23 May 2024 10:41
584
GÜNDƏM

Faciəmizin anım günü: 37 yaşında "söndürülən" Azərbaycan Günəşi

Bu gün Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbay¬can torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət Şah İsmayıl Xətainin anım günüdür.


Adalet.az xəbər verir ki, İsmayıl Səfəvi 1487-ci il, 17 iyul tarixində Ərdəbildə anadan olub. Tarixçi və araşdırmaçıların verdiyi məlumatlara görə, İsmayıl12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoyur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayılır. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara alırlar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olur, özünü Azərbaycanın hökmdarı elan edir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləş¬dirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çox¬saylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.
Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq”a sadiq olmalarıydı.

Tarixçi alim, dosent Zaur Əliyevin yazdığı kimi: "Şah İsmayıl Xətai doğulan gündən "Günəş və Aslan" təşkilatının idarəçiləri olan ağsaqqalların, qaynaqlarda qeyd edildiyi kimi, “Gün görənlərin” himayəsi altında olub. Onun dünyaya gəlişi də İstanbulun geri alınması kimi qədim kitablarda yazılıb.

Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələlərin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş padşahı” deyə qeyd olunur. Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. O, Dövlət dilini türk dili elədi. Üstəlik türk dilində əsərlər yaradaraq bu gündə əsl türk sənəti olan qədim ozanlıq inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsinin olduğu da deyilir. Özü sazda ifa edib oxuyurdu.

Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə, elə bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb.

Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi "qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm" ".


Nəinki Azərbaycanda dünyanın hər yerində tarixçilər də , azərbaycanlılar da Azərbaycan düşmənləri də bilir ki, Şah İsmayıl Xətai qədər Azərbaycan dövlətçiliyinə xidmət edən ikinci bir şəxs olmayıb.
23 may 1524-cü ildə dünya tarixinin ən görkəmli şəxslərindən biri olan böyük sərkərdə, Azərbaycan xalqının böyük oğlu Şah İsmayıl Xətainin rəhmətə gedən günüdür. Cəmi 37 yaş... Ömrünün ən çal-çağırlı dövründə...Bəlkə də bu ölüm kabusu olmasaydı, şahımız hələ neçə-neçə uğurlara, qələbələrə imza atacaqdı. Onu qardaşın-qardaşla qardaş qanı tökməsimi yıxdı?  Onun ömrünü nanəciblərin, başqalarının qapılarında "duz dadıb" özününkünə təpik atanların şər-böhtanları, yersiz qınaqlarımı  taleyinə qara yazdı? İndi ətrafımızda bu qədər nadan varkən, gör hələ 500 il əvvəl nə qədər nadanlar, cahillər olub yurdumuzda. O nadanlar var qüvvələri ilə Şahımızın günəş kimi parlaq şəxsiyyətini çamurlara qərq edib. 

Xiffət etdi, ah çəkdi, susdu, bütün dərdlərini içinə çəkdi və....Dərdə saldı çəkiləsi mümkün olmayan dərdlər, Şahımızı....Ucu -bucağı görünməyən böyük bir xaniman, böyük bir imperiya yaratdı, amma ətrafındakı  murdar nəfsli, iyrənc qəlbli insanların xırda qınağına, əsilsiz yalanlarına, böhtanlarına dözüm göstərə bilmədi... Dərd içini parçaladı, parçaladı.... və bir gün...

Ömrünün son illərində ailəsinə və ardıcılı olan qızılbaşlara vəsiyyət edir:
"Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim - müharibə olmasın, dedim, olmadı.Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb...
... Ömrün son günlərini yaşayıram...
Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa - onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz-can sizin can onlar əmanəti!"


Ruhu şad, məkanı cənnət olsun , qüdrətli Azərbaycan oğlunun!

P.S. Qüdrətli Şah İsmayıl Xətaini Əzizə Cəfərzadə “1501” əsərində “işğalçı, qaniçən, qəddar” göstərməyə çalışsa da, Fazil Mustafa “millət vəkili” statusuna tam zidd olan müsahibəsində “Səfəvilər fəlakət tariximizdir” desə də, yazıçı Aqşin Yenisey profil statusunda “Səfəvilər İmperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğunun səbəb olduğunu” iddia etsə də, bir həqiqət bu kainata əbədi hakimdir:” Günəşi örtsədə qara buludlar, Yenə günəş adlı bir qüdrəti var”.
Hələ bir həqiqət də var ki, o daha kəskindir və onu demirəm, çünki hamı bilir.

 Əntiqə Rəşid