adalet.az header logo
  • Bakı 16°C
11 May 2022 10:49
1220
ƏDƏBİYYAT

GÜLNAZ NAĞIZADƏ: TƏLƏBƏ – YAZIÇI

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi-bədii orqanı olan “Şəfəq” jurnalının 1-2/2022-ci il tarixli sayında tədqiqatçı-tarixçi olaraq Lənkəran şəhərindəki yerli əhəmiyyətli memarlıq abidəsi sayılan “Mirəhməd xanın evi” başlıqlı məqaləm də yer almışdır. Məqaləmin dərc olunması ilə əlaqədar jurnalın bölmədə keçiriləcək təqdimatına (23.04.2022) dəvətlilər sırasında mən də var idim. Saat 11.00-da başlanacaq tədbirə bir qədər erkən getdiyimdən bölmənin sədri yazıçı Qafar Cəfərli ilə salamlaşmaq üçün kabinetinə daxil olarkən orada əlində eyni kitabdan tutmuş tanımadığım üç nəfərin – bir gənc qız və təqribən 50-65 yaş aralığında olan iki kişinin olduğunu gördüm.

Qafar Cəfərli “Şəfəq” jurnalının yeni sayının işıq üzü görməsi münasibətilə müəllifləri təbrik etdikdən sonra tədbirdə Masallı rayonundan olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin II kurs tələbəsi, dedektiv mövzuda yazan və “Qordi düyünü” adlanan üçüncü kitabı ilə oxucuların görüşünə gələn gənc yazar Gülnaz Nağızadənin də iştirak etdiyini bildirəndə məlum oldu ki, tədbir öncəsi gördüyüm bu gənc qız gələcəyi böyük ümidlər vəd edən yazıçı, yanında olanlar isə atası və “Qordi düyünü” kitabının redaktoru şair Arif Fərzəli imiş.

Tədbirin sonunda Gülnaz Nağızadə “Qordi düyünü” kitabını iştirakçılara, o cümlədən mənə hədiyyə edərkən ondan Masallı rayonunun hansı yaşayış məntəqəsindən olduğunu soruşduqda-əslən Masallı rayonunun Yeyənkənd kəndindən olduğunu və Sumqayıtda yaşadığını bildirdi. Sumqayıtda yaşadığını bildirdikdə ilk olaraq böyük tənqidçi alimimiz, filologiya elmləri doktoru Vaqif Yusiflinin bir neçə il öncə Lənkəranda olarkən (30.07.2019) mənə bağışladığı və sevə-sevə oxuduğum “Sumqayıtda ədəbi həyat” kitabı göz önümə gəldi. Çünki həmin kitabda yazıçı olan bir məktəbli qız haqqında oxumuşdum. Buna görə də onun Gülnaz Nağızadə ola biləcəyini düşündüm.

Evə çatan kimi “Sumqayıtda ədəbi həyat” kitabını əlimə alıb, dərhal mündəricatına nəzər saldım. Fikrimdə yanılmamışdım, 2019-cu ildə işıq üzü görmüş bu kitabda haqqında bəhs olunan 50 şair və yazıçı arasında Sumqayıt şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, iki kitab müəllifi Gülnaz Nağızadə də var idi (səh. 321-324).

Gülnaz Nağızadə 2003-cü ildə anadan olub. “Xoşbəxtlik qapımı döyür” ilk kitabı (2017) 14, “Femidanın gözləri” (2018) kitabı isə 15 yaşında olarkən çap olunmuşdur.

Gənc yazıçının “Qordi düyünü” adlanan üçüncü kitabı isə 2022-ci ildə “CBS-PP” nəşriyyatında 1000 tirajla işıq üzü görmüşdür. Dedektiv roman olan “Qordi düyünü” əsərinin leytmotivini böyük bir şirkət sahibinin azyaşlı qızının qətlə yetririlməsi və sanki “Qordi düyünü” kimi düyünlənmiş bu qətl hadisəsinin üstünün hüquq-mühafizə orqanları tərəfindən ustalıqla açılması təşkil edir.

Əsəri böyük maraqla oxudum. Hər dəfə səhifədən-səhifəyə keçərkən onun 19 yaşlı bir yazar deyil, sanki məşhur bir yazıçı tərəfindən qələmə alındığını düşünürdüm.

Tələbə-yazıçı və “Qordi düyünü” romanı məndə xoş təəssürat oyatdığı üçün müəllif haqqında fikirlərimi yazıb, oxucularla bölüşmək qərarına gəldim.

Yazıçı Gülnaz Nağızadəni yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona can sağlığı, tələbəlik həyatında və ədəbi yaradıcılığında uğurlar arzulayıram!

İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü