19 Noyabr 2023 14:16
1399
ƏDƏBİYYAT

EV MÖVZUSU - Etibar Əliyev yazır

Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra yeni əsərlər yazılmalı, yeni filmlər çəkilməlidir. Mövzu çoxdur. Şuşaya səfərimiz zamanı işğaldan azad olunmuş rayon mərkəzlərini və kəndləri necə vəhşiliklə dağıdılmasını gördüm, adamın qanı donur. Hər bir evdə yaşamış nəslin, səcərənin xatirələri, arzularını duyursan. Erməni barbarları bütün kəndləri və şəhərləri eyni cür dağıdıblar. Səcərələri və yaddaşı silmək üçün bunu ediblər. Ev mövzusu yaradıcı insanlar üçün bitib-tükənməz mövzudur.

Görkəmli ədəbiyyatşünas alim, professor Qorxmaz Quliyevin “Açırıq qapıları, örtürük qapıları, keçirik qapılardan” kitabında bu mövzuya olduqca maraqlı yanaşma var. Həmin kitabdakı “Markes” məqaləsindən: “Markesin bütün əsərlərinin məkanı uşaqlıq illərini keçirtdiyi evdir. Evə “ata yurdu” deyirlər, yəni patriarxal münasibətlər ön plana keçir. Lakin əslində ev son dərəcə mürəkkəb səciyyəyə malikdir. Ev-iki nəslin, iki səcərənin görüş yeridir - mən dünyaya gəlməzdən əvvəl anam bu evə köçmüş, bu və ya digər dərəcədə Evin içində öz ocağını qurmağa çalışmışdır. Bu iki nəslin nə şəkildə birləşməsi, uyuşması təkcə dünyaya göz açan körpənin taleyi deyil, onun dünyanı dərkinin xarakterini də müəyyən edir.

Çoxmərtəbəli binalarda doğulanlar Evdə yox, mənzildə dünyaya gəlirlər. Evin özülü torpağa dirənməlidir: uşaq yalnız birbaşa torpaqla təmasda dünyanın magiyası ilə, mifologiyası ilə əlaqəyə girir; çoxmərtəbəli evdə o yerlə göy arasındadır, yəni yerin də göyün də cazibəsindən məhrumdur. Markes Evdə, özü də böyük evdə dünyaya gəlmiş, sonralar cismən dünyanın müxtəlif guşələrində ömür sürsə də, bizim çoxumuzdan, demək olar ki, hamımızdan fərqli olaraq ruhən Evi tərk etməmişdir. Markesin uşaqlıq illərini keçirtdiyi Ev həqiqətən qəribə idi, magik xislətə malik idi; bir-biri ilə bağlı olmayan/bağlı olan üç salamat, bir də yanmış binadan ibarət idi. Evi təşkil edən binalar ixtiyari şəkildə, bir-birindən asılı olmayaraq inşa olunmuşdular. Müəyyən mənada onlar bir-birindən asılı deyildilər-hərə öz ömrünü yaşayır, öz vəzifəsini/missiyasını icra edirdi. Lakin dünyadakı bütün hadisələr və nəsnələr arasında əlaqə yaradan Təbiət onları magik reallıq prinsipi əsasında, bir növ gerçəklikdən çıxış edən, gerçəkliyə tabe olmayan, gerçəkliyin fövqündə dayanan mifologiyanın gerçək magiyası ilə üzvi vəhdətdə birləşirdilər. Ev ətraf mühitdən, təbiətdən təcrid olunmamışdı, toyuq-cücə evdə sırbəst şəkildə var-gəl edirdilər; bir sözlə Ev Təbiətə, Təbiət Evə açıq idi. Ən kiçik Ev belə dünyaya göz açan və onu dərk etməyə başlayan uşaq üçün daim dalana dirənən, ucu-bucağı görünməyən labirintdir. Evin məhz bu cür gərginliklə yaşanması sayəsində böyüyüb demək olar ki, bütün əsərlərinin cərəyan etdiyi məkana-Makondaya, Kolumbiyaya, Latın Amerikasına, dünyaya çevrilməsinə səbəb oldu. Özü də bu təsir o qədər güclü və intensiv idi ki, Markes onu ömrü boyu yaşadı və əsərlərində təcəssüm etməyə çalışdı. Sənətkarın uşaqlığını keçirtdiyi Evin obrazı təkcə onun düşüncə tərzinə təsir göstərməmişdi, həmçinin romanlarının kompozisiyasını müəyyən etmiş, Yazıçının müraciət etdiyi motivlərdə , süjetin axarında, Dünya obrazında öz əksini tapmışdır.”

Ev mövzusu bu qədər metafizik xarakter daşıyır. Erməni barbarlarının dağıtdığı hər bir ev haqqında mükəmməl əsər yaratmaq mümkündür. Sadəcə qələm və intuisiya güclü olmalıdır.