adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2023 16:26
828
ƏDƏBİYYAT

Erməni faşizminin mahiyyəti: Qan və torpaq! - Yaqut Bahadurqızı yazır

Dünyada baş verən ən böyük faciələr insan əli ilə törədilib. Tarixin dərin qatlarına getmək istəmirəm. XVI –XVII əsrlərdə Atlantika qul ticarəti, Çingiz xanın və sülaləsinin hakimiyyəti dövründə insan qırğını, Monqol işğalı, tarix irəlilədikcə daha da inkişaf etmiş yeni qırğın silahları ilə insanların daha asan yolla və kütləvi qətlə yetirilməsi, I Dünya müharibəsi, ikinci Dünya müharibəsi və s... II Dünya müharibəsi daha dəhşətli faciələrlə tarixdə və yaddaşlarda qaldı. Bu müharibə ən çox mülki insanların – qadın, uşaq və qocaların qətli ilə tarixin yaddaşına hopdu. Hitler “Böyük Almaniya” sevdası ilə Avropa, Sovet ittifaqı üzərində, Yaponiya Çində, Amerika Naqasaki və Xerosimoda Fransa Əlcəzairdə kütləvi qırğın planlarını reallaşdırdı. Təxminən 6 milyon yəhudinin qəddarlıqla öldürülməsi ilə tarixin qanlı səhifəsini yazdı alman faşistləri. 6 il davam edən II Dünya müharibəsi 72 milyon insanın həlak olması ilə nəticələndi. Hitler Almaniyasında irqçilik əsas idarəetmə predmeti olub və Almanların Allah tərəfindən seçilmiş Ari irqinə məxsus millət olması barədə təbliğat aparılıb. Ermənistanın eks prezidenti Armen Sarkisyan da erməni diasporası ilə görüşündə ermənilərin Ari irqinə malik seçilmiş millət olduğunu vurğulamışdı. Ermənistanın faşist siyasəti nəticəsində bu ölkədə də irqçilik hər zaman ön planda tutulub. Azərbaycanlı, kürd, yevrey və s. millətlər ölkə ərazisindən qovulub. Bunun nəticəsində Ermənistan monoetnik ölkədi, hətta istəklərinə nail olmaq üçün soyqırım belə törədirlər və bunu fəxrlə dilə gətirirlər. XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən sayılan 1918-ci ilin mart soyqırımı və çox yaxın keçmişimizin qan yaddaşı, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımını xatırlatmaq kifayətdir. 1992- ci il Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bununla bağlı Britaniyalı jurnalistə verdiyi müsahibəsində fəxrlə demişdi ki, Xocalıdan əvvəl azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu streotipi sındıra bildik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər və Xocalılara misli görünməmiş divan tutdular. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi. 1990-cı ilin 20 yanvarında isə dinc paytaxt əhalisinə qarşı törədilən faciədə 131 nəfər qətlə yetirilib və onların heç biri hərbçi olmyıb. 2 il sonra isə misli görünməyən Xocalı faciəsi və 613 nəfər soydaşımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsi erməni faşizminin mahiyyətini aşkarladı.

1918-ci il 31 mart – 3 aprel tarixlərində Bakıda və müxtəlif bölgələrdə erməni silahlı dəstələri Azərbaycana qarşı soyqırım nəticəsində Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada 6 min, digər bölgələrdə dəqiq sayı məlum olmayan kütləvi insan qırğını törədib.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Tarixdən dərs keçmək niyyətim yoxdu. Sadəcə, unutmamağımız və hər zaman ehtiyatlı olmağımız gərəkən bir nüans var: Faşizm müalicəsi olmayan,cəmiyyət üçün dəhşət saçan xəstəlikdir və şüarı da “qan və torpaq”dır. Bizim bəxtimizə düşən düşmən də eyni təfəkkürün, eyni əqidənin(əqidəsizliyin) sahibidir...

Dədələrimizin bir qızıl kəlamını unutmamalıyıq: “İtlə qonşu ol, çomağını əldən qoyma!...”

Macarıstanın paytaxtı Budapeştə səyahətim zamanı Avropanın böyük qan damarı olan Dunay çayının iki yerə böldüyü əfsanəvi gözəlliyi, tarixiliyi, arxitekturası ilə insanı valeh edən Budapeştdə həm də qanımı donduran qəribə abidə memuara rast gəldim. Holokost Qurbanlarının anım abidəsi yerləşdiyi yerdən təxminən 300 metr məsafədə Dunay çayı sahilində 60 cüt köhnəlmiş ayaqqabı vardı. Ayaqqabılar əslində tuncdan, dəmirdən, daşdan hazırlanıb. Budapeştdə faşistlər tərəfindən İkinci dünya müharibəsi zamanı güllələnmiş yəhudilərin xatirəsinə həsr edilib. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurublar. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirilib, ayaqqabıları çıxarmış və güllələnmişlər. Sahibsiz, o zaman üçün bahalı və son model ayaqqabılar satılıb və ya faşistlər tərəfindən öz ehtiyacları üçün istifadə edilib. Güllələnərək çaya atılan qurbanlar minlərlə olub. Niyə xatırladım Budapeştdə gördüyüm ayaqqabı abidəsini? Anlayaq faşizmin mahiyyətini, unutmayaq törətdiyi faciələri. Xolokos, Komboca, Aşarşılıq, Ruanda, Xocalı faciələri,1918-ci il Mart soyqırımı, şahiddir ki, faşist elə faşistdir, istər alman olsun, istər erməni...

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru