09 Sentyabr 2024 11:02
1225
ƏDƏBİYYAT

Əzablı ömür və tənha məzar

L.N.Tolstoyun 196-cı ildönümünə ithaf

Bir müddət əvvəl bir yazıçı dostumuz Lev Tolstoyun qəbrinin fotoşəklini paylaşmışdı. Tolstoy özünə əbədi istirahət yeri olaraq, xüsusi qayğı ilə əkdiyi ağacların kölgəsində, təbiətin səssizliyində bir yer vəsiyyət etmişdi... Bir qəbrə baxdım, bir də Tolstoyun həyatına... Gözlərimin önündə böyük bir ziddiyyət canlanırdı: Əzablarla dolu, keşməkeşli bir həyat yolu, sükunət dolu bir son mənzili qərərgah seçmişdi özünə... Əzab adətən xoş olmayan şeyləri xatırladır bizə, lakin Tolstoyun əzabları ona milyonların sevgisini bəxş etmişdi...

Tolstoyun həyatdan məna arayışı, sual dolu izdirabları dünya ədəbiyyatına "Etiraf"ı gətirmişdi... Tolstoy həyat və ölüm nəzəriyyəsini sorğulamağa və bizə də sorğulatmağa çalışırdı, onun ölüm qarşısındakı çarəsizlik düşüncələri, uğurlu bir hakim olan "İvan İliyiç" obrazını yaratmışdı, “böyük İvan İliyiçin” ölüm qarşısındakı acizliyini ilmək-ilmək toxumuşdu Tolstoy...

Tolstoy həm Krım, həm də Qafqaz müharibəsində iştirak etmişdi; müharibədən geri qalan acılarla dolu xatirələr, müharibə əzabı ona "Müharibə və Sülh" əsərini yazdırmışdı... Azad ruhlu bir yazıçının, Qafqaz xalqının azadlıq mübarizəsinə bilavasitə şahid olub, təsirlənməməsi imkansızdı, Qafqaz xalqında gördüyü ailə, əxlaq, cəsarət və sadiqlik kimi hisslərini Hacı Murad ilə ifadə etməyə çalışmışdı...

Tolstoyun son əzabı, "İnsanı yaşadan nədir?" sualını yaratmışdı…

İnsanı "sevgi" yaşadır, - deyirdi ustad yazarımız. Lakin yazmaqla kifayətlənməmişdi; sevgisini insanlığa bütün səmimiyyəti ilə göstərərək, bütün var-dövlətini kəndlilərə paylamışdı, sözlərini əmələ çevirmişdi...

"Yasnaya Polyanadakı məktəb" yazısı da sadəcə bir məqalə olaraq qalmamışdı; kəndli uşaqları üçün inşa etdirdiyi 13 məktəb ilə həyata keçmişdi...
Bəlkə də, Tolstoyun bu sükunət dolu qəbrinin arxasındakı sirr, milyonların qəlbini fəth edən o bənzərsiz düstur, yalnızca yazmaqla kifayətlənməmiş olmasıydı.Yazdıqlarını yaşamış, yaşadıqlarını yazmışdı, həm də bütün səmimiyyəti ilə, ixlası ilə… Qəbrinin üzərində heç bir simvol olmaması da təsadüf deyildi, özü belə istəmişdi, çünki o, milliyyətindən, dilindən, dinindən, asılı olmayaraq bütün insanlığa xitab edirdi. Zehni çərçivələri, fikri sərhədləri çoxdan keçmişdi Tolstoy...
Ölümündən bir neçə ay əvvəl azərbaycanlı general İbrahim Vəkilovun həyat yoldaşı Yelena Vəkilovaya yazdığı məktubdan bəlli olurdu ki, Tolstoy fikri zəncirləri, zehni çərçivələri çoxdan qırıb...

Əzab dolu bir həyatın sükunət dolu bir məzarda sona çatmasına "ziddiyyət" demişdik, Oşo isə "Həyat elə ziddiyyətdir" deyirdi...

Rusif Hüseyn.
İzmir