-baba mülkünün ancaq divarları qalıb. Nə dam, nə pəncərə, nə bir taxta, nə bir şüşə, nə bir dəmir- heç nə qalmayıb. Amma divarlar da tarixin dəyərli yadigarıdır. Bu divarlar tarixi dəyər daşıdığından sökülməyəcək.

Uşaqlıq illərimin keçdiyi, yuxularımın həzin qonağı olan ata mülkünə baxdım, baxdım. Mərtəbələr arasında da nə tavan var, nə döşəmə. Bir də pilləkənin bir hissəsi qalıb. Mən bu yaşıma baxmayaraq, dağıdılmış pilləkənlərin üzərindən adlayıb keçirdim. Müəyyən yerlərə yazılmışdı ki, bura minalıdır, keçmək olmaz, amma məndə bir damcı da qorxu hissi yox idi.

Mən qarşıma məqsəd qoymuşdum ki, bu torpaqlar uğrunda bacardığım qədər mübarizə aparacam. Alın tərimizlə vuruşduq, mən öz missiyamı əslində yerinə yetirdim, əlimdən gələni elədim. Biz vətəndən uzaqda bir dəqiqə də olsun doğma torpağı unutmadıq. Çox çalısdıq. Amma hamımızın çəkdiyi əziyyət bir igidin ömrü deyil. Onlar öz qanlarıyla aldılar o torpaqları.

Mənim mübarizəm bitməyib. Öz vəsaitimlə Agdamda dama məktəbi tikdirmək, həm beynəlxalq, həm 64 xana üzrə dama növündə qızlardan ibarət komanda yaratmaq istəyirəm. Qoy Ağdamın, Qarabağın dama ustaları vətənimizə qızıl medallar qazandırsın, Qarabağın qüdrətini daha da artırsın...

GÜNEL NATİQ