GÜCLÜ İQTİSADİYYAT GÜCLÜ DÖVLƏT DEMƏKDİR

Bu gün dünyada bütün qlobal problemləri və eləcə də digər məsələlərin hamısını iqtisadiyyatı güclü olan dövlətlər həll edirlər. Ola bilər hansı ölkəninsə ərazisi, sahəsi böyükdür, amma bu o demək deyil ki, həmin məmləkətlərin iqtisadiyyatı da güclüdür. Bəzən ərazisi balaca bir dövlət olan ölkə dünyaya meydan oxuyur. Niyə? Heç uzağa getməyək, İsrailin dünyada hansı siyasi nüfuza və hərbi gücə malik olması nəinki ölkələrə, dünya xalqlarına, həm də dünya güclərinə yaxşı aydındır.
Sözümüzün canı ondan ibarətdir ki, Azərbaycan da müstəqillik dövrünə qədəm qoyduqdan sonra tarixin bir çox sınaqları və çətinlikləri ilə üzləşdi. O çətinliklərdən ən birincisi torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması idi. Təbii ki, ərazi bütövlüyümüzün təmin olunması və işğal olunmuş ərazilərimizin azad edilməsi bu dövlətin, bu xalqın ən böyük problemi idi. Üstəlik də paralel olaraq ölkə iqtisadiyyatı yenidən qurulmalı, istehsalat müəssisələri və digər müasir tipli müəssisələr inşa edilməli idi. Bununla yanaşı, ölkəmizin təbii sərvətləri, xüsusən də nefti dünyanın maraq dairəsində idi. Əlbəttə, Azərbaycan tək müstəqillik dövründə deyil, istər Sovet dönəmində, istərsə də ondan əvvəlki zamanlarda həmişə xarici dövlətlərin böyük maraq dairəsində olub. Amma bu o demək deyil ki, hansısa xarici dövlət gəlib bizim sərvətimizi talayıb aparmalı və milyonlar qazanmalıdır.
Ona görə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə və dünya gücləri tərəfindən tanınmasına böyük zəmin yaratdı. Sözün açığı, torpağımızın 20 faizinin işğalı və eləcə də digər problemlər məsələnin həllini bir qədər çətinləşdirsə də, amma ölkəmizin sürətli inkişafını heç bir qara qüvvələr ləngidə bilmirdi. Çünki Azərbaycanı bu çətin və ağır vəziyyətdən xilas edəcək Ümummilli Lider Heydər Əliyev artıq hakimiyyət başında idi. Onun uzaqgörən, zəngin təcrübəsi nəticəsində ölkəmizin iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başladı. Aydındır ki, müharibə şəraitində olan dövlətlərlə digər inkişaf etmiş ölkələr ya kontrakt bağlamır, ya da kontrakt bağlayanda buna ehtiyatla yanaşır. Amma Azərbaycanla bu məsələyə gələndə dünyanın ən böyük dövlətləri heç bir tərəddüd etmədən beynəlxalq layihələrə qoşuldular. Ona görə ki, Ulu Öndər Heydər Əliyev həmin dövlətlərin başçılarını inandırmağı bacarmaşdı. İnandırmağı bacarmışdı ki, Azərbaycan 1993-cü ildən sonra Avropa və dünya iqtisadiyyatına inteqrasiya olunur. Bunun üçün isə çox böyük möhtəşəm və tarixi sənədlər imzalandı. Əsrin müqaviləsi onu deməyə əsas verdi ki, Azərbaycanla İngiltərənin məşhur şirkəti neft kontraktı imzaladı. Bu kontraktın imzalanması çox böyük tarixi hadisə idi. Əlbəttə, xarici düşmənlərimiz, xüsusən də Ermənistan və onun havadarları Azərbaycanın belə beynəlxalq layihələrdə iştirakına müsbət baxmırdılar. Daha doğrusu, onlar istəmirdilər ki, Azərbaycan iqtisadiyyatı inkişaf eləsin və dünya iqtisadiyyatına inteqrasiya olunsun. Çünki iqtisadiyyatı güclü olan dövlətin ağır və yüngül sənayesi və hərbi sahəsi də güclü olur. Bütün bunlar ona dəlalət edirdi ki, ölkəmizin sürətli iqtisadi irəliləyişləri çox böyük mənfəətlər əldə etməyə imkan verəcək. Ulu Öndər hakimiyyətə gələndə Azərbaycanın dövlət büdcəsində çox az məbləğdə valyuta vardı. Amma Ulu Öndərin hakimiyyətə keçəndən bir neçə il sonra dövlət büdcəsi milyardlarla ölçüldü. Bu isə o deməkdir ki, artıq Azərbaycan dünya iqtisadiyyatına keçid edib və öz mövqeyini, nüfuzunu daha da gücləndirib.
Aydındır ki, əldə edilən uğurlarla kifayətlənmək olmazdı. Və Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi-siyasi və hərbi gücünü görən inkişaf etmiş ölkələrin rəhbərlərinin məmləkətimizə maraqları daha da artdı. İngiltərənin, İtaliyanın, Türkiyənin, Rusiyanın, Macarıstanın, Bolqarıstanın, Almaniyanın, Amerikanın bir çox şirkətlərinin ölkəmizə olan maraqları bir qədər də yüksəldi. Çünki onlar gördülər ki, Azərbaycana yatırdıqları sərmayənin maya dəyərini çıxarıblar, indi də əlavə qazanc əldə edirlər.
İlk növbədə xarici dövlətlər, xüsusən də inkişaf etmiş xarici ölkələr o məmləkətlərə sərmayə qoyur ki, həmin yerlərdə sabitlikdir, iğtişaşlar yoxdur və onların yatırdıqları milyonlarla dollar təhlükəsiz dövr edəcək. Bu mənada ölkəmizdəki mövcud ictimai-siyasi durum və eləcə də ölkənin daxilindəki demokratik islahatlar onu deməyə əsas verirdi ki, bu maraq gündən-günə çoxalır. Heç şübhəsiz dünya iqtisadiyyatına inteqrasiya olunmaq yeni-yeni layihələrin gerçəkləşməsi üçün vacib şərtlərdən biridir. Bu vacib şərtləri Azərbaycan dövləti öncədən görürdü və onu da zaman-zaman həyata keçirirdi. Sadəcə olaraq, bəzi xarici və daxili qara qüvvələr buna bu və ya digər dərəcədə maneçilik törətmək istəyirdilər. Amma görünən odur ki, Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bütün maneələrə baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olundu, orda öz yerini tutdu və bir çox dövlətlərlə yeni möhtəşəm layihələr və kontraktlar bağlandı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə də bu siyasi və iqtisadi kurs uğurla davam etdirilir. İndi demək olar ki, əksər ölkələrin Azərbaycan iqtisadiyyatına maraqları daha da artıb. Çünki onlar gəlib görürlər ki, Azərbaycana qoyulan sərmayə bir neçə ildən sonra böyük xeyir gətirir. Və bu böyük xeyiri heç bir xarici dövlət əldən vermək istəmir və ölkəmizlə yeni-yeni kontraktlar, müqavilələr imzalayırlar. Son vaxtlar Türkiyə, Rusiya, Macarıstan, İsrail, Bolqarıstan, İtaliya ilə imzalanmış layihələr bunu deməyə əsas verir ki, hələ bizim ölkəmiz bundan sonra çox böyük iqtisadi göstəricilərə və uğurlara nail olacaqdır.
44 günlük böyük möhtəşəm qələbədən sonra birmənalı olaraq deyə bilərik ki, dünyanın Azərbaycan prezidenti İlham Əliyevə və ölkəmizə maraqları daha da artıb. Ən azından ona görə ki, onlar görürlər ki, Azərbaycan hansı iqtisadi sürətlə inkişaf edir, Avropaya və dünyaya inteqrasiya olunur. Belə olan halda aydındır ki, həmin ölkələrin də Azərbaycana maraqları durmadan artır, böyük layihələrini bizimlə birlikdə gerçəkləşdirmək istəyirlər.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.