Suallar labirintində gərdiş - Azad Müzəffərli yazır
(Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabı barədə qeydlər)
Yazıçı Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabının bu günlərdə keçirilən təqdimat mərasimi ilk növbədə olduqca səmimi abı-havası ilə yadda qaldı. Həmin əsər “Qarışqa” nəşriyyatının ilk məhsuludur. Müəllif kitabı bu dünyadan vaxtsız köçən şair dostu Rauf Ranın əziz xatirəsinə həsr edib. Əsərdə mərhumun yaradıcılığına və şəxsi insani keyfiyyətlərinə geniş yer verilib. Cəmi 166 səhifəlik bu kitabda ümman mətləblər yer alıb. Vətən, Millət, həqiqi bəşəri və milli-mənəvi dəyərlər, insanın daim axtarışda olmasının vacibliyi, eləcə də, bu səpgili çoxsaylı fəlsəfi və həyati mahiyyət kəsb edən məsələlər hərtərəfli idrak süzgəcindən keçirilib, Azərbaycan və dünya ədəbiyyatı arasında çoxşaxəli paralellər aparılıb, fərqli cəhətlər geniş təhlil olunub.
“Sərhədsiz yazılar” kitabı milli mənliyə sahib çıxmağa çağırış, hayqırtı xarakteri daşıyır. Müəllifin təvazökarlığı, mərifəti, çöhrəsi və gözlərindəki nur əsərdəki esselərdən də aydınca süzülür. Kitabdakı həqiqətən sərhəd tanımayan yazılar zəngin dünyagörüşü, əsl vətəndaşlıq mövqeyi və çox dəyərli digər insani keyfiyyətlərə dəlalət edir. Əksər esselər əsasən cəmi 3-4 səhifə həcmindədir. Yəqinki, bu da indiki oxucuların səbir kasasının məhdudluğundan qaynaqlanır. Nicat Həşimzadə daim suallar labirintində var-gəl edən qələm əhlindəndir. O, sanki sayagəlməz həyati suallarla amansız döyüşdədir. Özü də bu sualların xeylisi şəxsi icadıdır. Düşünüb-daşınmaq qanında, canındadır. Müəllif öz yazıları ilə soydaşlarını Vətən və Millət naminə şam kimi yanmağa haraylayır.
Nicat Həşimzadənin ədəbiyyata bütün varlığı ilə bağlılığı və yaşantıları insanı heyrətə gətirir. Qənaətimi elə yenicə təqdimatı keçirilən kitabdan bircə əyani misalla təsdiqləmək istərdim. O, İspaniya yazarı Migel de Unamunonun “İki ana” hekayəsini oxuyarkən çox sarsıldığını və əsəb sisteminin pozulduğunu bildirir. Həmin məqamda hekayədəki qadın surətlərdən Raşeli saçlarından tutaraq Nizami küçəsi boyunca yerlə sürümək istədiyini səmim etiraf edir. Açığı, buna lap məəttəl qaldım.
Nicat Həşimzadənin bir sıra esseləri kağız kitablara indiki soyuq münasibətə qarşı Koroğlu sayağı nərəsi, hayqırtısıdır. O da elektron kitablara keçidi tam həzm edə bilmir. Həqiqətən, mütaliə etdiyin kitabı təkcə gözlərinlə deyil, əllərinlə, bütün vücudunla hiss etmək sözlə ölçüyəgəlməz başqa bir aləmdir. Belədə, əsl ədəbiyyat nümunələrini sanki doğmalarını bağrına basmış kimi duyursan, mahiyyətinə bütün varlığınla nüfuz edirsən.
Kitabdakı esselərin əhatə dairəsi ucsuz-bucaqsızdır. Mütaliənin miqyasına ən azı həsəd aparmalı olursan. Özü də onun oxuduğu kitabları necə zərgərdəqiqliyi ilə seçməsi də diqqəti çəkir. Azərbaycan ədəbiyyatına hərtərəfli bələd olab soydaşımız dünya ədəbiyyatından da kifayət qədər baş çıxarır. Volter, Jan-Jak Russo, Viktor Hüqo, Pol Oster, İvan Qonçarov, Milan Kundera, Con Faulz, Stendal, Rabindranat Taqor, Ceyms Coys, Orxan Pamuk, Qabriel Qarsia Markes, Henri Miller, Migel de Unamuno, Kobe Abe, Alfons de Lamartin, İrvinq Stoun və digər çoxsaylı dünya şöhrətli ədiblər və tanınmış simalar barədə esselər çox əhatəlidir, olduqca vacib məsələlərə toxunulub. Rabindranat Taqora istinadən müəllif bildirir ki, ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırır. Məncə, elə insanın qəlbinin tükənməz nura boyanmasında, təfəkkür və təxəyyülünün tumurcuqlamasında ədəbiyyatın da əvəzsiz rolu danılmazdır.
Nicat Həşimzadənin yazıları yeniyetmə və gənclər üçün də çox vacibdir. Əslində bu kitabdakı əsərlər faydalı ədəbiyyat nümunələri seçimi baxımından da dolğun bələdçi rolunu oynaya bilər. Həmin esselər məhz ilk növbədə yeniyetmə və gənclər üçün çox faydalıdır, onları intellektual və fəlsəfi dünyaya, daim canlı olmağa, həyata diri gözlə baxmağa, milli mənliyə həssas münasibətə səsləyir. Kitabın təqdimetmə mərasimində Nicat Həşimzadənin müəllimi olduğu Azərbaycan Dillər Universitetinin xeyli tələbəsinin iştirakı da tədbirə əvəzsiz ovqat qatdı. İş orasındadır ki, həmin təhsil ocağında reallaşdırılan məqsədyönlü və konkret tədbirlər sayəsində tələbələr hərtərəfli mütaliəyə kökləniblər. Universitetin rektoru, tanınmış yazıçı, alim və ictimai xadim Kamal Abdullanın təşəbbüsü ilə bu ali təhsil müəssisəsinin tələbələrinin şəxsi kitabxanasının formalaşması və dünyagörüşlərinin genişləndirilməsi məqsədilə təşkil olunan pulsuz kitab layihəsi təqdirəlayiqdir. Yeri gəlmişkən, zənnimcə, həmin layihənin respublikamızda geniş tətbiqi istiqamətində ali təhsil ocaqlarında və müxtəlif qurumlarda konkret iş aparılmasının artıq məqamı yetişib və bu ədəbiyyat aləminə mühüm töhfə olardı.
Yeni kitab müəllifin ədəbiyyatşünaslığa kifayət qədər dərindən bələd olmasına, ədəbi cərəyanları, ədəbi prosesləri nə qədər yaxından izləməsinə və bu baxımdan şəxsi töhfələrini vermək üçün səyini əsirgəməməsinə dəlalət edir. Nicat Həşimzadənin fəlsəfə ilə doğmalığı da diqqətdən yayınmır, onun fəlsəfi düşüncə tərzi ən azı rəğbət doğurur. Kitabdakı esselər həm də onun eqoizmə yaxasını verməməsinə səni əmin edir. Qismən, qədərincə eqo anlaşılandır və bu da vacibdir. O, öz təbirincə desək sərhədsiz yazılarında Azərbaycan ədəbiyyatının dünya çapında kifayət qədər potensiala malik olduğunu, bu istiqamətdə istər dövlət, istərsə də imkanı çatan şəxslər səviyyəsində ardıcıl iş aparılmasının zəruruliyini daim təbliğ edir. Kitabda Azərbaycan və Türkiyə tarixi, incəsənəti, fəlsəfəsi, musiqisi və ədəbiyyatında mühüm xidmətləri olan Mustafa Kamal Atatürk, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Mövlanə Cəlaləddin Rumi, Mirzə Fətəli Axundov, Əhməd bəy Ağaoğlu və digərləri barədə də ətraflı esselər yer alıb. Müasir yazıçı və şairlərin yaradıcılığına da geniş yer verilən bu kitab hərtərəfliliyi ilə diqqəti çəkir.
Düzdü, kitabdakı bəzi esselərdə mövzu sanki çırmaqlanıb, tamlıq təsiri bağışlamır. Amma, di gəl, bununla belə köklü mövzular yenə də səni düşündürür, daşındırır, esselərdə qoyulan başlıca suallara öz cavablarını sıralamağa yönəldir, təfəkkür və təxəyyülünə güc gəlməli olursan. Belədə, düşünürsən ki, bəlkə, bu da müəllifin məqsədyönlü şəkildə ustalıqla ötürməsi xarakteri daşıyır. Məsələn, Gilqameş dastanına istinadən müəllif diqqətə çatdırır ki, “Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər” kəlamı görəsən hansı anlam daşıyır. Nicat Haşımzadə bu barədə öz mülahizəsini irəli sürsə də, sualın cavabını açıq saxlayır. Şəxsən mənim qənaətimcə, burada söhbət insanın nəsil artırması hesabına ölümü paylaşdığından gedir, yəni hamı bu dünyadan köçsə də, gələcək nəsillərinin şəxsində ölümün qapısını daim açıq qoyur.
Nicat Həşimzadənin hayqırtı xarakterində başlıca suallarından biri də indiki oxucu qıtlığını aradan qaldırmağın mümkün yolları ilə bağlıdır. Məncə, bizdə kitablar ona görə oxunmur ki, ölkəmizdə əsl anlamında bazar iqtisadiyyatı yoxdur. Yəni keyfiyyət hələki tam başlıca meyar deyil. Biz müstəqilliyin ilk illərində kortəbii şəkildə bazar iqtisadiyyatına “keçdik”. Əslində, subyektiv səbəblərlə yanaşı bunun obyektiv səbəbləri də var idi. Əsrlər boyunca(23 ayı çıxmaq şərtilə) başqalarının əsarəti altında yaşayanların birdən-birə əsl bazar iqtisadiyyatı qurması sadəcə nağıldır, axı, biz təkamül yolu ilə öz iqtisadiyyatımızı qurmamışdıq, özümüzə məxsus iqdisadi təfəkkürümüz yox idi. Digər tərəfdən müstəqilliyin bərpasından sonrakı ilk illərdə cəmi bir neçə milyard manatlıq büdcəsi olan ölkədə kamil bazar iqtisadiyyatının əsaslarını yaratmaq mümkün idimi?!. İnanın, haçan bizim ölkəmizdə, cəmiyyətimizdə subyektivliyi keyfiyyət əvəzləyəcəksə, əsl rəqabət mühiti yaranacaqsa, elə ilkin mənəvi ehtiyaclardan biri də məhz ədəbiyyata olacaq, özü də kütləvi şəkildə. İnşallah, həmin dövrlərdə qələm əhli də alın təri əvəzində layiqincə haqqını alacaq, peşəkarların əsərlərindən ötəri nəşriyyatlar vur-çatlasında olacaq. Qardaş Türkiyənin timsalında buna əmin ola bilərsiniz. İndiki Türkiyənin istər siyasi, istər iqtisadi və mənəvi gücünün dayağı rəqabətədavamlı milli bazar iqtisadiyyatıdır!!! Ona görə də qardaş ölkədə istər ədəbiyyat, istərsə də sənət adamları qədərincə haqqına çatdırılır və dünya çapında özünütəsdiq istiqamətində konkret sözlərini deyirlər. Əgər, fikir versəniz, dünyanın inkişaf etmiş ölkələrində ədəbiyyata mənəvi ehtiyac qətiyyən səngimir, ona görə ki, fərdlərin rəqabətədavamlı və geniş dünyagörüşlü olmasında ədəbiyyatın özünəməxsus və əvəzolunmaz yeri var. Bu baxımdan nəinki gələcək, elə indiki qələm əhlinə də arzusunda olduğumuz bu səadəti də bölüşməyin qismət olması diləyi ilə dostum Nicat Həşimzadəni bir daha təbrik edir, ən ümdə arzuların çin olsun deyirəm!