Muzaların himayəsində olan poeziya
İllər öncə bir yazı yazmışdım, “Rəsm kimi şeir - Pitoreks sənəti”. “Ədəbiyyat qəzeti”ndə yayınlanan məqalədə Parnasizm cərəyanından, pitoreks şeirdən bəhs etmişdim. Rəsm altına şeir yazma və rəsm kimi şeir yazma ənənəsi olaraq bilinən pitoreks şeir, poeziyada realizm adlanan parnasizm cərəyanının təsiri altında yaranmışdır.
19-cu əsrin ikinci yarısında Fransada yaranmış bir cərəyan olan parnasizm poeziyada realizmlə naturalizmin sintezindən ibarətdir. 1886-cı ildə "Parnas" adlı jurnalın nəşri ilə ortaya çıxmışdı. Qeyd edək ki, Parnas, mifologiyada muzaların yaşadığına inanılan əfsanəvi dağın adıdır.
Poeziyanı saf forma kimi görən parnaslar, formanın gözəlliyini hər şeydən üstün tutmuş, qafiyəyə və ritmə önəm vermiş, şeiri işıq, kölgə, rəng və cizgilərlə təmin etməyə, “sənət üçün sənət” yaratmağa üstünlük vermişlər. Seçkin auditoriyaya ünvanlanmış fəlsəfi poeziya anlayışı güclənməyə başlamışdı. Theophile Gautier, Theodore de Banville, Fransua Koppe, Xose Mariya de Heredia, Sully Prudhomme, Teodor de Banvil Parnasizmin əsas nümayəndələridir. Parnasizm cərəyanı - Pitoreks şeir, xüsusilə Türk ədəbiyyatında Sərvəti - fünun dövründə geniş vüsət almış, ən bariz təsiri Tevfik Fikrətdə, Cənab Şəhabəddin, Yahya Kamalda, Azərbaycan romantik ədəbiyyatında Hüseyn Caviddə və s. görülmüşdür.
Çox zaman mübahisə obyektinə çevrilən rəsm-şeir əlaqəsi haqqında indiyədək bir çox fikirlər irəli sürülmüş, birbaşa rəsm-şeir əlaqəsindən yaranan şeirlər üçün "vizual şeir", "tablo şeir", "portre şeir" kimi ədəbi termindən istifadə olunmuşdur. "Vizual" və ya "tablo şeir" adlandırılanı , oxucusunun gözü önündə bir insanın görüntüsü canlandırılan portret şeirlərdə, insanların fiziki, ya da ruhsal portretləri çəkilir. Bu yalnız insana aid edilnir, bəzən də kədərin, küləyin, payızın, əzabın və s. sözlə şəkli çəkilir.
Yazımıza pitoreks şeirlə başlamağımız təsadüfi deyil. Çünki poeziya nümunələrini incələyəcəyimiz şairə Şahnaz Şahinin şeirlərinin əksəriyyətində "tablo şeir" (pitoreks) xüsusiyyətləri əks olunur. Bizi bu istiqamətə yönləndirən şairənin “Şəkil çəkirəm” şeiri oldu. Bəhs etdiyim şeirdə Şahnaz xanımın “şeir yazıram” - ifadəsini işlətməməsi, şəkil çəkdiyini vurğulaması diqqətimi çəkdi. Bəlli bir gerçəklik var: şəkil rənglərlə çəkilir, şeir sözlərlə yazılır. Səslərin də rəngi var və bu rənglərin rəngi müxtəlifdir (Artur Rembo). Öz plastikası, ritmi olan sözlər yalnız informasiya kimi deyil, həm də melodiya kimi qavranılır. Əgər sözün major, ya da minor rəngi, yəni şən və kədərli xasiyyəti varsa, o, optimistcəsinə, ya da pessimistcəsinə səslənə bilirsə, deməli qulaqlarımız insan adının da xasiyyətini tuta bilir.
Sözlər şairlərin, rənglər rəssamların sənət ləvazimatlarıdır. Bəzi şairlər bunu məqsəd üçün istifadə edir, bəziləri vasitə olaraq. Şahnaz xanım bunu həm vasitə, həm də məqsəd olaraq istifadə edir. Özünün təbirincə desək, Şahnaz Şahin də “bu cürə şairdir”. Şeir yazmır, sözlə şəkil çəkir, sevgisinin, həsrətinin, kədərinin şəklini çəkir. Bu zaman vasitə olaraq müxtəlif obrazlardan istifadə edir. Bəhs etdiyimiz şeirdə özünün fərqliliyini etiraf edən şairə şəkli “ah”la çəkir:
Mən də bir cürə şairəm.
“Ah”la şəkil çəkirəm.
İnanmırsan gəl otur
Yoxla, şəkil çəkirəm..
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm…
Sözlə çəkilən şəkildə “Öd yalaya-yalaya, odla şəkil çəkən” şairənin əzabkeş obrazı, şeiri hansı mənəvi iztirabla yazdığı oxucunun gözündə canlanır. Şeirin digər bəndində şairəninvəsitəsi, qələmi “od” olur. “Od” və”öd”. Bu sözləri yazanda “Öd yalaya-yalaya” şeir yazmağın və bunu “odla” yazmağın ağrısını, acısını hiss edirəm sanki.
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
Əslində, şairənin sözlə rəsmini çəkdiyi yaşanmış, yaddaşından silə bilmədiyi, hələ də yaşatdığı xatirələrdir. Aristotel yaddaş və xatirə haqqında fikir yürüdərkən belə hesab edirdi ki, “yaddaş keçmiş təəssüratların dərk edilməsidir. Xatirə isə öz növbəsində düşüncədir, bizim isə nə hiss etməyimizin, qavramağımızın və ya öyrənməyimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bununla əlaqədar idrak aktının şərtləşdirilmiş qərarıdır. Yaddaş abstrakt təfəkkürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə şəklin mühitə müəyyən dərəcədə aid edilməsinin dərk olunmasıdır. Şahnaz Şahinin xatirə yaddaşında qoruyub saxladığı və şeirlərindəki məkan "ikiadamlıqdır". Etdiyi bütün etiraflar, əslində ikinci şəxsə, "o adama" ünvanlanır. Edilən etiraflar da müxtəlifdir, bəzən etiraflar olunur, bəzən xatırlatmalar. Bəzən də ritorik suallar ünvanlanır. Bütövlükdə şairənin bir çox şeirlərində "O"nun, ömründən getmiş, ancaq xatirələrində yaşayan adamın obrazı boylanır. Müraciətlər, “o adama” olunur. Bu yazılan və ya çəkilən tablo şeirlərdə -“od”la “ah”la şeir yazan, “Havaya, davaya oynayan” qadının obrazı ilə yanaşı, ömründən çıxıb getmiş "o" adamın obrazı oxucunun qarşısına çıxır. Şairənin “lirik mən”i sanki möcüzə gözləyir, gecələrin onu gətirməsini istəyir. Təəssüf ki, möcüzə gerçəkləşmir. “Gecələr ona gözlədiyini gətirmir”. “Lirik mən” məyusluğunu, hətta bu məyusluğun ölçüsünü “hirsindən it kimi ulayan küləyin” vasitəsi ilə ifadə edir:
Bu gecə də gətirmədi səni.
Hirsindən it kimi
uladı küləklər.
Dəyişmədi əynini
Otağım…
O, qəsdinə duran gecələri “yöndəmsiz bəstəyə bənzədir.
Dolanıb qayıdır üstümə gecə,
Dayanıb elə bil qəsdimə gecə.
Nəfəsim havada quş tək uçuşur,
Bənzəyir yöndəmsiz bəstəyə gecə…
Şairə ümidini göyərtməyən, gümanını həqiqətə çevirməyən, “Onu gətirməyən gecənin” – “əynini dəyişməyən otağın” nisgil, həsrət dolu rəsmini çəkir. Gecələr xatirələrin qucağında yaşayan şairənin unudulmaz hissləri misralarda təzahür edir:
Ən böyük şairlərin də
ən gözəl şeirləri
elə sevgidən yaranır...
Sevməmişəm desələr,
İnanmayın...
Hər gecə bir ulduz
sevgisi doğulur
onların.
İnsanı yaşadan sevgidir, deyirlər. Şahnaz Şahini də yaşadan “o adam”la yaşadıqları, yaddaşına həkk olunan xatirələrdir. Təklikdə, tənhalıqda, xüsusən də geçələr xatırlanır, “o adam”. Onunla danışır, onsuz yaşadıqlarını, daha doğrusu onsuz yaşamadığını etiraf edir:
Üzündən şəkli sürüşüb,
Ayaqlarından yerişi.
Ovcundan tikəsi düşüb,
Bəbəklərindən baxışı…
Soruş, adını da bilmir,
Soruş, gör haçandan gülmür..
Soruş gör kim öldürüb axı,
Qadınlar ölümlə ölmür…!
“Cavanlıq hikkəsini çoxdan unudan qadın” böyük bir metamarfoz keçirib. Adını unudub, gülməyi unudub, ölməyib, amma ölü kimidir. Nə üzündəki şəkil əvvəlki deyil, nə yerişi, nə də baxışı. Ayrılığın yaratdığı bu qorxunc tablonu yaxşılığa doğru ancaq sevdiyinin “Bəyaz tellərini oxşaması” dəyişə bilər. “Tapdığı səadətlə yenidən doğular.”
Oxşa bəyaz tellərini,
Bəlkə dərdi dağılar.
Bir gün tapıb səadəti
O yenidən doğular…
Və ya
...Səni,
sonuncu gülləm kimi sıxdım ozünə...
çıxdın
dişlərim arasından can kimi...
qan fişqırdı üzümə..!
...Boyat yuxuların əsiriydin...
yenəmi ağrıyır qolun,
ürəyinin yerinə...?!
Bir haşiyə çıxmaq istəyirəm. Şahnaz xanımın bu misralarını oxuyan zaman əlimə qələm alıb metamarfoz keçirən qadının və “ o adamın” rəsmini çəkmək gəldi içimdən.
Əvvəllər ənənəvi olaraq hamımızın evində olan təqvimləri xatırlayıram. Hər gün bir vərəq qoparardıq. Bəzən unudardıq, anam gəlib artıq missiyasını bitirmiş, keşmişə qovuşmuş vərəqi sakit-səssizcə qoparardı. Hər bir insanın həyatı bir təqvim kimidir. Hər gün vərəq-vərəq azalır ömrümüz. Təqvimdən vərəqlər qoparılıb dünənə qovuşduğu kimi, insanlar da, yaşananlar da dünən olur. Bu gün sabah üçün keçmişdir, dünəndir. Ən ağır cəza bir zamanlar sevdiyini könlündən silməkdir, dünənə gömməkdir. Kimisi bunu, sevdiyini dünənə gömməyi bacarır, kimisi bacarmır, əksinə ayrılığın şəklini çəkib başının üstündən asır. Şahnaz xanımın “sənin üçün” şeirinin “lirik mən”inin də başının üstündə bir ayrılıq şəkli asılıb. Və “ürək hər gün ayrılığa bir az uduzur,”çünki “hər yeni gün, köhnə günə ölərək yazılır:
Hər yeni gün yazılır
Köhnə günə ölərək!
İslanır köhnə təqvim
Qopub düşür divardan.
Kimsə bəxtəvər deyir
Baxıb bizə kənardan.
İnsanın sevdiyi birini unutması o qədər də asan deyil. Əksinə, unutdum dedikcə, daha çox xatırlanır. Çünki yaddaşda həkk olunanlar unutmağa icazə vermir. Şairənin “lirik mən”i üçün də sevdiyini unutmaq asan olmayıb. “Lirik mən” o adamı unutduğunu və necə unutduğunu etiraf edir. Amma “o adamın” onu sevməyən qadını unuda bilməyəcəyinə əmindir.
Səni birinci
barmaqlarından başladım
unutmağa –
saçlarımdan sığalını yudum,
yanaqlarımdan öpüşlərini,
gozlərimdə yığılan
baxışlarını ağladım.
Soyundum əynimdən göruşlərini.
Sənmi söyləmişdin "pozu olmaz yazıya”?
Dəqiq sən söylədin, amma,
söylədin ki,
şansımız yox qovuşmağa.
Söküb atdım urəyimdən adını,
ürək yamaq götürmür!
Bacarsan sən də unut, unut,
səni sevməyən qadını...
Bir başqa şeirdə şairənin “lirik mən”i bir az əvvəl bəhs etdiyimiz qadın obrazının tam əksidir. Hərdən boş küçələr ona sevdiyini xatırladır. “Boş küçələrdən keçib gedən lirik qəhrəman gecələrin ütüsünü pozur”. “Quş lələyi bildiyi saçının bir telini yandırıb üfürür gecəyə / Dartıb qırır teleqraf tellərini /atır dənizə səsini/ Küləklərin qoluna girib asılır Yer kürəsindən...”
Aşağıda kimsə şar uçurur havaya,
kimsə dənizə görüş təyin edir.
Kimsə neçənci dəfə tövbə deyir sevgiyə
boş küçələrdən keçib gedirəm,
ütüsü pozulur gecələrin.
Sevginin və sevgi duyğusunun şəklini çəkən Şahnaz xanımda rəsmlə sözün bir nöqtədə birləşməsi möhtəşəmdir.
Sevgi bəzən
boşluğa yağan yağışdı,
Bəzən yalan, aldanış...
Bəzən də
gözlərin altına düşən qırışdı.
Başqa bir seirində sevgi sözünü sevda əvəzləyir. Məna etibarı ilə hər iki söz eyni mahiyyət kəsb etsə də, sevda sözü dahi məhəbbət şairi Füzulini yada salır: “Sorun ki bu nə sevdadır, bu sevdadan usanmazmı?!” Bu sözləri şairənin sevdadan usanmayan, yuxularında belə onunla bir xəyal quran “lirik mən”inə də ünvanlamaq olar.
...Bir sevda keçdi önümdən...
bir az gözləri qıyıqdı,
Bir az ayağını çəkir,
azca da kefi yox idi.
Düşüb arxamca gəlmişdi,
deyirdi yaman darıxıb.
Deyirdi həyatı puçdu,
amma nəfsinə tox idi....
Hətta icazə istədi,
tutum əllərindən - dedi.
Bura ayrılıqdı – gedək,
utandım çəkdim əlimi....
...Allah nə gözəl yuxuydu..!
Şahnaz Şahinin poeziyasında yalnız “o adamın” və sevən qadının obrazı yoxdur. Duyğularını, düşüncələrini poetik şəkildə ifadə etməsində ona yardımçı olan digər obrazlar da var: külək, payız və s.
Fikrimizcə, fəsillər arasında ən çox insan təbiətinə bənzəyəni payızdır. Bəzən ağlayan, bəzən buludların arasından gülümsəyən, bəzən dumanlı, bəzən küləkli, çovğunlu havasıyla. Şairənin payızı obraz olaraq seçməsi təsadüf deyil. O, bəzən payızın bu xüsusiyyətlərini insana, bəzən də insana məxsus xüsusiyyətlər payıza “köçürür”.
Özünü qapımdan
asıb getdi payız.
Qış dəfn edəcək, heyif,
nəm tutan yarpaqları.
Boz sərçələr ağlayacaq,
bumbuz əllər dikəldəcək
başdaşlarını.
“Özünü qapısından asıb gedən payızı, qış dəfn edəcək”. Özünü asan varsa, yas da, ağlayan da olmalı. Özünü asan payızı öz doğma yurd yerini tərk etməyən vəfalı sərçələr ağlayacaq”. Gözəl bir tablo şeir nümunəsi. Bu tablodakı salxım söyüdlər bir zamanlar kölgəsində görüşən sevgililər kimi qocalıb. Xatirələr boyatlaşıb:
Salxım söyüdlər də qocaldı,
Kölgəsində görüşən
sevgililər kimi.
Ara-sıra boyat
xatirələr tökülür
vitrindən indi.
Şairənin “Xatirə axtarışı” şeiri bu şeirin davamı kimidir.
Bu dünyada heç nə təzə qalmır..
Köhnəlir əyin-başın kimi
görkəmin də..
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın..
İçindən qurd tapırsan
Bakirə arzuların…
Tıxanır boğazına
Bircə parça ümidin,
nə uda, nə də tüpürə bilirsən..
Yoldan keçənlər baxıb
elə köksünü ötürür.
Yanır dəli qürurun..
Eşib kül topasını xatırə axtarırsan…
Meksikalı şair Oktavia Pasa görə, poeziya “ilhamdır, nəfəsdir, səyahətə dəvətdir. Ağrıdan və ümidsizlikdən qidalanır. Poeziya həm ayırır, həm də birləşdirir”. Şahnaz xanımın şeirlərində ayrılıqla vüsal, sevgi ilə ayrılıq, arzu ilə təəssüf qolboyundur. Onun poeziyası ayrılıqla və görüşün, təəssüflə arzunun, dua ilə ahın məkanıdır. Və o, bütün bunları poetik şəkildə ifadə etmək üçün müxtəlif obrazlardan məharətlə istifadə edir. Onun şeirlərində istifadə etdiyi külək obrazı da çox uğurludur: "Daha könlünü oxşamaz / Bu sevdanın küləyi / Paralel xətlər kimidi / Yollarımız hələ ki..."
Bir başqa şeirində Şahnaz xanım sevgi kimi, “Qapısının açar yerində iki barmağını qoşalayıb, kənd uşaqları kimi həvəslə fit çalan küləyin rəsmini çəkir.
Bu rəsmdə külək əsəbindən şahə qalxıb.
Zivədən paltarlarımı qaçırır,
Başımdan saçlarımı uçurur.
ağacların qol-qabırğasını vurub sındırır,
meyvələrini çəkib qoparır .
Əsəbindən
şahə qalxır, deyinir, bağırır.
Kimə, nəyə hirslənib bilmirəm.
İsterik çırpıntılarda sənin də, elə mənim də adını çəkir.
Pəncərə çərçivələrindən yer tapıb içəri soxulur .
Axtardığını tapmayıb qaçır küçəyə .
Gözünə görünən, əlinə keçən,
gücü yetən nə var,
hər şeyi alıb önünə qovur uzaqlara.
Uzaqlarda kimi var küləyin
bilmirəm.
Şahnaz Şahin külək obrazı vasitəsi ilə “lirik mən”in içindəki duyğuları canlandırır. Eyni zamanda, insana aid xüsusiyyətləri küləyə yükləyir. Külək hirslənib, deyinir, bağırır, isterika yaşayır. Bir zamanlar söyüdlərin kölgəsində görüşən iki insanın adını çəkir, içəri soxulur, axtardığını tapa bilməyəndə küçəyə qaçır , gözünə görünən, əlinə keçən, gücü yetən nə varsa qovur uzaqlara.
Bütövlükdə küləyin yaratdığı bütün xüsusiyyətlərinin sözlə şəkli çəkilən bu misraları oxuyanda küləyin yaratdığı mənzərəni görmək və çəkmək o qədər də çətin deyil. Şairə, “Yığılıb odama şeir yazıram”, - desə də, yalnız şeir yazmır, şairliklə rəssamlığı bir araya gətirir və bunun öhdəsindən mükəmməl bir şəkildə gəlməyi bacarır. Çünki onun üçün hər şey: “solğun bənizli gecə, / dibçəkdəki güllər.../pəncərə şüşəsində çiliklənən yağış dənələri.../yolların qırağında soyuqdan büzüşüb titrəyən köməksiz otlar / masa üstündəki büllur güldan, güldandakı boynu bükük çiçəklər” və s. şeirdir. Eyni zamanda, hər şeiri bir rəsmdir. Bu baxımdan “Fraqmentlər” adlı şeiri çox diqqətçəkicidir.
Hara baxsan şeirdi...
Elə bu solğun bənizli gecə,
dibçəkdəki güllər...
pəncərə şüşəsində çiliklənən
yağış dənələri...
yolların qırağında
soyuqdan büzüşüb titrəyən
köməksiz otlar...
hər şey...
bircə,
geniş masa üstündəki büllur güldanda
boynu bükük çiçəklərə yazıq...
Şahnaz xanım özünü “Şeir qadın” adlandırır. Ancaq yalnız “şeir qadın” deyil, “bir az çöl qadın”, “bir az orman qadın”, “bir az roman” qadındır. Bütövlükdə, Tanrının möcüzəsi olan qadındır, anadır.
Mən bir az çöl qadınam,
bir az da orman qadın.
Bir az şeir qadınam,
Bir az da roman qadın.
Tala-tala ələfəm,
Çiçək-çiçək dağam mən.
Sahibini gözləyən,
Soyumuş ocağam mən.
Qadınam, qadın... ana,
Hər dərdə sipər qadın.
Bətnimdə böyüyübdü,
O Həcər, Nigar qadın.
Leyli mənəm, Şirin mən,
Ocaq qadın, Pir qadın.
Tanrının yaratdığı,
Ən gözəl əsər...Qadın!
Poeziya duadır, ahdır, göz yaşıdır, peşmanlıqdır, təzahürdür. Tanrı ilə ünsiyyətdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. analogiyadır, bütövlükdə muzanın əsəridir. Ədəbiyyatımıza qədim Yunan mifologiyasından gələn bu ifadə, “Muza” - “Muse” – incəsənət ilahəsi sözünün Azərbaycan dilinə və mental xüsusiyyətlərimizə uyğunlaşdırılmış variantı ilham pərisidir. İncəsənət ilahələri olan muzalar, əfsanəyə görə Zevsin və Mnemosinanın qızlarıdır və onlar incəsənətin fərqli-fərqli növlərini himayə edir. Məsələn, “Kalliopa epik poeziyanı, Evterpa lirik poeziyanı, Erato sevgi poeziyasını, Taliya komediyanı, Melpomena faciəni, Terpsixora rəqsi, Uraniya astronomiyanı, Polihimniya himn yaradıcılığını. Fikrimizcə, Şahnaz Şahinin realizmlə naturalizmin, şeirlə rəsmin sintezindən yaranan poeziyası daha çox Evterpa (lirik poeziya) və Erato (sevgi poeziyası) ilahələrinin himayəsi altındadır. Və Şahnaz Şahin Azərbaycanda pitoreks – tablo şeir yazmaqda və yaratmaqda önəmli bir imzadır.
Lütviyyə Əsgərzadə ,
Filologiya elmləri doktoru