adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Dekabr 2021 15:21
2236
LAYİHƏ

GƏDƏBƏYİ TURİSTLƏRƏ TƏQDİM EDƏK

Müstəqil Azərbaycanın iqtisadi-siyasi durumu təkcə ölkə sərhədləri daxilində deyil, onun hüdudlarından kənarda da həm diqqəti çəkmiş, həm də təsdiq olunmuşdu. Yəni dünyanın aparıcı dövlətləri, iqtisadçı alimləri, maliyyəçiləri, hətta Dünya bankı və beynəlxalq banklar ayrı-ayrılıqda Azərbaycanda cərəyan edən hadisələrə diqqətlə yanaşır və onun uğurlarını nəzərə alıb ölkəmizə sərmayə yatırtmaqda böyük maraq göstərirlər. Təbii ki, bu da ölkənin daxili sabitliyi və iqtisadi göstəricisinin yaratdığı məntiqi nəticədi.

Bu gün təkcə paytaxta və digər iri şəhərlərimizdə deyil, Azərbaycanın regionlarında da inkişaf səviyyəsi, eləcə də ümumi mənzərə ilk baxışdan adamı özünə çəkir. Istənilən bölgəyə üz tutanda oradakı yeniliyin şahidi olmaq mümkündü. Bu mənada dağlar qoyunda yerləşən Gədəbəy rayonuna yolu düşən hər kəs bu rayon mərkəzi ilə yanaşı, onun qəsəbə və kəndlərində də həyatın müsbət aurasını ilk baxışdan hiss edir. Burada iki xüsusi məqam var. Onlardan biri təbii ki, coğrafiyamızdı. Yəni Gədəbəy elə bir coğrafi ərazidi ki, burada Allah özü insan üçün böyük yaşam imkanları yaradıb. Buradakı meşə zolaqları, çaylar, bulaqlar, mineral sular, adamla canlı şəkildə təmas quran bitki örtüyü, yəni flora və fauna, yeraltı, yerüstü sərvətlər, abidələr, bir sözlə, bu coğrafi ərazinin bütövlüyü öz aurası ilə Azərbaycan insanına həyat eşqi bağışlayır, yaşamağa yaratmağa həvəsləndirir...

Son zamanlarda Gədəbəyin iqtisadi mənzərəsində baş verən iqtisadi dəyişiklilər, burada aparılan tikinti-quruculuq işləri göstərir ki, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların İnkişafına Daiq Dövlət Proqramına uyğun olaraq yerli icra hakimiyyətində aidiyyəti qurumların əlbir fəaliyyətini qovuşduran mərkəz fəaliyyət göstırir. Rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi həmin mərkəz də rayonun bütün mənzərəsi, inkişaf prespektivləri, çatışmazlıqlar, zəruri olan məqamlar öyrənilir və planlı şəkildə də bu məsələlər öz həlini tapır. Belə ki, Gədəbəy rayonun mərkəzində aparılan tikinti-abadlıq işləri artıq rayonun ümumi mənzərəsində köklü dəyişikliklərin olduğunu göstərir. Çəkilən yollar, döşənən asfalt örtüyü, eləcə də səkilərin qaydaya salınması, su, qaz xətlərinin nizamlı çəkilişi artıq Gədəbəydə işlərin planlı şəkildə gerçəkləşdiyini təsdiq edir.

Bütün dünyanı bürüyən pandemiya təhlükəsinin Azərbaycanda da at oynatdığı məqamda Gədəbəy sakinləri rayonun əsas inkişaf xətti olan əkinçiliyi bir an da olsun yaddan çıxarmırlar. Istər fermer təsərrüfatları, eləcə də sahibkarlar və ayrı-ayrı vətəndaşlar rayonda əkin-biçin işlırinə, maldarlığa xüsusi diqqət yetirirlər. Məhz bu səbbədəndir ki, Gədəbəydə ət, süd istehsalı, kartof, digər dənli bitkilər, ümumilikdə isə kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil kəmiyyət və keyfiyyətcə yüksəlir, artır. Bu da Gədəbəyin hər bir sakininə öz bazar zənbilini, ailə büdcəsini idarə etməkdə geniş imkanlar yaradır. Yəni yerli sakinlərin sosial durumu ilbəil yüksəlir. Təbii ki, ölkə prezidentinin və ümumilikdə Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsəd də Azərbaycan insanının sosial rifah halının yüksəldilməsidi. Deməli, Gədəbəydə müşahidə etdiyimiz sosial rifah onu göstərir ki, ölkəmiz uğurlu inkişaf yolundadı.

Regionlarımızın inkişafı ilə bağlı mövzunu işləyərkən Gədəbəy rayonuna dair bilgiləri gözdən keçirməli oldum. Həmin materiallar arasında ən çox diqqətimi çəkən rayonda təhsilə, səhiyyəyə göstərilən diqqət oldu. Pandemiya şəraitində yaşasaq da, Gədəbəy rayonunda həm rayon mərkəzində, həm də kəndlərdə fəaliyyət göstərən məktəblərdə, xəstəxana və tibb məntəqələrində demək olar ki, müasir texnikanın verdiyi imkanlardan yararlanaraq böyük işlər görülməkdədi.

Respublikamızın hər bir bölgəsində, hətta ən ucqar kəndlərində olduğu kimi, Gədəbəy rayonunda da məktəblərin, tədrisin, internet şəbəkələrilə əlaqələndirilməsi, yəni onlayn dərslərin keçirilməsi, şagird və müəllimlərə internet imkanlarından istifadə edilməsinə şərait yaradılması bu gün Gədəbəyin reallıqlarındandı. Ona görə də rayonda təhsil işçilərinin öz vəzifə borclarını yerinə yetirmək məsələsində, yəni pandemiyanın yaratdığı problemlərdən yan keçərək tədrisi Təhsil Nazirliyinin tələbləri səviyyəsində qurmaları ürəkaçandı. Bu da onu göstərir ki, rayon rəhbərliyi, xüsusilə təhsil sahəsinə cavabdeh olan şəxslər bu məsələni prioritet kimi gündəmdə saxlamağı bacarırlar. Ona görə də son illərdə Gədəbəydə orta təhsilini başa vurub ali məktəblərə daxil olanların sayında xeyli artım var. Bu uğurlu təhsil göstəricisi onu deməyə əsas verir ki, digər dağlıq bölgələrimizdə də təhsilə cavabdeh olanlar vəzifələrinə ciddi yanaşarlarsa, onda həmin bölgələrdə də uğurlar qazanmaq mümkün olar.

Gədəbəy rayonunda aparılan tikinti-abadlıq işləri bu bölgəmizə turist axını üçün də müəyyən imkanlar yaradır. Belə ki, Gədəbəydə mövcud olan Namərdqala, Çarekvəng monastrı, Koroğlu qalası, Böyük Qaramurad vəngi, Çaldaş məbədi, Altıbulaq qalası, Qarabağ qalası, Pir qalası, Qrex qalası və mövcud olan kifayət sayda abidələrimiz imkan verir ki, bu bölgəyə turistlərin diqqətini çəkək. Yəni Mədəniyyət Nazirliyinin aidiyyəti qurumu və digər aidiyyəti təşkilatlara Gədəbəyin əsl turist məkanına çevirmək imkanı verir. Sadəcə olaraq, bu işə planlı şəkildə yanaşmaq və bölgədə turistlərin yerləşməsi, ehtiyaclarını təmin etməsi üçün şərait yaratmaq lazımdı. Bütövlükdə götürəndə isə Gədəbəylə yanaşı, digər bölgələrimzdə də bu işi köklü şəkildə qurmaq ölkə iqtisadiyyatına böyük fayda gətirə bilər.

Bu gün Gədəbəy rayonunda görülən işlərin içərisində işıq, rabitə, telekommunikasiya, həmçinin səhiyyə, mədəniyyət sahələrində aparılan uğurlu işlər deməyə əsas verir ki, dağlar qoynunda yerləşən, təbii gözəlliyi özündən olan Gədəbəydə kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi ilə paralel olaraq turistlər üçün şəbəkələrin qurulması da bölgəyə böyük yatırımların qoyulmasına yol açar. Bu isə öz növbəsində Gədəbəyin, həm də ətraf bölgələrin turist diqqətini cəlb etməsində əsas şərtlərdən biridi. Düşünürəm ki, yaxın gələcəkdə Gədəbəy şəhərində və onun müvafiq ərazilərində tikiləcək otellər, yaradılacaq sosial şərait Gədəbəyi daha da şöhrətləndirəcək. Yəni bu bölgəyə səfər edənlər oradan xoş təəssüratlarla ayrılacaqlar. Buna isə həm mənəvi baxımdan, yəni maddi mənədəniyyət baxımından, həm də coğrafi baxımdan bizim haqqımız çatır.

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.