01 Aprel 2025 12:24
248
MÜSAHİBƏ

Güldərən Vəli: “Atam dedi ki, insafın olsun, bunun yerinə un gətirərdim, kitab nədir?!” - MÜSAHİBƏ

İnsan taleləri müxtəlifdir. Enişli-yoxuşlu yol hamının həyatından keçir. Amma bu yolda kim necə səbr edir, kim necə dözür bu, artıq insanın iradəsinə bağlı olan məsələdir.Müsahibim Güldərən Vəli də taleyin bu enişli- yoxuşlu yolundan dözümlə keçən insanlardandır. Onun solmayan- saralmayan bir vətən həsrəti var- Göyçə həsrəti. Ata yurduna qayıdacağı günə çox inanır.

- Biz Güldərən Vəlini daha çox zəhmətkeş ana, sözün nazın çəkən insan kimi tanıyırıq. Tanımayanlar necə tanısınlar? 

-İstəyirəm ki, məni şeirlərimlə, hekayələrimlə tanısınlar.  Amma  onu da bilirəm ki,  fikrən insanı uzaqlara çəkib aparan bir şeir varsa, onun müəllifini də  tanımaq istəyirlər.  1959-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndində dünyaya gəlmişəm.  Yəqin həmkəndlilərim arasında da bu müsahibəni oxuyan tapılacaq. Onlar da təsdiq edər ki, yaxşı oxuyan şagird idim.  Hər iki nənəm dili bayatılı,  laylalı, oxşamalı idi.  Şeirin nə olduğunu bilmədiyim bir yaşda  hər gün şeir eşidirdim. Bir də gördüm,  özüm də  şeir  söyləyirəm, hekayə yazıram...  “Aşıq Pəri” məclisinin ilk üzvlərindənəm.   Ötən əsrin 80-ci illərində Gəncədə görkəmli yazıçımız Qərib Mehdinin rəhbərliyi ilə fəaliyyət göstərən “İlham” ədəbi birliyinin də üzvü olmuşam.  İlk kitabım isə bu il işıq üzü görüb. “Səsinə gələrəm” adlı şeirlər kitabım.  Məndən soruşanlar da tapıldı ki, “niyə belə gec?”  Mənsə, bu suala cavab vermirəm. Fikrimcə,  heç nəyə gecikmədim-Azərbaycanımıza, cəmiyyətimizə layiqli 4 övlad böyütdüm. Onların hamısı mənim  bir misramın, bir sətrimin qədrini bilirsə, xoşbəxtəm! 

-Kəndinizdə gəncliyiniz, gözəl çağlarınız qalıb. Ən çox hansı anda kəndiniz üçün darıxırsınız?

-Kəndimiz çox gözəl  idi. Dilimdə əzizləyəndə “Gül Dərə” deyirəm həmişə. Güllərin vurğunuyam. Harada gül görsəm, birini dərirəm, Gəncənin küçələri boyunca iyləyə-iyləyə gedirəm. O fərqli ətirlərdə belə, kəndimizi xatırlayıram. Xüsusən, Xınna dərəsini.  Yəqin tarixdən bilirsiniz,  tərəkəmələrik.  Yaz açılırdı ha, Xınnada  tərəkəmələrin yay komaları düzülürdü muncuq kimi.  Dərənin adı ona görə Xınna idi ki, başdan-başa lalələrlə örtülərdi.  Kəndimiz nağıl idi sanki; şahzadəsi yerində, sehirli pəriləri, insanı ilhamlandıran, coşduran bulaqları yerində...  Böyüklər danışardı ki, kəndimiz  kənd olmadan öncə Zodlu Səməd ağanın yaylaq yeri olub. .  Sonra kənd olub  oralar-tərəkəmələr oturaq həyata keçib. Səməd ağa bu gözəl Dərədə ailəsi üçün 3 otaq tikdirmişdi.  1988-ci ildə biz kənddən çıxanda o otaqlar yerində dururdu hələ.  Dənizin (Göyçə gölü) düz kənarında idi kəndimiz.   Uşaqkən qaçıb-qaçıb dənizə baxırdıq... Gəncliyimizdə onun ləpələrinin səsiylə xəyallarımızın qanad səslərini eyniləşdirirdik. İndi oralar necədir, o qurulu evlər dururmu, bilmirəm... Həmişə xəyalımda olduğu kimi canlandırırdım oraları. Vətən müharibəsi zamanı azad edilən kəndlərin videogörüntüləri verilirdi televizorda. İlahi, insan olan bir yurd yerinə elə insafsızlıq edərmi?  Bir salamat divar qoymamışdılar, bir bar verən ağac da qıymamışdılar ha  o cənnət kimi  yerlərə! Hərdən də fikirləşirəm, demək, düşmən özü də bilirdi ki, müvəqqətidir oralarda, ona görə abadlaşdırmadı, ayağını bərkitmədi oralarda.  O kadrları görəndən sonra kəndimiz neçə dəfə yuxuma  o cür girdi-dağıdılmış, yolları oyum-oyum, ağacları küskün-küskün... Sonra o yurd yerləri  dövlətimizin, xalqımızın əliylə  abadlaşdı, oralara həyat qayıtdı. Yenidən ürəyim sərinlədi. İnşallah, nə vaxtsa kəndimizə qayıdacağıq,  Göyçə mahalının Gül Dərəsini də beləcə gözəlləşdirəcəyik! 

- Qızınız Şəfa Vəli deyir ki, “Gəncə mənim İrəm bağım”. Bəs siz Gəncəni necə vəsf edirsiniz?

-Şəfa Gəncədə olanda, adətən,  kitab təqdimatlarına, şeir, söz ilə bağlı tədbirlərə birgə gedirdik. Bir dəfə gənc şairlərdən biri Şəfadan soruşdu: “Niyə bütün tədbirlərə ananla gedirsən ki?” Şəfa dedi: “Anam məndən böyük şairdir, ona görə!” Qızım olduğu üçün demirəm, Şəfa gözəl şairdir. Şeir kitabı-“Poçtalyona məktub” daim çantamdadır. Harda darıxsam, harda hisslərimdən çarmıxa çəkildiyimi  hiss etsəm, açıb oxuyuram.  Ona deyəndə ki, “niyə məni özündən böyük şair sayırsan?”, cavab verir, “ana həmişə qızından böyük olur!” Bu nüansı hələ heç bir müsahibədə qeyd etməmişəm. Sənə niyə deyirəm? Çünki sən Şəfanın şeirindəki o Gəncə xəttini görmüsən, ondan danışırsan. Sualına cavab olaraqsa deyim ki, Gəncəyə “İrəm bağım” deyəmmirəm. İrəm bağı nağıllarda vüsal bağıdır, sehirli bağdır, yəni mifik olaraq bənzərsizdir, hər yanı güllük-gülüstanlıq olan yerdir.  Amma Gəncə mənimçün həyatın özüdür-hər rəngiylə, hər hissiylə, yaxşı-pis, xeyir-şər naxışlarıyla... 

-O “hörüklü qız”dan ötrü darıxırsınız?

-Darıxmıram, amma tez-tez xatırlayıram. “İlham” ədəbi birliyinin üzvlərini gördükdə xatırlayıram, Gəncənin Cavadxan küçəsində Dədə Qəriblə (Qərib Mehdi) rastlaşanda xatırlayıram, hansısa qəzetdə, jurnalda şeirim, məqaləm çıxanda xatırlayıram.  Şəkillərdə isə o qız elə həmənkidir-dünənki mən... 

- Vətəniniz işğalda olduğu üçün şeirlərinizdə daha çox vətən həsrəti, torpağa bağlılıq hisləri ön plana çəkilib. Əgər ata yurdunuzda yaşasaydınız, hansı mövzuda şeir yazardınız?

-Həsrət olmazdı, çox güman. Vətənə bağlılıqsa yerində qalardı... Çox sevirəm yurdumu. Hər bulağına, hər daşına, hər döngəsinə yenə şeir yazardım, amma şövqlə, öyərək, öyünərək.  Şeirlərimə həsrəti tale yaraşdırdı deyək... 1988-ci ilin  28 noyabrında gecəylə çıxmışıq kəndimizdən.  Hər şeyimizi qoyduq gəldik-qurulu xanalarımızı, gəvə (xalça) xəritələrimizi,  yarımçıq toxunmuş kilim üçün seçdiyimiz alamuncuq yumaqlarını belə...  

- Qaçqın kitablarınızdan danışmaq istəmirsiniz? 

-Eh... Evimizdən gələn səkkiz qutu kitab oldu. Vəziyyətin pisləşdiyini eşidəndən yığıb hazır qoymuşdum. Lələmə (atama) dedim ki: “Bunlar ən qiymətli əşyalardı ha, imkanın olsa, bunları çıxart kənddən”. “20 kq-lıq yağ qutuları” deyirdik o qutulara, xatırlayanlar bilər.  Lələm də ayrı nəsə götürməyib evdən, elə o qutuları gətirib ki, qızımın qiymətliləridir. Qutuları Gəncədə açdıq. Poçt qəsəbəsində, qohumumuzun həyətində. Bir müddət ora sığınıb yaşadıq... Qutuları açanda az qaldı lələm infarkt keçirsin.  Mənə dedi: “İnsafın olsun, bunun yerinə un gətirərdim, kitab nədi?!” İllərlə  Göyçəmin qoxusunu aldım o kitablardan. Kimə oxumağa versəm, üstündə əsirdim, bərk-bərk tapşırardım ki: “Cırmayın ha! Oxuyub qurtaran kimi, qaytarın ha!”  Vətən müharibəsi vaxtı bir video çıxdı qabağıma, baxdım. Qapının ağzında əsgər çəkmələri vardı qalaq-qalaq. “O çəkmələr də əsgərlərin kitablarıdır,  onlar bu çəkmələrlə gerçək tarix yazdılar. Mənim kitablarım onların yanında nədir ki?” -deyə düşündüm. Payladım kitablarımı... İkicə kitab saxlamışdım özümdə-biri Bəxtiyar Vahabzadənin, biri Məmməd Arazın. İndi amma şəhidlərimizdən, qazilərimizdən bəhs edən kitabları yığıram yenə, oxuyuram. Oxuduqca ümidim birə min olur ki, Göyçəyə qayıdacağıq. Bu cür oğulları olan bir xalq daim başı uca olmaqda haqlıdır! 

-Güldərən xanım, tale susanda şeirləriniz danışır…?

-Şeirlər elə taleyin susmasına üsyandır.  Daş atılası deyil, yolu kəsiləsi deyil ha tale! Üzünə ağ olanı betərdən betər edir. Şeirlər, bir növ,  taleyi danışdırmaq, tale ilə, lap elə tale yazanla danışmaq cəhdidir… İndi deyəcəyim seirim kimi, uzun şeirdir sadəcə bir neçə bənd deyəcəm:

“Ay vətən oğlu”
 

Şəlalə dərədə düşübdü səsə,
Üzünə bir sərin dağ yeli əsə. 
Bu yerdə çiçəklər düşübdü bəhsə,
“Solmaz çiçəyi”ni çəməndə seçək. 

Güldərən, xəyalın yolları aşdı,
Fikrin ana yurdu yenə dolaşdı. 
Göyçəni tərk edib elləri, qaçdı,
Kaş “Göyçə gölü”ndə bir dəfə üzək. 

                                                    

Əntiqə KƏRİMZADƏ