27 Yanvar 2024 15:55
4643
ƏDƏBİYYAT

Fədakar...  - Elman Eldaroğlu yazır

Yazıçı, jurnalist Aqil Abbas onu belə təsvir edir: “Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə ölü atsan, diri  çıxar.

Tanrı ona istedad da verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də. Əri İsmayıl Novruzov Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biridi. İkinci qrup Qarabağ əlilidi. Bədənində 23 düşmən qəlpəsi gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər. Rəşid adlı bir oğlu da var, onu da atası kimi, özü kimi döyüşçü yetişdirir…

Hələ İkinci Qarabağ müharibəsi başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər hamısı bu hərəkatda fəal idi. Onun da əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru  xəbərləri göndərirdi. Göndərdiyi şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili  göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir…”

Söhbət fədakar jurnalist Əntiqə Rəşiddən gedir. Qarabağ müharibəsi vaxtı, cəbhə bölgəsində atəş altında qələmə aldığı yazılarla oxucuları mütamadi məlumatlandıran Əntiqə Rəşiddən. 

Deyir ki,-  “Bir zaman güllü-gülüstana bənzər bir həyətimiz vardı, orda ağaclar da, çəmənlik də yamyaşıl idi, orda çiçəklər-güllər əlvan rəngdəydi, orda bülbüllərin cəh-cəhidə təkrarsızıydı. Bax, o cənnətin içində sadə bir ev, o evin isə sadə sakinləri vardı. Bir baxışıynan özümüzü yığışdırdığımız, dünyada hamıdan güclü bildiyimiz Ata vardı, sonsuz şıltaqlıqlarımıza dözən, hirsi-əsəbi qayğıya bülənən Ana vardı, 5 dəqiqə ”dost ”, 5 dəqiqədən sonra ”düşmən”, pisliklərdən xəbərsiz bacı-qardaş vardı. Ən çox, Ana kəfkirlə böyük mürəbbə tiyanını qarışdırdıqca, hərəmizin əlində bir nəlbəki ocağın kənarını kəsdidiyimiz yadıma düşür. Birinci kimin nəlbəkisinə pay çəkiləcək iddiası “kiçik didişmələr” yaradardı. Dartışma-çəkişmə… Ana tiyana yıxılacağımızdan qorxardı. Əlindəki kəfkirlə hərəmizi bir tərəfə qovardı; “Yaxına gələnin bu kəfkirlə ayaqların sındıracam”. Axırıncı “ültumatum”dan sonra azacıq gözləyib, yenidən ocağın başına yığışardıq. Onsuzda ”ultumaum”un elə də tutarlı olmadığını bilirdik. Mürəbbə payımız çəkilərdi. Bu dəfədə ikinci payı da almaq üçün bütün barmaqlarımızdan “səmərəli istifadə” edərdik. Nəinki, nəlbəkimizə, ağız-burnumuza, üst başımıza, hətta əl-ayağımıza bulaşmış mürəbbə şirəsinə birdə toz-torpaq hopanda görəydin bizi. Hələ məhlədə top-top oynayan həmyaşıdlarımın səsi-küyü məni hövsələdən çıxaranda topu götürüb qaçdığım, qəzəbli “futbolçular”ın ayaqyalın arxamca düşüb, topu məndən alıb, sonrada məni möhkəmcə əzişdirdiyi günləri özlədim. Belə qayğısız xoşbəxt mənzərə üçün burnumun ucu göynəyir. Yatıram yuxularımdan, oyanıram gözlərim qarşısından çəkilmir o sevimli, bir-birindən maraqlı anlar.”

“Facebook” göstərir ki, yanvarın 28-də növbəti ad günüdür. Yan keçib biganə qala bilmədim. 44 günlük müharibədə qəhrəman döyüşçülərimizin yanında olan, atəş səsləri altında reportajlar hazırlayıb arxa cəbhəyə yollayan, yaralılara yardım edən, əsgərlərə ərzaq daşıyan bir qorxmaz, fədakar xanımın ad gününə axı necə biganə qalmaq olar?..

 Hörmətli, Əntiqə xanım, sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

 Yeni yaşınız mübarək!

 Elman Eldaroğlu