28 Avqust 2024 10:49
535
ƏDƏBİYYAT

“Evə gəlim, danışarıq” - Əli Hüseynov yazır

(Qarabağdan xatirə)

Beli bir deyim var: ən sonda ümidlər ölür.

Ümidləri öldürən nədir bəs? Məkan, zaman, insan – hansı məhfumdur bu hissi bizlərin əlindən alan?

Bir qismimizin ümidlərini əlindən alan məkandır, bəzilərimizdə zaman, bir çoxumuzda insanlar…

Amma…

Ümidlərin qırılmasında bu üç nüansın toxunduğu insanlar da var dünyamızda. Həmin insanlar bilirsiniz kimlərdir?

Şəhid anaları.

Şəhid bacıları.

Şəhid övladları.

Şəhid qardaşları.

Və digərləri...

“Evə gəlim, danışarıq”. Bu ifadə kənardan üç sözdən ibarət bir cümlə kimi səslənir. Bilirəm, mən də bilirəm! Üç cümlənin hər hərfində üç əsrə sığmayacaq ağrı, acı, qorxu, sevinc, kədər yatır - bunu tam dörd il öncə öyrənmişdim.

Son danışdığımızda demişdim ki, “gələndən sonra necə edəcəksən bəs?”…

Elə sözü gedən cavab gəldi – “evə gəlim, danışarıq”.

Gözlədim, xoş xəbər gözlədim. Qısa görünsə də, qorxu dolu gözləmə müddəti idi. O  an hər bir səs, hər bir danışıq mənə eyni sözü deyirdi – “evə gəlim, danışarıq”.

Evə gəldi. Görüşdük. Ona baxırdım, danışa bilmirdi. Nə özü danışa bilirdi, nə üstünə örtüb möhkəm qucaqladığı o bayraq, nə fotoları danışa bilirdi. Amma mən danışmaq istəyirdim, axı içimdə ondan soruşacağım çox sual var idi.

Həmin gün inamımı itirdim… Artıq kimsə “danışarıq” deyəndə “indi danış” deyib təkid edirəm – çünki, mən “danışarıq” deyənlərin səsini bir daha eşitmədim…

Ancaq yenə də ümid edirdim ki, onu yeni evində eşidərəm. Eşitdim…

Mən onu dənizlərdə, səmalarda eşitdim. Amma, səsi uzaqlardan gəlirdi.

Ən son anda isə onu tam dəqiq dinləyə bilmişdim – Hadrutdakı yeni evində, azad Qarabağ səmasında gülümsəyərək mənə belə deyirdi:

“Evimə gəldin, indi danışarıq…”